Azərbaycan ilə Niderland daşınmaz əmlak idarəçiliyi sahəsindəki əməkdaşlığı genişləndirir

Prezident İlham Əliyevin Azərbaycanla Avropa ölkələri arasında əməkdaşlığın uğurlu inkişafı və qarşılıqlı faydalı iqtisadi əlaqələrin genişləndirilməsi ilə bağlı həyata keçirdiyi siyasət, bütün sahələrdə olduğu kimi, dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, habelə kadastr və daşınmaz əmlak idarəçiliyinin inkişafında da əhəmiyyətli rol oynayıb.

AZƏRTAC xəbər verir ki, Apeldorn şəhərində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndə heyəti ilə Niderland Krallığının Kadastr, Daşınmaz Əmlakın Qeydiyyatı və Xəritəçəkmə Agentliyinin əməkdaşları arasında işgüzar görüş keçirilib.

Səfər çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndə heyəti daşınmaz əmlakın qeydiyyatı və kadastrı, mülkiyyət hüquqlarının reyestri və ünvanvermə işinin aparılması, eləcə də Milli Məkan Məlumatları İnformasiya Sisteminin yaradılması sahəsində Avropa ölkələri arasında qabaqcıl hesab edilən Niderland təcrübəsi ilə yaxından tanış olub. Qabaqcıl beynəlxalq təcrübəyə əsaslanaraq elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlardan biri də Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli Fərmanına əsasən, milli məkan məlumatlarının formalaşdırılması, müvafiq informasiya sisteminin yaradılması və onun Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyasının təmin edilməsidir.

Görüşdə ikitərəfli əməkdaşlıq çərçivəsində Azərbaycan ilə Niderlandın daşınmaz əmlakın kadastrı və coğrafi məlumat sistemlərinin günün tələblərinə uyğun olaraq təkmilləşdirilməsi məsələləri müzakirə edilib, milli məkan məlumatları infrastrukturunun formalaşdırılması istiqamətində geniş fikir mübadiləsi aparılıb.

Son illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sosial-iqtisadi sahələrində olduğu kimi, daşınmaz əmlak idarəçiliyində də əldə edilən nailiyyətlər və tətbiq edilən innovasiyalar qarşı tərəfin nəzərinə çatdırılıb.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirib ki, Azərbaycan Prezidenti tərəfindən daşınmaz əmlak idarəçiliyi sahəsində həyata keçirilən islahatların nəticəsi olaraq beynəlxalq reytinq agentliklərinin hesabatlarında ölkəmiz bu sahədə son illər aparıcı mövqe tutur. Azərbaycanda əmlak idarəçiliyi sisteminin səmərəli, şəffaf və çevik şəkildə qurulduğunu və bu sahədə ölkə vətəndaşlarına 40-dan çox xidmətin elektron formada göstərilir.

Görüş çərçivəsində qurumlar arasında ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub və perspektivlər müəyyən edilib. Tərəflər daşınmaz əmlakın kadastrı və coğrafi məlumat sistemi sahəsində təcrübə və məlumat mübadiləsinin həyata keçirilməsi, məsləhət xidmətlərinin göstərilməsi ilə bağlı qurumlar arası əməkdaşlıq hədəflərini müəyyən ediblər.

Görüşlərdə ölkəmizin Niderland Krallığındakı səfirliyi də təmsil olunub.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here