“Azərbaycan Respublikasının Dövlət bayrağı – 100 illik istiqlalımızın qürur mənbəyi” mövzusunda elmi-praktik konfrans keçirilib

Bu gün Dənizkənarı Bulvar İdarəsinin və Prezident yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasının Dövlət bayrağı – 100 illik istiqlalımızın qürur mənbəyi” mövzusunda elmi-praktik konfrans keçirilib.

Trend-in məlumatına görə, Dənizkənarı Bulvar İdarəsinin Aparat rəhbəri Elmir Bağırov bildirib ki, Azərbaycan Dövlət bayrağının 100 illik yubileyinə həsr olunmuş konfransın əsas məqsədi gənclər arasında vətənpərvərlik hisslərinin artmasına və dövlət rəmzlərinin təbliğinin gücləndirilməsinə töhfə verməkdir: “Azərbaycan bayrağı millətimizin və dövlətimizin simvoludur. Milli bayraq həm də dövlətimizin, həm də xalqımızın gələcək yolunu müəyyənləşdirən bələdçidir. Milliliyi, dini inancımızı və müasirliyi təcəssüm etdirən bayrağımız azərbaycanlılara öz soykökünü xatırladır, üzərində dalğalanan torpağın qədimliyini göstərir. Bu gün ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir”.

Milli Məclisin deputatı Musa Qasımlı bildirib ki, bayraq hər bir dövlətin varlığını göstərən mühüm atributdur: “1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra həmin ilin 9 noyabrında üçrəngli bayraq haqqında qərar qəbul edildi. 1920-ci ildə bu bayraq endirildi və onun əvəzinə sovet bayrağı dalğalandı. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ilk dəfə Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycanın üçrəngli bayrağı yüksəyə qaldırıldı”.

Bu gün Azərbaycanın dövlət bayrağının bir çox olimpiadalarda, beynəlxalq tədbirlərdə, ən mötəbər təşkilatların binası qarşısında yüksəyə qaldırıldığını deyən M.Qasımlı Azərbaycan gənclərini bu bayrağa sahib olmağa, dövlətimizin sabitliyi üçün çalışmağa çağırıb.

Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova bildirib ki, bu il yalnız Azərbaycanın Dövlət bayrağının 100 illiyi deyil, Azərbaycan Xalq Cümhuriyyətinin, Bakının yadellilərin işğalından azad edilməsinin də 100 illiyi qeyd olunur: “Bu dövr bizim üçün çox şərəfli dövrdür. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim milli-mənəvi dəyərlərə, dövlətçilik ənənələrinə sadiqliyimizi nümayiş etdirir. Sovet dövründə üçrəngli bayrağın qaldırılması üçün cəhdlər olsa da, bunların hamısı uğursuz olub. Nəhayət, 1991-ci ildə Azərbaycan SSR-in bayrağı kimi həmin üçrəngli bayraq qəbul edilib”.

Azərbaycan gənclərinin bayrağın dəyərini bilməsini vacib sayan alim əlavə edib ki, aprel döyüşlərində əsgərlərimiz şəhid olsalar da, onların hədəfləri işğal altındakı ərazilərimizdə üçrəngli bayrağı qaldırmaq olub.

F.Əhmədova gənclərə bir təkliflə də müraciət edib: “9 noyabrda sosial şəbəkələrdə olan insanlar bayrağımızı profil şəkli kimi qoysalar, onların xaricdəki dostları da Azərbaycanda bu günün Dövlət Bayrağı Günü olduğunu və bizim öz bayrağımıza nə qədər önəm verdiyimizi bilərlər”.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here