Azərbaycan nümayəndə heyəti Bişkekdə beynəlxalq konfransda iştirak edir

Mayın 16-da Bişkekdə Qırğızıstan Prezidentinin Şəhərkənarı Konfrans Mərkəzində “Rəqəmsal əsrdə kitab və mütaliə” mövzusunda Beynəlxalq Konfransın Plenar İclasının açılışı olub.

Konfransda ölkəmizi Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov və AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli təmsil edib.

Milli Kitabxanadan AZƏRTAC-a bildirilib ki, konfransın açılışında A.Osmanov adına Qırğızıstan Milli Kitabxanasının direktoru professor Jıldız Bakaşova, Hökumətlərarası Şuranın sədr müavini və UNESCO-nun “İnformasiya hamı üçün” Rusiya Komitəsi Proqramının sədri, Kitabxana Əməkdaşlığı Regionlararası Mərkəzinin prezidenti, pedaqoji elmlər namizədi Kuzmin İvanoviç çıxış ediblər.

Beynəlxalq konfransa Azərbaycanla yanaşı, Rusiya, Belorus, Moldova, Özbəkistan, Tacikistan, Qazaxıstan və digər ölkələrin kitabxanalarından nümayəndələr qatılıb.

Tədbirdə Kərim Tahirov “Azərbaycan Milli Kitabxanası – Azərbaycan xalqının milli sərvətidir” mövzusunda geniş məruzə ilə çıxış edib.

Daha sonra “Yazılı mədəniyyət və kommunikasiya: dünən, bu gün və sabah”, “Təhsil sistemində mütaliə və kitab”, “Kitab, mütaliə və kitabxana” və “Mütaliə və kitab nəşrləri” seksiyaları üzrə məruzələr dinlənilib.

Mayın 18-dək davam edəcək beynəlxalq konfrans çərçivəsində bir sıra tədbirlər – Alıkul Osmanov adına Qırğızıstan Milli Kitabxanasının yaranmasının 85 illik yubileyi, Avrasiya Kitabxanalar Assambleyasının (BAE) XXII Ümumi iclası, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş dəyirmi masa və Qırğızıstan Kitabxana İşçilərinin XI Forumu keçiriləcək.

Tədbirlər Qırğızıstanın Mədəniyyət, İnformasiya və Turizm Nazirliyinin və MDB-yə üzv ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi, A.Osmanov adına Qırğızıstan Respublikası Milli Kitabxanası, UNESCO-nun Rusiya Komitəsi Proqramının “İnformasiya hamı üçün” Kitabxana Əməkdaşlığı Regionlararası Mərkəzi, Qırğızıstan Respublikası Kütləvi Kitabxanaları Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here