CƏMİYYƏT 2019.12.16 14:31

Azərbaycan artıq demokratik seçki keçirmək ənənəsini formalaşdırıb, bu istiqamətdə güclü təcrübəyə malikdir- Müsahibə

219

Arzuman Abdulkərimov: “Nəzərə alsaq ki, müxalifət hakimiyyətə gəlmək istəyir və hakimiyyətə gəlməyin də yeganə yolu seçkilərdir, o zaman seçkilərdə iştirak etmək vacibdir, zəruridir”

“Əgər hər dəfə təyin edilən seçkilərdə bir bəhanə ilə iştirak etmirsənsə, deməli sənin məqsədin başqadır”

Ölkə iki mühüm seçki ərəfəsindədir. Bunlardan biri bələdiyyə, digəri növbədənkənar parlament seçkiləridir. Artıq bələdiyyə seçkilərinə bir neçə gün qalıb. Paralel olaraq növbədənkənar parlament seçkilərinə də start verilib. Bəs görəsən indiki vəziyyətdə hazırda ölkədəki ictimai-siyasi vəziyyət, eləcə də seçki mühiti necədir? Seçkilərdə iştirak etmək istəyən bütün namizədlərə bərabər imkanlar yaradılırmı? Bu və ya digər suallarla bağlı Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimovla söhbətləşdik. “OLAYLAR”-a verdiyi müsahibədə Arzuman Abdulkərimov parlament seçkilərində iştirakdan imtina edən bəzi siyasilərin əsl məqsədlərinin nədən ibarət olduğunu da açıqlayıb.

-Arzuman bəy, ölkə iki mühüm seçki ərəfəsindədir. Bunlardan biri bələdiyyə, digəri parlament seçkiləridir. Bu iki mühüm siyasi proses ərəfəsində ölkədəki ictimai-siyasi mühiti, xüsusilə də seçki mühitini necə dəyərləndirərdiniz?

-Sizin də qeyd etdiyiniz kimi ölkə iki mühüm seçki prosesi ərəfəsindədir. Artıq bələdiyyə seçkilərinə sayılı günlər qalıb. Eyni zamanda növbədənkənar parlament seçkilərinə də start verilib. Seçkiqabağı ölkədəki ictimai-siyasi mühit, xüsusilə də seçki mühitinə gəlincə, hesab edirəm ki, bu istiqamətlərdə vəziyyət kifayət qədər normaldır. Azərbaycanda uzun illərdir ki, ictimai-siyasi sabitlik qorunur, bu ictimai-siyasi sabitlik fonunda ölkə inkişaf, tərəqqi edir. Düzdür, bəzi hallarda müəyyən xarici dairələr, eləcə də onların Azərbaycandakı əlaltıları olan antimilli qüvvələr ölkədə ictimai-siyasi sabitliyi pozmağa, gərginlik, xaos yaratmağa çalışırlar. Ancaq sevindirici hal ondan ibarətdir ki, həmin antimilli qüvvələrin bu qeyri-qanuni və dövlətçilik əleyhinə yönəlmiş hərəkətlərinə, fəaliyyətlərinə Azərbaycan xalqı dəstək vermir, onlarla eyni sıranı bölüşmür. Eyni zamanda ölkənin hüquq-mühafizə orqanları da zamanında bu kimi qeyri-qanuni hərəkətlərin qarşısını alır, onları zərərsizləşdirirlər. O ki, qaldı seçki mühitinə, hesab edirəm ki, bu istiqamətdə də vəziyyət kifayət qədər normaldır. Azərbaycan dövləti, hakimiyyəti ölkədə azad, ədalətli, demokratik və şəffaf seçkilərin keçirilməsi üçün bütün zəruri addımları atıb, ortaya siyasi iradə qoyub. Bələdiyyə seçkilərində iştirak edən, namizədliyini irəli sürən,  qeydə alınanların sayına, onların siyasi mənsubiyyətinə diqqət etdikdə, aydın mənzərə ortaya çıxır. Bu onu deməyə əsas verir ki, ölkədə normal seçki mühiti mövcuddur. Eyni şeyi növbədənkənar parlament seçkiləri barədə də söyləmək olar. Bildiyiniz kimi mənim də təmsil olunduğum Ana Vətən Partiyası da növbədənkənar parlament seçkilərində iştirak etmək qərarı verib və artıq seçki hazırlıqlarına başlamışıq. Apardığımız müşahidələr və istər paytaxt, istərsə də yerlərdəki Dairə Seçki Komissiyalarına namizədlik üçün müraciət edən dostlarımızın verdikləri bilgilərdən aydın olur ki, istənilən vətəndaş seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq sərbəst şəkildə, heç bir maneçilik, əngəllə rastlaşmadan namizədliyini irəli sürə bilir. Bir çoxlarının  iddia etdiyinin əksinə olaraq hər bir namizəd üçün ilk mərhələdə bərabər imkanlar mövcuddur. Bir daha qeyd etdiyim kimi, kiməsə namizədliyini irəli sürmək üçün problem yaradılmır. Elə növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə müvafiq sərəncam imzalandığı gündən indiyə qədər namizədlikərini irəli sürmüş şəxslərin sayında da bunu aydın görmək mümkündür. 

