Azərbaycan Milli Kitabxanası ilə Qətər Kitabxanası arasında əməkdaşlıq memorandumu imzalanıb

Qətərin paytaxtı Dohada M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası ilə bu ölkənin milli kitabxanası arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb. Memorandumu Azərbaycan tərəfindən Milli Kitabxananın direktoru Kərim Tahirov, Qətər dövləti tərəfindən isə Qətər Milli Kitabxanasının direktoru xanım Sohair Vastavıy imzalayıblar.

Bu barədə Milli Kitabxanadan məlumat verilib.

İmzalanma mərasimində Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyev, Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov, habelə Qətər Fondunun və Milli Kitabxanasının əməkdaşları da iştirak ediblər. Bu, Azərbaycan Milli Kitabxanasının dünya ölkələrinin milli kitabxanaları ilə imzaladığı sayca 35-ci memorandumdur. Beş il müddətinə imzalanan bu sənəddə qarşılıqlı kitab, informasiya və elektron resursların, qiymətli kitabların və əlyazmaların surətlərinin, yaxud rəqəmsal variantlarının mübadiləsini, əməkdaşların təcrübə mübadiləsini, habelə innovativ yeniliklərin tətbiqi üzrə treninqlərin, elmi konfransların keçirilməsini və ənənəvi keçirilən kitab sərgilərində iştirakı nəzərdə tutur. Memorandumda, həmçinin ərəb dilində çap olunmuş Azərbaycan müəlliflərinin yeni kitablarının təqdimat mərasimlərinin keçirilməsi də öz əksini tapıb.

Mərasimin sonunda Kərim Tahirov Azərbaycan Milli Kitabxanası haqqında fotoalbomu, Qarabağın tarixinə dair kitabı, Heydər Əliyev Fondunun nəşri olan “Qarabağ xanəndələri” muğam diskləri toplusunu, Azərbaycanın qədim musiqi alətləri haqqında kitabı Qətər Milli Kitabxanasına hədiyyə edib.

Sonra yaxın gələcək üçün əməkdaşlığın perspektivləri müzakirə olunub.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here