RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

“Azərbaycan gənci kifayət qədər vətənpərvər və milli mənlik şüuru formalaşmış bir durumdadır”

391

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi, onların vətənpərvər ruhda tərbiyə olunması istiqamətində gənclər təşkilatlarının da üzərinə böyük vəzifə düşür. Bu gün ölkədə fəaliyyət göstərən əksəriyyət gənclər təşkilatı məhz bu istiqamətlərə ciddi diqqət yetirir. Belə təşkilatlardan biri də “Müasir İnkişaf” İctimai Birliyidir. İctimai Birliyin İdarə Heyətinin sədri Mübariz Göyüşlü ilə söhbətimizdə gənclərin vətənpərvərlik hisslərinin artırılması istiqamətində görülən işlər, bu sahədə mövcud olan vəziyyət və rəhbərlik etdiyi təşkilatın gördüyü işlərdən danışdıq.

-Mübariz bəy, gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onların vətənpərvərlik ruhunun artırılması istiqamətində hansı zəruri addımların atılmasını vacib hesab edərsiniz?

-Bu istiqamətdə ölkəmizdə bir sıra kompleks tədbirlər həyata keçirilir. Həm dövlət orqanları, həm ictimai təşkilatlar, həm də mətbuat orqanları, televiziyalar və s. Bununla bağlı çoxsaylı tədbirlər, görüşlər, müzakirələr təşkil edirlər. Mən bütün bunların hamısını təqdir edirəm. Lakin bu elə bir mövzudur ki, bu istiqamətdə nə qədər çox çalışmalar olarsa o qədər də faydalı olacaqdır. Çünki ölkəmiz müharibə şəraitindədir, torpaqlarımızın 20 faizi işğal olunub, çox sayda insanımız yurd-yuvalarından qovulubdur. Azərbaycan təcavüzə məruz qalmış bir ölkədir. Belə bir şəraitdə biz gənclərimizin milli mənlik şüurunun inkişaf etdirilməsinə, onların vətənpərvərlik ruhunun artırılmasına çox əmək sərf etməliyik. Bilirsiniz vətənpərvərlik məsələsi elədir ki, bu istiqamətdə çalışmaları lap uşaq yaşlarından başlayıb, daha sonra yeniyetməlik yaşlarında və gənclik illərində daha da güclü bir şəkildə davam etdirmək lazımdır. Bu baxımdan hesab edirəm ki, işə bağçadan başlamaq lazımdır. Daha sonra bu prosesi orta məktəbdə və ali məktəbdə gücləndirmək lazımdır. Bu fəaliyyət zamanı ailədəki tərbiyənin də mühüm rolu var. Bağçadakı, orta məktəbdəki və ali məktəbdəki fəaliyyətlər ailənin vasitəsilə daha da gücləndirilməlidir. Ailə və təhsil müəssisəsi arasında bu məsələdə qarşılıqlı çalışmalar, birgə koordinasiya olmalıdır. Belə bir məqamda göründüyü kimi iş təhsilə gəlib çıxır. Buna görə də orta məktəb dərsliklərimizdə vətənpərvərlik, milli mənlik şüurunu inkişaf etdirib gücləndirə biləcək məqamlara qarşı daha diqqətli olmalıyıq. Dərsliklərimizin hazırlanması, orada əks olunacaq faktlar və digər məqamlara çox ciddi yanaşılmalı, bununla bağlı kompleks tədbirlər həyata keçirilməlidir. Mən bu istiqamətdə Təhsil Nazirliyinin gördüyü işləri, bir sıra ali məktəblərin, xüsusilə Bakı Dövlət Universitetinin fəaliyyətini dəstəkləyirəm və hesab edirəm ki, bütün bunlar çox doğru addımlardır. Lakin biz bunlarla kifayətlənməməliyik, mövcud olan şəraitdən yararlanaraq işlərimizi daha da genişləndirməliyik. Gənclərimizin beynini formalaşdıracaq dərsliklər son dərəcədə mükəmməl bir şəkildə hazırlanmalı, keçirilən tədbirlərin effektivliyini daha da artırmalıyıq. Bu olduqdan sonra dövlət və ictimai təşkilatların həyata keçirdikləri çoxsaylı tədbirlər də öz real nəticəsini daha çox verəcəkdir. Burada haşiyə çıxaraq bir məqamı da qeyd etmək istəyirəm ki, biz bu məsələlərdə qardaş Türkiyənin təşkilatlarının gördükləri işləri örnək almalıyıq.

– Ümumiyyətlə, bu gün Azərbaycan gənci nə dərəcədə vətənpərvərdir və gənclərin vətənpərvərliyi qaneedici səviyyədə sayıla bilərmi?

