“Azərbaycan Səfəvilər dövləti” Türkiyə türkcəsində yayınlandı

“Azərbaycan Səfəvilər dövləti” kitabını uyğunlaşdıran tarixçi alim, Karabük Üniversiteti Beynəlxalq Əlaqələr bölümünün rəhbəri, dosent Əli Əsgərin müsahibəsi.

Sual: Əli Əsgər bəy, Azərbaycanın tanınmış tarixçisi, Səfəvilər dövrünün nüfuzlu təqdiqatçısı, mərhum professor Oqtay Əfəndiyevin “Azərbaycan Səfəvilər dövləti” kitabını Türkiyə türkcəsinə tərcümə etdiniz. Buna necə və nə vaxt qərar verdiniz?

Cavab: Oqtay Əfəndiyevin “Azərbaycan Səfəvilər dövləti” kitabı gənc yaşlarımda oxuduğum kitablardan biridir. Əlbəttə, o vaxtlar bu kitabı tam mənasıyla oxuyub başa düşmək asan deyildi. Lakin tarixə marağımız bu kitaba dəfələrlə müraciət etməyimə səbəb oldu. Türkiyəyə gəldikdən sonra, yəni təxminən 20 il əvvəl bu kitabın tərcümə etmək istədim. Təbii ki, bu qədər elmi dərinliyi olan bir əsəri, orta esrlərə aid bir kitabı tərcümə etmək asan iş deyildi. Amma o zaman bu işə başlamadım. Çünki belə bir əsəri tərcümə etmək yetkinlik, kamillik tələb edir. Nəhayət, mən bir neçə il əvvəl TEAS Press nəşriyyatının sifarişilə kitabı tərcüməyə başladım. Onu da qeyd edim ki, TEAS Press Türkiyədə Azərbaycanla bağlı tarixi-elmi ədəbiyyat boşluğunu dolduracaq böyük işlərə imza atır. Hal-hazırda Ziya Bünyadovun “Atabəylər dövləti”, Sara Aşurbəylinin “Bakı şəhərinin tarixi”, Şahin Fərzəlibəylinin “Azərbaycan və Osmanlı İmperiyası XV-XVI əsrlərdə”, Oljas Süleymanovun bir neçə əsəri artıq işıq üzü görüb. Tərcümə edilmiş çox maraqlı kitablar da nəşr ərəfəsindədir. Bu kitabların Türkiyədə yayınlanması böyük bir boşluğu doldurmaq baxımından çox əhəmiyyətlidir.

Sual: Kitabın ilkin variantı ruscadır, sonrakı Azərbaycanca. Siz hansından tərcümə etdiniz?

Cavab: Bu tərcümə, təxminən iki illik ciddi, böyük və eyni zamanda, son dərəcə zövqlü bir işin məhsuludur. Bildiyimiz kimi, “Azərbaycan Səfəvi dövləti XVI əsr” kitabı 1981-ci ildə rus dilində yazılıb, 1993-ci ildə Azərbaycan dilinə tərcümə edilib və nəşr olunub, 2007-ci ildə təkrar yayınlanıb. Tərcümə üçün əsas götürdüyümüz kitab 1981-ci ildə rusca yazılmış variantıdır. Azərbaycan dili variantında tərcümədən qaynaqlanan səhvlər var. Ona görə Oqtay Əfəndiyevin bu kitabı Azərbaycanda yenidən nəzərdən keçirilməli, ciddi elmi redaktədən sonra təkrar nəşr edilməlidir. Yer, şəxs adları, hadisələr və s.-lə bağlı səhvlərə yol verilib. Türkcə tərcümə zamanı işimizi çətinləşdirən bir çox məqam da bunlarla bağlı idi. Həmin dövrə dair anlayış və terminlər, şəxsı, yer, vəzifə adları, verginin növləri, Avropa adlarının həm də orijinal şəkildə verilməsi lazımlığı və s. tərcümə prosesini uzadan səbəblərdən olurdu. Bu barədə Azərbaycan Elmlər Akademiyasında 11 il Oqtay Əfəndiyevlə birlikdə çalışmış, alimin yetişdirmələrindən biri olan, dəyərli tədqiqatçı, həmkarım və dostum Namiq Musaya nə qədər təşəkkür etsəm, azdır. N.Musalı kitabın rus və Azərbaycan dillərində olan, mahiyyət etibarilə ciddi sayıla biləcək bir çox texniki xətanı ortadan qaldırdı, mənbə, tarixi şəxsiyyət, hadisə və tarixlərlə bağlı səhvləri düzəltdi.

Sual: Bu kitabın tərcüməsi Türkiyə tarixi araşdırmalar ədəbiyyatına nə gətirdi?

