Azərbaycan brendi ilə xarici bazarlara çıxarılacaq qeyri-neft sektoru məhsullarının artırılması imkanları

Azərbaycanda son dövrdə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi üçün geniş həcmli tədbirlər görülüb, dövlətin bu sahədə iqtisadi siyasəti gücləndirilib, çoxlu sayda fərman və sərəncamları verilib, dövlət proqramları, strategiya və konsepsiyalar qəbul edilərək reallaşdırılıb. Xüsusi olaraq Prezident İlham Əliyevin 2016-cı il 16 mart tarixli Sərəncamı ilə təsdiq edilən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” ölkəmizdə qeyri-neft sektorunun inkişafında müstəsna rol oynayan strateji sənəddir. Bu strategiya Azərbaycanda qeyri-neft sektorunun mövcud durumunu, inkişaf potensialını, qeyri-neft sektorunun inkişafında hökumətin rolunu, maraqlı tərəflər arasında potensial əməkdaşlıq formalarını, bu əməkdaşlığın uğurla həyata keçirilməsi metodlarını və bir sıra digər mühüm inkişaf istiqamətlərini əks etdirən çox vacib sənəddir.

Bunu  Əməkdar Elm Xadımı, iqtisad elmləri doktoru, professor Arif Şəkərəliyev bildirib.

Alim deyib ki, hazırda qeyri-neft sektorunun inkişaf etdirilməsi üzrə bir qrup dövlət dəstəyi mexanizmləri işlənib hazırlanb və reallaşdırılıb. Belə ki, regionların inkişafı, kənd təsərrüfatı məhsulları istehsalçılarının dəstəklənməsi məqsədilə iri infrastruktur layihələri həyata keçirilib, lizinq yolu ilə texniki təminat təşkil edilib, gübrələrlə təchizat sistemi yaradılıb, inşaat, turizm, informasiya texnologiyaları, anbarlar istifadəyə verilib, yollar çəkilib, modern müəssisələr istismara verilib, biznes layihələri üzrə güzəştli kreditlər ayrılıb və s. stimullaşdırıcı tədbirlər görülüb. Bütün bunlara baxmayaraq, qeyri-neft sektoru hələlik davamlı və yüksək artım sürəti toplaya bilməyib, ölkənin neftdən asılılığının əhəmiyyətli azaldılmasını təmin etməyib və rəqabətqabiliyyətliliyi baxımından mövcud problemləri tam həll edə bilməyib.

Ölkə Prezidenti aprelin 17-də Yevlax şəhərində qeyri-neft ixracatçılarının respublika müşavirəsində yeni iqtisadi modelin əsas hədəflərini açıqlayıb.

Azərbaycanın beynəlxalq miqyaslı ən mühüm və strateji vəzifələrindən biri də xarici ticarət dövriyyəsinin diversifikasiyalaşdırılmasıdır. Ölkə ixracının quruluşunda rəqabətqabiliyyətli ixrac məhsullarının çeşidinin məhdudluğu ciddi problem olaraq qalmaqdadır. Belə ki, hazırda qeyri-neft məhsulları ixrac edən 60-dan çox şirkətin 450-dək çeşiddə şərab, meyvə tərəvəz, çay, şirələr, mineral sular, tekstil və digər məhsulları dünya bazarlarına çıxarılır.

Bundan başqa bir çox ənənəvi sənaye sahələrinin ixrac potensialından (kimya, neft və neftkimya maşınqayırması, metallurgiya və s.) zəif istifadə olunması davam edir. Güclü ixrac potensialına və bu sahədə beynəlxalq müqayisəli üstünlük komponentlərinə malik olan bir sıra kənd təsərrüfatı və aqrosektor məhsullarının ixrac potensialının cüzi bir hissəsi dövriyyədədir (təzə tərəvəz və meyvələr, üzüm şərabı, bitki yağları və s). Ölkənin qeyri-neft sektorunun ixrac potensialının ümumi vəziyyəti ilə onun mövcud potensialı arasında xeyli fərq qalmaqdadır. Bu sahənin inkişafının sürətləndirilməsi, ixracın tənzimlənməsi, stimullaşdırılması tədbirlərinin, dövlət dəstəyi mexanizmlərinin mövcudluğuna baxmayaraq, bu işlərin səmərəliliyi aşağıdır və s.