  • Hesab edirəm ki, bu sualdan əvvəl biz bu gənclərin vətənpərvər olması üçün hansı çalışmaları həyata keçirdiyimizi araşdırıb ondan sonra bu mövzuya toxunmalıyıq. Hazırda bununla əlaqədar yuxarıda qeyd etdiyim kimi çoxsaylı tədbirlər həyata keçirilir. Düzdür bəzən bu tədbirlərin koordinasiyasız reallaşdırılması təsəvvürü yaranır. Lakin ümumilikdə götürdükdə bu tədbirlərin keçirilməsi, onların mövcudluğu çox müsbətdir. Bütün bunların fonunda hesab edirəm ki, hazırda Azərbaycan gənci kifayət qədər vətənpərvər və milli mənlik şüuru formalaşmış bir durumdadır. Bundan sonrakı çalışmalarımızda vətənpərvərliklə bağlı fəaliyyətlərin daha da koordinasiya olunmuş, sistemli bir şəkildə keçirilməsinə, daha çox nəticə əldə olunmasına çalışmağımız lazımdır. Əsas diqqəti yenə də dərsliklərin üzərinə yönəltməyimiz lazımdır. Dərsliklər bu məsələdə strateji məqamdır.

-Rəhbəri olduğunuz təşkilat gənclərin vətənpərvərlik hisslərinin artırılması, onların bu ruhda tərbiyəsi istiqamətində hansı addımlar atır, layihələr həyata keçirir?

  • Məlumat üçün deyim ki, bu il iyun ayının 5-də təşkilatımızın yaradılmasının 10 ili tamam olur. Fəaliyyət göstərdiyi 10 illik müddət ərzində bizim təşkilat milli-mənəvi dəyərlərə, vətənpərvərlik, dövlətçilik məsələlərinə diqqətlə yanaşan bir qurum olub və bundan sonra da bu xətt davam edəcəkdir. Bu istiqamətə daha çox diqqət ayırdığımız üçündür ki, beynəlxalq fondlar bizimlə əməkdaşlıqda maraqlı olmayıblar. İlk qrantımızı da məhz bu mövzu ilə bağlı 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasından alaraq vətənpərvərlik mövzusunda layihə həyata keçirmişik. Buna görə də Şuarının sədri, millət vəkili Azay Quliyevə minnətdarlığımı bildirirəm. Layihənin yekunu olaraq vətənpərvərlik mövzusunda kompleks tədbirlər planını özündə əks etdirən konsepsiya hazırlayıb bütün müvafiq qurumlara göndərdik. 2011-ci ildə orta məktəb tarix dərsliklərilə bağlı məsələdə layihə həyata keçirdik, monitorinq nəticələrini müvafiq qurumlara göndərdik, 2013-cü ildə isə milli ideologiya mövzusunda layihə həyata keçirib yekun konsepsiyanı müvafiq təşkilatlara çatdırdıq. 2013-cü ildə eyni zamanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Azərbaycan Milli Kimliyi” kitabını hazırlayıb təqdim etdik. Biz işimizi bu layihələrlə və təkliflərlə bitirmədik, orada əks olunan məqamları təbliğ etdik, bununla bağlı gənclərlə, ziyalılarla çoxsaylı tədbirlər və müzakirələr təşkil etdik. Hazırda da bu fəaliyyətimiz davam edir. Həm dialoq.info saytımız, həm 14-cü sayı yenicə çapdan çıxmış “Türk Eli” jurnalımız, həm də bir yaşını yenicə tamamlamış və tələbələrin ixtiyarında olan “Bakı Türk Evi” vasitəsiylə davam etdiririk.

-Ümumiyyətlə, gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsində gənclər təşkilatlarının rolu nə dərəcədədir və gənclər təşkilatları bu istiqamətə kifayət qədər diqqət ayırırlarmı?

-Gənclər təşkilatları bu istiqamətdə çox fayda verə bilərlər. Hesab edirəm ki, onların da çalışmaları qaneedicidir. Gənclər təşkilatlarımızın əksəriyyəti vətənpərvərlik təbliğatı istiqamətində çoxsaylı layihələr, tədbirlər, görüşlər həyata keçirirlər. Onların bu fəaliyyətlərini dəstəkləyirəm. Bundan sonra da bu istiqamətdə çalışmaları davam etdirmələrini və daha da gücləndirməyi tövsiyyə edirəm. Çünki torpaqları işğal olan bir ölkədə gənclərin bu sahəyə daha çox diqqət ayrırmaları vacibdir.

– Orta məktəblərdə bu istiqamətdə aparılan iş qaneedici sayıla bilərmi?

