RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

“Azərbaycan növbəti sınaqdan uğurla çıxacaq”

280

5 iyun 2015-ci il tarixdə “Müasir İnkişaf” İctimai Birliyinin yaranmasının10 ili tamam oldu. Təşkilatın İdarə Heyətinin sədri Mübariz Göyüşlü 4 iyun 2015-ci il tarixdə bu münasibətlə “525-ci qəzet”in suallarına cavab verib. Söhbət əsnasında bu müddət ərzində görülmüş işlərdən, qarşıda duran vəzifələrdən danışılıb. 

– Mübariz müəllim, 10 il əvvəl belə bir təşkilat yaratmaq ideyası necə yaranıb?

  • Bu təşkilatı qurmazdan əvvəl təxminən 5 il müxtəlif gənclər təşkilatlarında vətənpərvərlik, Türk dünyasının inteqrasiyası, İslam dininin təbliği, azərbaycançılıq ideologiyası istiqamətlərdə çalışmalar həyata keçirmişəm. 2005-ci ildən etibarən yeni bir ictimai təşkilat yaratmaq, daha geniş fəaliyyət göstərmək barədə düşünməyə başladım. Çünki fikrimdə bu ideyalarla bağlı bir çox işlər var idi ki, onları hansısa gənclər təşkilatlarında çalışmalarla həyata keçirmək mümkün olmayıb. Beləcə bir neçə aylıq məsləhətləşmələrdən və təşkilatlanmadan sonra,  iyun ayının 5-də təsis konfransı keçirib “Tarix unudulmaz, Millət bölünməz, Torpaqdan pay olmaz!” şüarı altında “Türk-İslam Dünyası” İctimai Birliyini yaratdığımızı elan etdik. Bir neçə ay bu ad altında fəaliyyət göstərdikdən, tədbirlər keçirdikdən sonra 2006-cı ilin mart ayında Ədliyyə Nazirliyində “Müasir İnkişaf” İctimai Birliyi olaraq qeydiyyata alındıq və o vaxtdan da bu ad altında çalışmalar həyata keçiririk.

-Seçdiyiniz ad və təbliğ etdiyiniz məsələlərdə ideoloji yük var. Bu fakt fəaliyyətinizdə çətinlik yaradıbmı?

-Desəm ki, yaratmayıb, yalan söyləmiş olaram. O zaman yerli donorlar yox idi, QHT-ləri hər kəs xarici fondlardan qrant alıb yeyən təşkilatlar kimi tanıyıb. Üstəlik “Türk-İslam” adlı ideoloji təşkilat yaratmaq çətinliklərimizi artırıb. İlkin dövrlərdə bizimlə qarşılaşan hər kəs bu işin perspektivsiz olduğunu, yanlış yolda addımladığımızı söyləyib. Amma zaman keçdikcə təşkilata olan münasibətin dəyişdiyinin şahidi olduq. Yəqin insanlar özləri də qəbul etməyə başlayıblar ki, ciddi mövzularla – Türk dünyasının inteqrasiyası, milli kimlik, milli ideologiya, mənəvi dəyərlərin, vətənpərvərliyin təbliği ilə məşğul olan, ardıcıl olaraq bu istiqamətdə iş görən təşkilatlara və insanlara da ehtiyac var. Biz də çəkinmədik, çəkilmədik, inamla çalışdıq. Hesab edirəm ki, 10 ildən sonra sadalaya biləcəyimiz çoxsaylı nəticələrimizin olması bizim doğru yolda olduğumuzu sübut edir. Mən bütün bunları söyləyərkən o iddiada deyiləm ki, həmin mövzularla yalnız biz məşğul olmuşuq, yaxud əldə olunan nəticələr yalnız bizim fəaliyyətimizin məhsuludur. Amma bu nəticələrin əldə olunmasında “Müasir İnkişaf” İctimai Birliyinin danılmaz xidmətləri var.

– Çoxsaylı nəticələrinizin olduğunu deyirsiniz. Qısa da olsa, bu barədə məlumat verərdiniz.

  • Təvazökarlıqdan uzaq olsa da deyim ki, 10 illik gərgin və məhsuldar çalışmaların nəticəsini qısa olaraq qeyd etmək çətindir. Amma əsas məqamları sadalamağa çalışacağam. Hesab edirəm ki, əsas nəticəmiz Azərbaycanın dövlətçilik ideologiyası, gənclərdə vətənpərvərlik, tarix dərsliklərimizlə bağlı hazırladığımız konsepsiyalar, “Azərbaycan Milli Kimliyi”, “Türk Qafqaz İslam Ordusu və ermənilər”, “Missioner” kitabları, Çanaqqala ilə bağlı apardığımız araşdırmalar, “Türk Eli” jurnalını çap etməyimiz, keçirdiyimiz onlarla yerli, bir neçə beynəlxalq konfranslar, “Dialoq İnfo” təhsil portalı (dialoq.info), o cümlədən, daha iki saytımızın fəaliyyəti, Dünya Türklərinin Həmrəylik Günü ideyasını reallaşdıraraq bununla əlaqədar dörd türk dövləti tərəfindən siyasi qərar verilməsinə nail olmağımızı nümunə olaraq çəkə bilərəm. Bundan əlavə, Ortaq Türk Əlifbası və Ortaq Türk Ədəbi Dili mövzusunda yüzdən çox təşkilat rəhbəri, bəzi millət vəkilləri və redaktorlardan dəstək imzası toplayıb, bununla əlaqədar siyasi qərarın qəbuluna nail olmuşuq. Bu işlərin arxasında 10 illik zəhmət və əziyyət, təşkilatımızda çalışan insanların aktiv fəaliyyəti durur.

