“Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir

“Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir.
Layihə çərçivəsində hazırlanmış növbəti üç mobil tətbiq Azərbaycanın tanınmış simalarının-böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin, Azərbaycanın ilk qadın snayperi Ziba Qəniyevanın və paralimpiya çempionumuz İlham Zəkiyevin keçdiyi maraqlı ömür yolundan bəhs edir.
Azərbaycan Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Kompüter Oyunları Milli Assosiasiyası tərəfindən “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi çərçivəsində üç dahi şəxsiyyətinin həyat və yaradıcılığına həsr olunmuş növbəti mobil əlavə hazırlanaraq istifadəyə verilib.
Gənclərin informasiya və kommunikasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının artırılması, onlar arasında innovativ düşüncənin təşviqi, gənclərin vətənpərvərlik tərbiyəsi Azərbaycanda həyata keçirilən gənclər siyasətinin əsas tərkib hissələrindən birini təşkil edir. Bu istiqamətlər Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nda və indiyə kimi gənclər siyasəti sahəsində həyata keçirilmiş Dövlət proqramlarında da əks olunub.
Həmin Dövlət proqramından irəli gələrək hazırlanmış yeni layihə heç şübhəsiz ki, tariximizin yaşadılmasında, gəncləri vətənpərvərlik ruhunda tərbiyəsində xüsusi rola malikdir. Azərbaycanın böyük xeyriyyəçisi Zeynalabdin Tağıyev, Vətən uğrunda göstərdiyi şücaətlə hər bir gəncə örnək olan Ziba Qəniyeva və böyük idmanda qazandığı parlaq qələbələrlə insan iradəsinin heç bir məhdudiyyət tanımadığını hər kəsə sübut edən paralimpiyaçımız İlham Zəkiyevin həyatından bəhs edən bu mobil əlavələr gənc nəslin maariflənməsi, öz qəhrəmanlarını yaxından tanıması və onlardan örnək götürməsi baxımından olduqca əhəmiyyətli rola malikdir. Yeni texnoloji dövrdə azərbaycanlı gənclər üçün belə bir vətənpərvər oyunun ərsəyə gətirilməsi, tarixi şəxsiyyətlərimiz barədə maraqlı faktların kompüter oyununda əks etdirməsi təqdirəlayiq hal kimi qiymətləndirilməlidir. Layihədə maraqlı faktlarla yanaşı, rəngli illüstrasiyalar və animasiya olunmuş səhnələr öz əksini tapıb. Peşəkar səsləndirmə isə mobil tətbiqə olan marağı daha da artırır. Bu nüanslar sayəsində sözügedən mobil əlavə təkcə yeniyetmələr və gənclər üçün deyil, idmana, mədəniyyətə, tarixə həvəs göstərən istənilən yaş həddində olan istifadəçinin diqqətini cəlb edir. Hacı Zeynalabdin Tağıyev, Ziba Qəniyeva və İlham Zəkiyevin keçdiyi maraqlı ömür yolu ilə tanış olmaq istəyən istifadəçi rəngli animasiyalar vasitəsilə illər əvvələ səyahət edəcək və özünü baş verən proseslərin iştirakçısı kimi hiss edəcək.
Layihənin texniki imkanlarına gəlincə, hər üç mobil tətbiq müasir dövrdə geniş istifadə olunan “touch screen” imkanlarını dəstəkləyən platformalara uyğun hazırlanıb. Mobil əlavələrin planşet və smartfonlar da daxil olmaqla ən müasir texnologiyalar vasitəsilə izlənilməsi mümkündür. Sözügedən mobil təminatlar layihə çərçivəsində hazırlanmış digər proqramların yer aldığı “Kitab rəfi” bölməsinə də əlavə olunub. “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi çərçivəsində hazırlanmış mobil tətbiqləri yükləmək üçün “Play Marketin” köməyilə http://play.google.com linkinə daxil olub seçilmiş tarixi şəsxiyyətin adını axtarışa vermək kifayətdir.