-Məncə bu məsələni də müsbət qiymətləndirə bilərik. Amma bununla kifayətlənməməliyik. Həm məzmunda, həm də formada ciddi dəyişikliklər etməli, işlərimizi gənclərin tələbatına cavab verən bir şəkildə təşkil etməyə çalışmalıyıq. Standart və formal tədbirlərdən daha çox auditoriyaya təsir edən, gənclərin beynində uzun müddətə özünə yer edə biləcək tədbirlərin keçirilməsinə, dərslərin, dərsliklərin bu formada təşkilinə çalışmalıyıq. Mən müasir dövrdə bu istiqamətdə olan işləri də təqdirəlayiq hesab edirəm və düşünürəm ki, getdikcə biz daha yaxşı nəticələrin şahidi olacağıq.

-Bu gün yazıçılarımız, publisistlərimiz vətənpərvərlik mövzusunda əsərlərə nə dərəcədə üstünlük verirlər?

-Mən müasir dövrdə yazıçılarımızın, publisistlərimizin, şairlərimizin də vətənpərvərliklə bağlı əsərlərini, kitablarını qaneedici sayıram. Düzdür heç də onların hamısı müsbət deyil, müasir tələblərə və standartlara cavab verməyənləri də var. Amma ümumilikdə götürdükdə müsbət məqamlar da çoxdur. Belə nümunələrin sayının artmasına, bu cür ziyalılarımızla gənclərimizin, xüsusilə hərbi xidmətdə olan gənclərimizin görüşlərinin tez-tez təşkil edilməsi lazımdır.

-Bəs televiziya kanalları, eləcə də KİV-lər bu məsələyə nə dərəcədə həssas yanaşır və vətənpərvərlik mövzularını geniş təbliğ edirlər?

-Bu istiqamətdə diqqətimizi daha çox artırmalıyıq. KİV, xususilə televiziyalarımız buna daha çox həssas yanaşmalıdırlar. Mən anlayıram ki, özəl televiziyaların öz siyasəti var, onlar reklam bazarı uğrunda mübarizə aparırlar və bu çox ciddi məqamdır. Amma vətənpərvərlik təbliğatı da bundan heç də az önəmli deyil. Çünki əgər biz yalnız pul dalınca qaçsaq sonda pulu qazandığımız zaman daha ciddi məqamları, fürsətləri əldən qaçıdrdığımızı görəcəyik. Belə ciddi məqamlardan biri də gənclərin vətənpərvər ruhda tərbiyəsidir. Ona görə də imkan olduqca və hər fürsətdəcə mətbuatın, televiziyanın bu məsələyə daha çox vaxt ayırması lazımdır.

-Ali Baş Komandan, prezident İlham Əliyevin müntəzəm olaraq cəbhə xəttinə səfər etməsi, əsgər və zabitlərə xüsusi diqqət yetirməsi, eləcə də hərbi təlimləri müşahidə etməsi gənclərin vətənpərvərlik hisslərinin artırılmasına nə dərəcədə müsbət təsir göstərir?

-Bu məsələnin çox böyük psixoloji əhəmiyyəti var. Əsgər və zabitlərin ali baş komandanı cəbhə xəttində görmələri onlara böyük ruh yüksəkliyi verir. Mən bunu prezident İlham Əliyevin orduya xüsusi diqqəti və qayğısı kimi qiymətləndirirəm. Müharibə şəraitində olan bir ordunun ali baş komandanının hərbçilərimizlə əyani şəkildə görüşməsi hərbçilərimizdə, eyni zamanda xalqımızda dövlətə, orduya olan inamı daha da artırır. Dövlət başçısının hərbçilərlə görüşü zamanı etdiyi çıxışlar onları daha da ruhlandırır. Bu səfərlər eyni zamanda ordu rəhbərliyinin məsuliyyətini daha da artıran məqamlardandır. Onlar ali baş komandanın birbaşa diqqətini gördükcə məsuliyyətlərini daha da artırırlar. Bütün bunlar hamısı son dövtlər ordumuzun cəbhə xəttində düşmənin təxribatlarına layiqli şəkildə cavab verməsində də özünü bariz şəkildə göstərir. Dövlət başçısını cəbhədə görən hərbiçilərimiz daha da ruhlanırlar. Bu siyasət davam edəcək, düşmənlərimiz bundan sonra da layiqli cəzalarını alacaqlar. Mən hesab edirəm ki, tezliklə biz işğal olunmuş torpaqlarımızı azad edəcəyik, torpaqlarından didərgin düşən vətəndaşlarımız da öz evlərinə dönəcəklər.

“Olaylar” qəzeti, 7 may 2015-ci il

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı