Azərbaycan-Rusiya ali təhsil müəssisələrinin II Forumu keçirilir

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Ufa şəhərində Azərbaycan Respublikası və Rusiya Federasiyasının ali təhsil müəssisələrinin II Forumunda iştirak edir. Universitetdən verilən xəbərə görə, 17-19 may tarixlərində keçirilən tədbirin açılışında Başqırdıstan Respublikasının baş nazirinin müavini Salavat Sagitov və Azərbaycan Respublikası təhsil nazirinin müavini Mətin Eynullayev iştirakçıları salamlayaraq çıxış ediblər. Azərbaycan Respublikası təhsil nazirinin müavini isti qarşılamaya görə Başqırdıstan prezidenti Rüstəm Xamitova, Rusiya Federasiyası hökümətinə və Ufa Dövlət Neft Texniki Universitetinə öz minnətdarlığını bildirib. “Rusiya və Azərbaycan təhsil icmaları arasında olan qarşılıqlı əlaqə həmişə güclü olub və assosiasiyanın yaranması bu əməkdaşlığın məntiqi davamı oldu. Son iki il ərzində mütəmadi olaraq mübadilə səfərləri keçirilir. Mən əminəm ki, biz yeni layihələri uğurla həyata keçirəcəyik” – deyə o bildirib.

UDNTU-nun rektoru, Rusiya-Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyasının həmsədri Ramil Baxtizin forumun Başqırd neftinin 85 illiyinin qeyd olunduğu bir vaxta təsadüf etdiyini qeyd edib. “O vaxtlar Başqırdıstanı “ikinci Bakı” adlandırırdılar. Bu gün də birinci Bakıdakı inkişaf “ikinci Bakı”da uğurla davam etdirilir” – deyə, rektor qeyd edib.

Qeyd edək ki, neftçi və neft sahəsinin problemləri ilə məşğul olan alimlər arasındakı yaxın əlaqələr heç vaxt kəsilmir. Ötən ilin noyabr ayında Ufa şəhərində Başqırdıstan Elmlər Akademiyasının təsisçilərindən olan, Azərbaycanın görkəmli alimi, akademik Azad Mirzəcanzadənin xatirəsinə həsr olunmuş konfrans keçirilmişdi.

Plenar iclas çərçivəsində forum iştirakçıları kadr hazırlığı üzrə Milli Fondun icraçı direktoru Marina Barışnikovanın, Cənub Universitetinin rektoru İmran Əkbərovun, M.Aqmulla adına Başqırd Dövlət Pedaqoji Universitetinin rektoru Rail Əsədullayevin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlının və digər nüməyəndələrin hesabatlarını dinləyiblər.

Forumda Azərbaycandan 16, Rusiyadan 34 ali təhsil müəssisəsi iştirak edir. Forumun təşkilatçıları Rusiya Federasiyası Başqırdıstan Respublikası höküməti, Rusiya-Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyası və Rusiya kadr hazırlığı üzrə Milli Fonddur.

Forumda regionların inkişafında universitetlərin rolu, beynəlxalq əməkdaşlıq, həmçinin universitetlərin beynəlxalq və milli reytinqlərdə iştirakı məsələləri müzakirə olunub. Forumun proqramında plenar iclas “Universitet – regional iqtisadiyyatın hərəkətverici qüvvəsidir: Rusiya və Azərbaycan təcrübəsi”, panel müzakirə “Beynəlxalq əməkdaşlıq universitetlərin inkişafında əsas amil kimi” və assosiasiya üzvü olan universitet rektorlarının sessiyası nəzərdə tutulub.

Xatırladaq ki, Rusiya-Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyası 2015-ci ildə Bakıda yaranıb. Onun tərkibinə Rusiyadan 32, Azərbaycandan isə 12 ali məktəb daxildir.