– Dünya Türklərinin Həmrəylik Günü və Ortaq Türk Əlifbası, Ortaq Türk Ədəbi Dili ilə bağlı  yürütdüyünüz kampaniyalar haqqında məlumat verərdiniz.

  • Birinci ideya dörd türk dövlət başçısı tərəfindən təsdiqlənərək həyata keçirilib. Bir neçə ildir ki, 3 oktyabr tarixi Dünya Türklərinin Həmrəylik Günü – rəsmi sənəddə qeyd edildiyi kimi ifadə etsək – Türk Dövlətləri Günü kimi qeyd edilir. Bu işdə bizlərin də ciddi çalışmaları var və mən bu ideyanın həyata keçməsindən çox məmnunam. O ki qaldı ortaq əlifba və ədəbi dil mövzusuna bununla bağlı biz yüzdən çox təşkilatdan, millət vəkilindən, redaktordan dəstək imzası toplayıb həm Azərbaycanda, həm də digər türk ölkələrində dövlət başçılarına müraciət etdik. Nəticədə Azərbaycan Prezidenti İlham Əliyevin dilimizin qorunması ilə bağlı dövlət proqramında bu mövzuda layihələrin həyata keçirilməsi, işlərin görülməsinə aid olan bəndi də təsdiqləməsi bizləri xeyli sevindirib. Hesab edirəm ki, biz bununla da siyasi qərar ala bildik. Bundan sonra söz dilçi alimlərin və bu işin mütəxəssislərinindir. Gələcəkdə biz bununla əlaqədar olaraq real nəticələri də görə biləcəyik.

– Təşkilatınız bir neçə dəfə Azərbaycan təhsil müəssisələrində İslam dininin tədrisinin vacibliyi ilə bağlı tədbirlər də keçirib. Bunun bir nəticəsi olubmu?

-Bir neçə il bundan əvvəl biz bu mövzuda ardıcıl olaraq tədbirlər keçirdik. Həmin vaxt bunu qəbul etməyən insanlar və qurumlar var idi. Onların arqumenti bu idi ki, mollaları orta məktəblərə buraxmaq olmaz. Amma burada söhbət mollalardan deyil, dövlətimizin verdiyi sənədlə təsdiq olunan ilahiyyatçıların İslam dinini tədris etməsilə cəmiyyətimizə və xüsusilə də gənclərimizə faydalı ola bilməsindən gedir. Son dövrlər din adından istifadə edən bir sıra radikal qrupların fəaliyyəti göstərir ki, Azərbaycan dövləti din təhsilinə nəzarəti ələ almalıdır dediyimizdə nə qədər haqlı olmuşuq. Bu yaxınlarda səhv etmirəmsə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının da açıqlamalarında bunun mümkünlüyünə rast gəlmişdim. Bütün bunlar müsbətdir, demək ki, həmin vaxt gördüyümüz işlər də boşuna getməyib. Çünki ortada real nəticə var.

-Digər ölkələrdəki partnyor təşkilatlarla fəaliyyətləriniz nə yerdədir?

-2011-ci ildə təşkilat olaraq bir qərar verdik ki, beynəlxalq istiqamətdə də çalışmalarımızı gücləndirək. Bundan sonra Bakıda bir neçə beynəlxalq konfrans təşkil etdik, Türkiyədə, Rusiyada, Gürcüstanda ciddi nəticələri olan tədbirlər keçirdik. Düzdür, qarşılaşdığımız çətinliklər bizlərə daha böyük nailiyyətlər əldə etməyə imkan verməyib. Çünki biz bu konfransları və tədbirləri öz imkanlarımız hesabına edirdik. Amma əsas odur ki, bu məsələlərdə də sözümüzü deyə bildik. Mən bu tədbirləri birgə təşkil etdiyimiz Moskva Azərbaycanlıları Milli-Mədəni Muxtariyyatı, Türk Ocaqları, Türk Dünyası Araşdırmalar Vəqfi, Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Dərnəyi və başqa təşkilatlarla bundan sonra da davamlı olaraq çalışacağımıza əminəm.

– Son olaraq, ölkədə təşkil olunan böyük miqyaslı tədbirlər barədə danışardınız. Yəqin ki, siz də təşkilat olaraq dövlətin təşəbbüsüylə həyata keçirilən tədbirlərdə yaxından iştirak edirsiniz?

  • Hazırda Azərbaycan mühüm bir tədbirin astanasındadır. İyunun 12-si ölkəmizdə Bakı-2015: Birinci Avropa Oyunları keçiriləcək. Dövlət başçısının QHT-lərə etimad göstərməsi, bununla bağlı ayrıca bir qurumun yaradılması, QHT-lərin layihələrinin maliyyələşdirilməsi, vətənpərvərlik ruhunun yüksəlməsi üçün görülən işlər çox təqdirəlayiqdir. Bunlar hamısı bizim fəaliyyətimizi stimullaşdırır. Ona görə də, biz bu imkanlardan kifayət qədər yararlanıb, dövlətimizin qazandığı uğurlarda pay sahibi ola bilirik. Əminəm ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan növbəti sınaqdan da uğurla çıxacaq.
Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı