“Azərbaycan“ qəzeti elektron formatda MEK-in Milli Rəqəmsal Yaddaş bazasına daxil ediləcək

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) “Azərbaycan” qəzetinin rəhbərliyi ilə görüş keçirilib. Görüşün məqsədi MEK-in mətbuat fondunun zənginləşdirilməsini ənənəyə çevirmək, bu prosesin aparıcı media tərəfindən ictimailəşdirilməsini təmin etmək, əməkdaşlıq məsələlərini müzakirə etmək olub.
Tədbirdə MEK direktoru Leyla İmanova kitabxananın fəaliyyəti, strateji hədəfləri, 2017-ci ilin nəticələri və uğurları barədə geniş məlumat verib. Qeyd olunub ki, bu müddət ərzində kitabxana bir sıra önəmli layihələr reallaşdırıb, çoxsaylı təşəbbüslər həyata keçirib. Kitabxana fondlarının zənginləşdirmək işinə daim diqqət verildiyini və bu məqsədlə atılan addımları göstərən L.İmanova Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində MEK-in təşəbbüsü ilə AXC-yə aid fondun ADA Universitetinin eyni adlı fondu ilə birləşdirilməsindən, materialların rəqəmsallaşdırılaraq Diplomatik Akademiyaya hədiyyə olunmasından, Kazım Qarabəkir, Hüseyn Cavid və türkoloq alim Georq Hazainin Türkiyədə, Naxçıvanda və Macarıstanda adlarını daşıyan ev-muzey və kitabxanalarına hədiyyə edilməsindən və MEK-in rəqəmsal bazasına yerləşdirilməsindən bəhs edib. Direktor eyni zamanda kataloq mübadiləsindən, xarici ölkə səfirlikləri ilə yaradılan diplomatik münasibətlər nəticəsində MEK-də 20-yə qədər xarici ölkənin təmsil olunduğu Diplomatik fondun yaradılmasından, 40-a yaxın ölkə, 50-dən çox təşkilat ilə beynəlxalq kitab mübadiləsindən də danışıb. MEK tərəfindən “Nəşriyyat işi haqqında” qanunun icra mexanizmlərinin hərəkətə gətirilməsi nəticəsində kitabxanaya təqdim olunan məcburi və hədiyyə nüsxələrinin sayının 13101-ə çatdığını söyləyən MEK direktoru kitabxananın mübadilə fondunun mobilləşdirildiyini, AMEA institutlarına, uşaq evlərinə, yerli və xarici tərəfdaş müəssisələrə 12170 kitab və jurnal hədiyyə olunduğunu bildirib. İl ərzində edilən kitab hədiyyə aksiyasına misal olaraq L.İmanova Cocuq Mərcanlı kənd orta məktəbi kitabxanasına hədiyyə edilmiş 400 kitabı, MEK-in İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan İslam ölkələrinin Mədəniyyət İnstitutu Kitabxanasının təsis təşəbbüsünə qoşularaq Azərbaycanı təbliğ baxımından xüsusi seçilmiş ədəbiyyatın göndərilməsini, İraqın Mosul şəhərinin dağıdılmış kitabxanalarına İraq Respublikasının Azərbaycandakı Səfirliyi vasitəsilə kitabların hədiyyə edilməsini diqqətə çatdırıb. MEK-in digər çoxşaxəli fəaliyyət yönlərindən və görülən işlərdən danışan direktor bildirib ki, bütün bunlar kitabxananın media ilə aktiv əməkdaşlığı sayəsində mətbuatda və MEK-ə məxsus sosial şəbəkələrdə, www.mek.az saytında işıqlandırılaraq ictimaiyyətin diqqətinə çatdırılır. Elm sahəsində baş verən yeniliklərin, inkişaf proseslərinin media vasitəsilə ictimaiyyətə çatdırılması, təbliğ edilməsi, informasiyanın toplanılması, sistemləşdirilməsi və etibarlı şəkildə qorunub saxlanılması barədə 2017-ci ildə AMEA rəhbərliyi və Mətbuat Şurası arasında əldə olunan razılaşmanın əhəmiyyətini qeyd edən L.İmanova Azərbaycanın aparıcı mətbu orqanlarının nüsxələrinin elektron formatda MEK-in Milli Rəqəmsal Yaddaş bazasına daxil edilməsi prosesinin başlanıldığını bildirib. MEK direktoru bununla bağlı ilk addımın “Yeni Azərbaycan” qəzeti ilə reallaşdırıldığını söyləyərək mətbuat aləmində xüsusi çəkisi ilə seçilən “Azərbaycan” qəzetinin də prosesə qoşulmaq istəyini yüksək qiymətləndirib.
“Azərbaycan” qəzetinin zəngin və şərəfli tarixindən, keçdiyi inkişaf mərhələlərindən danışan qəzetin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov arxivləşdirmənin və sənədlərin etibarlı şəkildə qorunub mühafizə edilməsinin ölkənin həyatında, millətin taleyindəki əhəmiyyətini xüsusi vurğulayıb. Qəzetdə dərc edilən materialların həm ölkə daxili, həm də ölkə xaricində baş verən hadisələri dəqiq və ardıcıl əks etdirmək baxımından etibarlı mənbə adlandıran B.Sadıqov MEK-də mənbələrin qorunub saxlanılması istiqamətində görülən işləri təqdir edərək “Azərbaycan” qəzetinin 2003–2016-cı illərdə dərc edilmiş saylarını PDF şəklində və çap formatda (31 cild) kitabxanaya təqdim edib. Görüşün yekununda Mərkəzi Elmi Kitabxana ilə “Azərbaycan” qəzeti arasında müəllif hüquqlarının müdafiəsinə dair müqavilə imzalanıb və tərəflər arasında əməkdaşlığın daha da sıxlaşdırılması, çoxçeşidli müstəvilərdə inkişaf etdirilməsi qərara alınıb. Görüşdən sonra qonaqlar MEK-in əsas kitab saxlanclarının, Nadir kitab fondunun, Diplomatik fondun işi ilə yerində tanış olublar.
Xatırladaq ki, Mərkəzi Elmi Kitabxananın (MEK) ölkənin aparıcı media qurumları ilə əməkdaşlığı davam edir. Hazırda MEK-də mətbuat orqanlarının nüsxələrinin PDF formatında kitabxananın elektron yaddaşına köçürülməsi və saxlanılması prosesi həyata keçirilir. Azərbaycan mətbuat qurumları arasında ilk belə addım “Yeni Azərbaycan” qəzeti ilə bağlı atılıb. Qəzetin PDF variantında işlənilmiş nüsxələri MEK-in Milli Rəqəmsal Yaddaş (MRY) bazasına daxil edilib. MRY-nin məqsədi Azərbaycanın qədim mədəniyyəti, tarixi, bəşəriyyətin inkişafına verdiyi töhfələr barədə Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda mövcud olan bütün məlumatları toplamaq, sistemləşdirmək, rəqəmsallaşdırmaq, elektron kataloqa salmaq, arxivləşdirmək, yerli və dünya oxucusunun, tədqiqatçılarının istifadəsinə verməkdir. Bu baza Azərbaycana aid informasiyanı idarə oluna və əlaqələndirilə bilən strateji resursa çevirmək, informasiya müharibəsində üstünlük qazandıracaq təsirli silah formalaşdırmaq məqsədilə reallaşdırılır. Layihə davam edir və gələcəkdə digər mətbu orqanları ilə də bu istiqamətdə işlərin görülməsi planlaşdırılır.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here