Azərbaycan pasportunun rəngi niyə yaşıldır? – Pasportlar barədə bilmədiklərimiz

Dünyada pasportlar ancaq 4 rəngdə olur: qırmızı, göy, yaşıl və qara.
Hər ölkənin rəng seçiminin öz izahı var.
Lent.az rus mətbuatına istinadən hər rəngin mənasının izahını verir.

Pasport rəngləri arasında ən çox yayılmış rəng qırmızıdır. Qırmızını keçmiş sosialist ölkələri, həmçinin indi də bu siyasəti əsas götürən ölkələr seçir. Sloveniya, Çin, Serbiya, Rusiya, Latviya, Rumın, Polşa, Gürcüstan vətəndaşlarının pasportunun cildi qırmızıdır. Xorvatiyadan başqa digər Avropa Birliyinə üzv ölkələrin vətəndaşlarının pasportu zoğalı və ya qırmızının başqa çalarındadır. And ölkələri – Boliviya, Kolumbiya, Ekvador və Peruda da pasportların üz qabığı zoğalıdır.
Avropa Birliyinə üzv olmaq niyyətində olan Türkiyə, Makedoniya və Albaniya da pasportlarının rəngini bir neçə il əvvəl qırmızıya dəyişib.

Göy “Yeni dünya” mənasını verir. 15 Karib ölkəsində pasportların cildi göy rəngdədir. Cənubi Amerika ölkələrində isə göy rəng Merkosur Ticarət Birliyi ilə əlaqənin rəmzi hesab olunur. Braziliya, Argentina, Paraqvay bu birliyə daxil olduqlarından vətəndaşların pasportu göydür. Venesuela bu birliyə daxil olsa da, vətəndaşlarının pasportunun rəngi qırmızıdır.

ABŞ vətəndaşlarının pasportunun rəngi 1976-cı ildən göy olub.

Əksər müsəlman ölkələrində pasportların rəngi yaşıldır. Məsələn, Mərakeş, Səudiyyə Ərəbistanı, Pakistan, həmçinin, Azərbaycan. Yaşıl Məhəmməd peyğəmbərin sevimli rəngi olub. Bu rəng təbiət və həyatın rəmzi sayılır.
Qərbi Afrika ölkələrinin pasportlarının rəngi yaşılın müxtəlif çalarlarındadır. Məsələn, Burkina Faso, Nigeriya, Niger, Fildişi Sahili və Seneqal. Yaşıl rəng bu ölkələrin QAÖİB-in (Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyi) üzvü olduqlarını göstərir.

Qara üzlü pasportlar Afrikanın bəzi ölkələrində – Botsvan, Zambiya, Qabon, Anqola, Çad, Konqo, Malavi və başqalarında dəbdədir. Habelə, yeni zelandiyalıların da pasportları qaradır. Qara Yeni Zelandiyanın milli rəmzidir.