Azərbaycan boksçusu Avropa çempionu olub

Rusiyanın Vladiqafqaz şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında keçirilən Avropa çempionatına yekun vurulub. SİA-nın məlumatına görə, yarışın son günü Azərbaycan millisinin lideri Məhəmməd Abdullayev final döyüşünə çıxıb.

+91 kq çəki dərəcəsində qüvvəsini sınayan boksçumuz həlledici görüşdə almaniyalı Viktor Yurkla üz-üzə gəlib. Döyüş təmsilçimizin aşkar üstünlüyü ilə keçib. M.Abdullayev 5:0 (30:27, 29:28, 30:27, 30:27, 29628) hesabı ilə qalib gələrək, Avropa çempionu tituluna yiyələnib.

Beləliklə, Azərbaycan millisi qitə birinciliyini 1 qızıl və 2 bürünc medalla başa vurub. M.Abdullayevdən öncə Rüfət Hüseynov (49 kq) və Cəbrayıl Yelekov (81 kq) 3-cü yeri tutub.

Kişilərdən ibarət yığmamız komanda hesabında 38 ölkə arasında 4-cü nəticəni göstərib. Yarışda qızıl medallar da məhz 4 millinin hesabındadır. Rusiya boksçuları 7 dəfə (7-0-0) çempionluq sevinci yaşadıqları halda, digər 3 ən yüksək əyarlı mükafat Bolqarıstan (1-1-0), Ukrayna (1-0-3) və Azərbaycan (1-0-2) idmançılarının payına düşüb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here