Prezident İlham Əliyev göstərir ki, qeyri-neft sektorunun ixrac potensialının artırılması üçün, ilk növbədə, milli iqtisadiyyatın özünün diversifikasiyalaşdırılması və modernləşdirilməsi prosesləri başa çatdırılmalı, innovasiyalaşdırılması sürətləndirilməlidir. Bundan əlavə, qeyri-neft sektorunun ölkənin təbii resursları və iqtisadi amilləri nəzərə alınmaqla, dərindən tədqiq edilməsi, onun potensialının obyektiv qiymətləndirilməsi zərurəti diqqəti cəlb edir.

Azərbaycanın qeyri-neft sektorunun inkişaf meyilləri, onun ixrac potensialından istifadənin tənzimlənməsi problemləri, xarici ticarətin strukturunun diversifikasiyalaşdırılması, ixracın, xüsusilə, qeyri-neft ixracının stimullaşdırıması, ixrac əməliyyatlarının sadələşdirilməsi, genişləndirilməsi, bu sahəyə investisiyaların cəlb edilməsi ilə sıx bağlıdır.

Hazırda dünyada olan qabaqcıl təcrübə öyrənilir, respublikamızda investisiyanın və ixracın təşkili sistemləri tətbiq edilməyə başlanılıb. Prezident İlham Əliyevin investisiyaların tətbiqi, sənayenin inkişafı, ixracın stimullaşdırılması ilə bağlı müvafiq Fərmanı ”Vergi” və “Gömrük” məcəlləsində dəyişikliklərə, güzəştlərə səbəb olub. Belə ki, sahibkarlar ƏDV, əmlak vergisi, torpaq vergisindən yeddi il azad ediliblər. Mənfəətin 50 faizi yeddi il müddətinə vergidən azad edilib. Bu isə sahibkarlarda ixracı artırmaq üçün stimul yaradıb.

Azərbaycanda qeyri-neft sektorunun müasir vəziyyəti bu sahənin diversifikasiyalaşdırılmasının intensivləşdirilməsi ilə xarakterizə edilsə də, təəssüf ki, bu proseslər sektorun potensialının cüzi bir hissəsi kimi çıxış edir. Qeyri-neft sektorunun ölkə ümumi daxili məhsulundakı (ÜDM) və digər makroiqtisadi göstəricilərdə artım dinamikasının intensivləşdirilməsi üçün, ilk növbədə, bu sahənin ixrac potensialının genişləndirilməsi zəruridir. Buna görə də yerli sahibkarlar güzəştli kreditlər, metodik tövsiyələrdən, infrastruktur layihələrindən səmərəli istifadə etməlidirlər.

Hazırda ölkəmizdə qeyri-neft sektorunda istehsal edilən bəzi məhsullar dünyanın bir sıra ölkələrinə ixrac edilir. Respublikamızdan ixrac edilən məhsullar alıcıların geniş marağına səbəb olub. Belə ki, artıq gələcəkdə “Made in Azerbaijan” adı altında istehsal və ixrac olunan məhsullar dünya bazarında layiqli yerini tutacaq. Məhz buna görə də respublikada ayrı-ayrı qeyri neft sektoru sahələrinin ciddi potensiala malik ixracyönümlü məhsulların istehsalının təşkili və xarici bazarlara çıxarılması məsələləri diqqətlə öyrənilməli, dünya təcrübəsinin tətbiqinə geniş yer verilməli, milli iqtisadiyyatın inkişaf xüsusiyyətləri nəzərə alınmalı, ölkənin xarici ticarət konsepsiyasının daha işlək, səmərəli fəaliyyət mexanizmləri hazırlanmalı və həyata keçirilməlidir.

Bu məqsədlə xarici ölkələrdən ixrac ediləcək məhsullara sifarişlərin qəbul edilməsi ilə bağlı “Azeksport” portalı fəaliyyət göstərir. Bu isə Azərbaycan məhsullarını dünya ölkələrinə tanıtdırmaqda mühüm rol oynayır.

Hazırda Azərbaycan brendi ilə “Gilan construction materials” qrupunun, “AzNar” konserninin, Azərbaycan şərabları, konservləri, balıq kürüsü, qoz, fındıq, çay, şirniyyat məhsulları xarici ölkələrə ixrac edilir. Gələcəkdə xarici ölkələrin həmin məhsullara tələbatı bu çeşidin daha da çoxaldılmasına səbəb olacaq.

