“AZƏRBAYCAN GƏNCLİYİ DAHA YAXŞI GƏLƏCƏK UĞRUNDA FƏALİYYƏTDƏ” ADLI LAYİHƏNİN YEKUN KONFRANSI

“AZƏRBAYCAN GƏNCLİYİ DAHA YAXŞI GƏLƏCƏK UĞRUNDA FƏALİYYƏTDƏ” ADLI LAYİHƏNİN YEKUN KONFRANSI

Hörmətli gənclər təşkilatlarının rəhbərləri, fəalları və gənclər,

Sizi, 22 sentyabr 2015-ci il tarixində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və BMT-nin Əhali Fondu ilə birgə həyata keçirilən “Azərbaycan Gəncliyi Daha Yaxşı Gələcək uğrunda Fəaliyyətdə” adlı  layihənin  Yekun Konfransında iştirak etməyə dəvət edirik.

Yekun konfrans çərçivəsində rəsmi qonaqların açılış hissəsindəki çıxışlarının ardından konfransda regionlarda keçirilən təlimlər zamanı iştirakçılardan toplanılan rəylər əsasında hazırlanılmış “Azərbaycan Gəncliyi Daha Yaxşı Gələcək uğrunda Fəaliyyətdə” bəyannaməsi tədbir  iştirakçılarına  təqdim edilərək  layihənin yekunlarına dair  hesabat veriləcək.

Layihənin yekun konfransında yüz əlliyə yaxın gənc, gənclər təşkilatlarının nümayəndələri, eləcə də dövlət rəsmiləri və mətbuat nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Məlumat üçün qeyd edək ki, layihənin əsas məqsədi gənclərin potensialını üzə çıxararaq onların ehtiyaclarının yetkinlik dövründə təhlükəsiz, sağlam və uğurlu keçidini təmin edəcək milli inkişaf çərçivəsinin hazırlanması prosesində nəzərə alınmasıdır. Layihə çərçivəsində Respublikanın 3 regionunda (Lənkəran, İsmayıllı və Ağdam) 60 nəfər gəncin iştirakı ilə 5 günlük təlimlər keçirilmişdir. Təlimin mövzuları Y-Peer Azərbaycan şəbəkəsinin təlimçiləri tərəfindən teatr-əsaslı təlimlər formasında tədris olunub. Reproduktiv sağlamlıq, gender bərabərliyi, erkən nikah və İİV/QİÇS kimi mövzuların müzakirə obyekti olduğu təlimlərin sonunda gənclər əldə etdikləri bilik və bacarıqları teatr tamaşasında əks etdiriblər.  Sessiya zamanı keçirilən açıq müzakirələrdə gənclər sözü gedən mövzular ətrafında öz fikirlərini paylaşıb və səsləndirilən təkliflər toplanılıb. Qeyd edək ki, verilmiş ən uğurlu təkliflər Nyu-Yorkda keçiriləcək BMT sammiti zamanı Azərbaycan Respublikasının hökuməti tərəfindən təqdim ediləcək hesabatda əks etdirilməsi məqsədilə hazırlanmış “Azərbaycan Gəncliyi Daha Yaxşı Gələcək uğrunda Fəaliyyətdə” bəyannaməsinin tərkibində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə təqdim olunacaqdır.

 

Tədbirdə iştirak: Aşağıda yerləşdirilən qeydiyyat formasını dolduraraq tədbirdə iştirak edə bilərsiniz. Konfransda iştirakçı sayında məhdudiyyət yoxdur.

Son qeydiyyat tarixi: 18 sentyabr 2015,  17:00

QEYD: Konfransda iştirakı təsdiqlənən iştirakçılar 22.09.2015 saat 10:30-dan gec olmayaraq tədbirin keçiriləcəyi məkanda olmalı vəşəxsiyyət vəsiqəsi ilə birlikdə girişdəki qeydiyyat masasına yaxınlaşmalıdır.

http://www.nayora.az/announcements2,116/lang,az/