-Bəs, belə bir normal seçki mühiti, azad, demokratik, şəffaf seçki prosesi getdiyi halda, bəzi siyasilərin seçkilərdə iştirak etməkdən imtinası nəylə bağlıdır? Həmin qüvvələrin seçkiqabağı mühitlə bağlı səsləndirdiyi iddialar nə dərəcədə mövcud reallığı əks etdirir?

-Sualınızın ikinci hissəsindən başlayaraq demək istərdim ki, növbədənkənar parlament seçkilərində iştirak etməkdən imtina edən siyasilərin seçkiqabağı mühitlə bağlı səsləndirdikləri iddiaların heç bir əsası yoxdur. Yuxarıda qeyd etdiyim kimi, ölkədə normal seçki mühiti mövcuddur. Hər bir vətəndaş seçki qanunvericiliyinin tələblərinə uyğun şəkildə, heç bir maneə ilə üzləşmədən öz namizədliyini irəli sürə, seçki prosesinə qoşula bilir. O ki, qaldı seçkidə iştirak etməməyin səbəbinə, səbəblər kifayət qədərdir və hər kəsə, bütövlükdə Azərbaycan cəmiyyətinə aydındır. Bu gün növbədənkənar parlament seçkilərində iştirak etməkdən imtina edən siyasi qüvvələr sırasında əsasən Milli Şura adlanan qurumun adı hallandırılır. Sözügedən qurum Əli Kərimli və onun 5-10 nəfər başının dəstəsindən ibarətdir. Cəmiyyətdə heç bir perspektivi, siyasi və sosial dayağı olmayan siyasi partiyaların, onların liderlərinin hər hansı bir seçkilərdə iştirak etməməsinin isə həmin seçkilərin nəticələrinə heç bir təsiri olmur. Bunun  yaxın keçmişimizdə dəfələrlə əyani şahidi olmuşuq. Hətta bu gün radikal siyasi düşərgədə təmsil olunan bir neçə siyasi partiyanın bundan əvvılki seçkilərdə belə iştirak etməməsi, cəmiyyəti səsvermədə iştirak etməməyə çağırması, mahiyyət etibarilə nəticəyə təsir göstərməyib. Azərbaycan cəmiyyəti, Azərbaycan xalqı seçkiləri boykot çağırışlarına qoşulmayaraq hər bir seçki prosesində fəal olub, səsvermə prosesində aktiv iştirak edərək öz istədiyi, layiq bildiyi namizədə etimad göstərib, ona səs verib. Onu da qeyd edim ki, son illərin təcrübəsi onu göstərir ki, dünya praktikasında belə artıq boykot kimi tendensiyaya nadir hallarda rast gəlinir. Ümumiyyətlə, son illərdə hər hansı bir ölkədə keçirilən bu və ya digər seçkidə hansısa bir partiyanın seçki mübarizəsindən imtina etdiyinin, boykot taktikasına əl atdığının şahidi olmuruq. Bu kimi tendensiyalar əsasən XX əsrin 90-cı illərinə, eləcə də həmin əsrin sonlarına xas olan xüsusiyyət idi. Ancaq görünən odur ki, Azərbaycanın radikal siyasi qanadı hələ də 90-cı illərin ab-havasından ayrılmayıb. Əks təqdridə onlar da hakimiyyətə gəlməyin yeganə vasitəsi hesab edilən seçkilərdə iştirak etmək barədə qərar qəbul edərdilər. Ancaq bir iki müxalif partiyası xaric olmaqla, biz radikalların belə bir qərar qəbul etdiyini görmədik. Hesab edirəm ki, bu da məğlubiyyəti əvvəlcədən görmək, seçkidə biabırçı məğlubiyyətlə üzləşməkdən xilas olmaq üçün atılmış bir addımdır.