Ölkəmizdə bir çox rəqabətqabiliyyətli kənd təsərrüfatı və aqrar sektor məhsullarının artırılması potensialından zəif istifadə olunur. Azərbaycanda yetişdirilməsi, saxlanılması və ixracı üçün hazırda münbit şəraiti olan bir qrup kənd təsərrüfatı və aqrar sektor məhsullarının (təzə tərəvəz, təzə meyvə, kartof, pambıq, çay, piylər və yağlar, üzüm şərabı, bitki yağları və s.) ixrac həcminin artırılması potensialından zəif istifadəni qeyd etmək olar. Məhz buna görə də bu sahədə ixrac potensialının daha obyektiv qiymətləndirilməsi və səmərəli ixrac istiqamətlərinin müəyyənləşdirilməsi problemləri həll edilməlidir.

Ölkədə kənd təsərrüfatının daha da inkişaf etdirilməsi məqsədilə 150 min hektar torpaq sahəsinin dövriyyəyə cəlb edilməsi, 32 aqroparka, o cümlədən 12 heyvandarlıq kompleksinə, 20 iri bitkiçilik kompleksinə 1,2 milyard manat investisiya qoyulub. Bütün bunlar isə son dövrdə bəhrəsini verir.

Ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı məsələləri “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”ndə özünün geniş izahını tapıb. Burada göstərilir ki, adambaşına qeyri-neft ixracı 2025-ci ildə 450 ABŞ dolları təşkil edəcək. Bu isə üç dəfə artım deməkdir. Belə ki, dövlət başçısı ölkədə kiçik və orta sahibkarlığı inkişaf etdirmək üçün Prezidentin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə üç milyon manat vəsait ayırıb. Bu vəsait ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı üçün maliyyə dəstəyi rolunu oynayır.

Hazırda Azərbaycan məhsullarının xarici ölkə bazarlarına çıxarılması üçün reklam, marketinq məsələlərinə xüsusi diqqət yetirilir. “Made in Azerbaijan” brendinin xarici bazarlarda təbliğinə, yeni məsələlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər olmasına, sərgilərin təşkili, ixracla əlaqəli çəkilən xərclərin dövlət büdcəsindən ödənilməsi nəzərdə tutulur. Bu işlər Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AzPROMO) həvalə edilib. Bu işdə məhsulların beynəlxalq sərgi və yarmarkalarının təşkili, KİV-lərdə reklamların aparılması olduqca vacibdir. Bundan əlavə Azərbaycan məhsullarının xarici ölkələrin mağaza şəbəkələrinə və rüsumsuz ticarət mağazalarına çıxışını təmin etmək üçün vəsaitlər dövlət büdcəsindən maliyyələşdirilir. Hazırda qarşıda qoyulan əsas vəzifə qlobal iqtisadi mühitdə xam neft, təbii qaz ixracının verdiyi maliyyə imkanlarından bəhrələnərək, geniş çeşidli, dayanıqlılıq və rəqabətqabiliyyətlilik meyarlarına söykənmiş qeyri-neft malları ixracı potensialının yaradılmasıdır. Başqa sözlə, “ixrac strategiyasının qurulması zamanı karbohidrogen və qeyri-karbohidrogen ixracının optimal tarazlaşdırılması vacib şərtdir” prinsipi nəzərə alınmalıdır. Bu məqsədlə, Azərbaycanın qeyri-neft sektorunun ixrac potensialının genişləndirilməsi yollarının çoxvektorluluğu əsas prioritet kimi götürülməlidir.

Həhayət, göstərilən problemləri həll etmək üçün ixracyönümlü müəssisələrin yaradılmasının dəstəklənməsi, prioritet ixrac bazarlarında ticarət evlərinin açılması və ticarət nümayəndələrinin təyin olunması, ixrac prosedurlarının daha da sadələşdirilməsi, Azərbaycanda istehsal olunan məhsullara verilən sertifikatların xarici ölkələrdə tanınması, ixrac məhsullarında keyfiyyət, qablaşdırma və etiketlənmə sahəsində beynəlxalq standartların tətbiqi, ixrac üzrə mütəxəssislərin hazırlanması məsələləri davam etdiriləcək. Bütün bunlar isə sonda ölkə əhalisinin məşğulluğunun təmin edilməsi və maddi rifahının yaxşılaşmasına səbəb olacaq.

Azertac

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here