CavabOqtay Əfəndiyevin Azərbaycan tarixi elminə verdiyi ən böyük töhfə Səfəvi dövlətinin Azərbaycan türkləri tərəfindən qurulub inkişaf etdirildiyini tarixi dəlillərlə göstərməsidir. Şah İsmayılın yaratdığı Səfəvilər (Qızılbaş) dövləti Azərbaycan torpaqlarını birləşdirmək, ölkənin sosial, iqtisadi, siyasi və mədəni inkişafı baxımından olduqca mühüm rol oynamışdır. O.Əfəndiyev müxtəlif dillərdəki orta əsr tarixi mətnlərini diqqətlə araşdıraraq Azərbaycanın dövrün ictimai-siyasi vəziyyəti, təzadlı xüsusiyyətləri, tarixi hadisələrin gedişatı barədə zəngin təəssürat yaratmağa nail olmuşdur. Müəllif Səfəvi xanədanının fars və ya kürd olduğunu sübut etməyə çalışan tarixçilərin yanlış iddialarını elmi əsaslarla təkzib etmişdir. O, bir müsahibəsində deyir: “Səfəvilər sülaləsinin etnik mənsubiyyətinə dair müxtəlif fikirlər söylənir. Hətta ata-babalarının fars, kürd və ya ərəb olduğu gümanları səslənir. Əhməd Kəsrəvi Təbrizi sülalənin soy kökündə olan Şeyx Səfiəddinin türk deyil, İran etnik faktoruna mənsub olduğunu iddia edib. Zəki Vəlidi Toqan isə Səfiəddinin ulu babasının Firuzşah adlı bir kürd olduğunu təsbit etməyə çalışıb. Amma Mirzə Abbaslı və Təvəkkül İbn Bezzazın “Safvetus-safa” əsərinin əlyazmasını araşdırarkən 1252-1334-cü illərdə yaşamış Şeyx Səfiəddin “Piri Türk” deyə təsvir edilir. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərini də quran və yaşadan eyni etnik faktordur. Səfəvi İmperiyasının əhalisi, mənbələrə görə, iki hissəyə ayrılır: türklər (türk, ətrak) və taciklər (tacikan, tacikiyə). Bu türklər Azərbaycan qızılbaş tayfaları, tacik adı isə, ümumiyyətlə, dövlətin mülkü idarələrində çalışan iranlılar idi.”

Bu əsərin Türkiyə türkcəsində çap edilməsinin əhəmiyyəti ilə bağlı başqa məqama da toxunmaq istəyirəm. Biz XXI əsrdə yaşayırıq. Osmanlı-Səfəvi müharibələrindən yüz illər keçib. Artıq türklər həm Azərbaycan, həm də Anadoluda millətləşmə prosesindən keçmiş, milli şüuru yetkinləşmiş bir cəmiyyətdir. Anadolu türklüyü və Azərbaycan türklüyü təbii strateji müttəfiq, dost və qardaş kimi öz birliklərini dəfələrlə sübut etmişlər. Amma təəssüf ki, hələ də günümüzdə orta əsrin qaranlıq düşüncəsindən qurtula bilməmiş, məzhəbçilik xəstəliyinə mübtala olmuş insanlarla qarşılaşırıq. Ən təəssüf doğuran odur ki, bu məsələlərlə bağlı səviyyəsiz müzakirələr çox vaxt elmi müstəvilərə keçir.

“Azərbaycan Səfəvilər dövləti” tarixi kitabı bu cür qısır dünyagörüşü olanlara tutarlı elmi cavabdır. Oqtay Əfəndiyev də belə yazır: “Osmanlı-Səfəvi müharibələri iki qardaş xalqın – Osmanlı və Azərbaycan türklərinin bir-birilə düşmənliyi deyil. Bu müharibələr Osmanlı və Səfəvi dövlət başçıları və hegemon sinifləri arasında iqtisadi və siyasi maraqların toqquşmasıdır. 16-ci əsrdə məhz bu siyasi və iqtisadi səbəblər üzündən sünni-şiə ayrılığı yaradıldı, iki türk dövləti arasında münasibətlər daha da gərginləşdirildi. Həmin dövrdə Avropa dövlətləri iki müsəlman və türk dövlətini müxtəlif bəhanələrlə bir-birinə qarşı müharibəyə təhrik etdi, onları zəiflətməyə və Osmanlıların Cənub-Şərqi Avropadakı işğallarına mane olmağa çalışdılar”.

Sual: Yaxınlarda Azərbaycan tarixi və ədəbi əsərlərindən hansıları Türkiyə türkcəsində tərcümələrlə işıq üzünə çıxacaq?

Cavab: TEAS Press-in sifarişi ilə Ə.Rəhmaninin “Azərbaycan tarixi”, Rauf Məmmədovun “Naxçıvan”, M.S.Ordubadinin “Qanlı illər”, Atatürk Araşdırma Mərkəzi tərəfindən isə M.Qasımovun “Azərbaycan, Ermənistan və Türkiyə: gerçək tarix axtarışı (1920-1994)” əsərləri çapa hazırlanıb. Türkiyə Tarix Qurumu tərəfindən çap edilməsi nəzərdə tutulan Mir Möhsün Nəvvabın “Erməni-müsəlman davası” kitabı da bu yaxında tamamlanacaq.

TRT/Azerbaycan saytı və “Türkiyənin səsi” radiosu

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here