-Ancaq onu da nəzərə almaq lazımdır ki, seçki mübarizəsinə qoşulmaq hər bir siyasi partiya və təşkilatın əsas vəzifəsi olmalıdır

-Təbii ki, bu belədir. İstənilən partiya ölkədə keçirilən bu və ya digər seçkilərdə iştirak etməlidir. Nəzərə alsaq ki, müxalifət hakimiyyətə gəlmək istəyir və hakimiyyətə gəlməyin də yeganə yolu seçkilərdir, o zaman seçkilərdə iştirak etmək vacibdir, zəruridir. Yox, əgər hər dəfə təyin edilən seçkilərdə bir bahanə ilə iştirak etmirsənsə, deməli sənin məqsədin başqadır. Hakimiyyətə gəlmək üçün siyasi mübarizə yolu deyil, başqa vasitələri üstün tutursan. Necə ki, cari ilin oktyabr ayında paytaxtda qarşıdurmaya yönəlik cəhdlər bunun əyani sübutu idi.

-Sizcə, növbədənkənar seçkilərdə iştirak etməkdən imtina edən Milli Şura adlanan qurumun bu addımı seçicilərin səsvermə günü o qədər də aktiv olmamasına, yaxud cəmiyyətin onlara dəstək nümayiş etdirməsinə gətirib çıxara bilərmi?

-Qətiyyən. Çünki qeyd etdiyim kimi Milli Şura adlanan qurum yalnız Əli Kərimli və onun ətrafında cəm olmuş 5-10 nəfərdən ibarətdir. Onların da Azərbaycan cəmiyyətində heç bir nüfuzu, sosial dayağı yoxdur. Digər tərəfdən diqqət etsək görərik ki, müxalifətin radikal qanadı kimi tanınan digər siyasi partiyalar da seçkilərdə iştirak barədə qərar qəbul ediblər. Baxmayaraq ki, həmin partiyalar dünənə qədər Milli Şurada təmsil olunur, Əli Kərimli ilə eyni sıranı bölüşürdülər. Bu da bir daha onu deməyə əsas verir ki, Əli Kərimlinin növbədənkənar parlament seçkilərində iştirak etməmək qərarını nəinki, Azərbaycan cəmiyyəti, heç eyni düşərgənin siyasiləri də dəstəkləmirlər.  Kərimli və onun tərəfdarlarının Azərbaycan cəmiyyəti tərəfindən dəstəklənməməsini Milli Şura adlanan qurumun keçirdiyi etiraz aksiyalarından da aydın görmək mümkündür.  Ona görə də bir daha qeyd edirəm ki, Kərimli və onun tərəfdarlarının seçkilərdə iştirak edib-etməməsi heç nəyi dəyişməyəcək. Azərbaycan xalqı, Azərbaycan seçicisi fevral ayının 9-da seçki məntəqələrinə gələrək öz səsvermə hüququndan istifadə edəcək, layiq bildiyi şəxsi parlamentə seçəcək.  

-Yeni qanunverici orqandan gözləntiləriniz nədən ibarətdir?

-Fevralın 9-da baş tutacaq seçkilər nəticəsində formalaşacaq yeni qanunverici orqandan gözləntilərim çoxdur. Hesab edirəm ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi kadr islahatları nəticəsində gəncləri irəli çəkməsi, onlara yüksək postları etibar etməsindən çıxış edən Azərbaycan cəmiyyəti də daha gənc, daha perspektivli şəxslərin qanunverici orqanda təmsil olunmasına səs verəcək, onları parlamentə seçəcək. Nəticə etibarilə, Azərbaycan parlamentində yeni bir canlanma, yeni bir nəfəs yaranacaq. Bununla da ölkədə Cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlara qanunverici orqan səviyyəsində də dəstək veriləcək.

-Arzuman bəy, son olaraq münasibətinizi bilmək istərdim, seçkiiqabağı mühit onu deməyə əsas verirmi ki, 9 fevral parlament seçkiləri də azad və demokratik, ədalətli şəkildə baş tutacaq?

-Əlbəttə. Buna heç kimin şübhəsi olmasın. Azərbaycan artıq demokratik seçki keçirmək ənənəsini formalaşdırıb, bu istiqamətdə güclü təcrübəyə malikdir. Bundan əvvəl keçirilən bütün seçkilər kimi istər dekabrın 23-də baş tutacaq bələdiyyə, istərsə də 2020-ci il, fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri asad və demokratik, şəffaf şəkildə baş tutacaq və Azərbaycan bir daha dünyaya demokratik seçki keçirmək nümunəsini təqdim edəcək. Yeri gəlmişkən, seçki mübarizəsinə qoşulan hər bir kəsə uğurlar arzu edir, daha layiqli şəxsin seçkidə qalib gəlməsini arzulayıram.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı