Azərbaycan medal sayına görə birinci olub – Paracüdo üzrə Qran-Pridə

Bakıda keçirilən paracüdo üzrə beynəlxalq Qran-Pri yarışlarında iştirak üçün 35 ölkədən 223 idmançı Azərbaycana gəlib. Onlardan 11-i beynəlxalq tibbi təsnifatdan kəsildikləri üçün yarışdan kənarlaşdırılıb. Turnirdə 212 idmançı gücünü sınayıb. Onlardan 150-si kişi, 62-si isə qadın olub.

Azərbaycan Milli Paralimpiya Komitəsindən SİA-ya verilən məlumata görə, idmançılardan əlavə, yarışla əlaqədar Bakıya gələn şəxslərin sayı 143 nəfər olub. Onlardan 18-i beynəlxalq dərəcəli hakim, 6-sı beynəlxalq tibbi təsnifatı həyata keçirən həkim, 7-si texniki heyət, 112-si isə idmançılara xidmət göstərən heyət olub.

Yarışda İtaliya Görmə Məhdudiyyətli İdmançıların Paralimpiya İdman Federasiyası nümayəndə heyəti qurumun prezidenti və vitse-prezidentləri səviyyəsində təmsil olunub.

Beləliklə, yarış ilə əlaqədar paytaxtımıza gələn qonaqların sayı ümumilikdə 400 nəfərə yaxın olub.

Turnirdə paracüdoçular 13 dəst medal uğrunda mübarizə aparıblar.

Otuz beş ölkədən yalnız 20-si medalçılar sırasında yer alıb. Yarışlarda Azərbaycanı 21 idmançı təmsil edib. Onlardan 11-i kişi, 10-u isə qadın idmançı olub. Azərbaycan paralimpiyaçıları 3 qızıl, 4 gümüş və 4 bürünc medal qazanıblar ki, bunlardan 2 qızıl, 2 gümüş və 2 bürünc qızların payına düşür. Kişi idmançılarımız isə yarışlarda 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar.

Medal sayına görə, Azərbaycan 11 medalla birinci, Özbəkistan 8 medalla ikinci, Rusiya isə 5 medalla üçüncü yerə çıxıb. Medalların əyarına görə, Özbəkistan birinci (4 qızıl), Azərbaycan ikinci (3 qızıl), Ukrayna isə üçüncü (1 qızıl) yerdə qərarlaşıblar.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here