Azərbaycan və alman arxeoloqları birgə tədqiqatlar aparırlar

“Şəmkir-Qaracəmirli” Azərbaycan-Almaniya beynəlxalq ekspedisiyası 2018-ci ilin avqustundan Şəmkir rayonunun Qaracəmirli kəndinin yaxınlığındakı Qurbantəpə və Dərə Yataq abidələrində arxeoloji tədqiqatlar aparmaqdadır. Qurbantəpə abidəsində araşdırmalar eramızdan əvvəl V əsrdə Əhəməni memarlıq üslubunda tikilmiş saray qalıqlarında davam etdirilir.

Arxeoloji tədqiqatlara Azərbaycan tərəfindən AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun böyük elmi işçisi, ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru Emil İsgəndərov və elmi işçilər Sevinc Hüseynova, Ülviyyə Heydərova və Faiq Babayev cəlb olunublar. İnstitutdan verilən xəbərə görə, beynəlxalq ekspedisiyada Almaniya tərəfini Münhen Dövlət Antik Külliyyat və Qliptotek Muzeyinin direktoru, professor Florian Knaus, Lüdviq və Maksimilian adına Münhen Universitetinin Ön Asiya Arxeologiyası İnstitutunun departament əlaqələndiricisi, doktor Kay Kaniut təmsil edirlər.

E.İsgəndərov bildirib ki, ölçülərinə və tikililərin saxlanılma vəziyyətinə görə, bu saray Cənubi Qafqazdakı oxşar abidələrdən kəskin fərqlənir və böyük elmi əhəmiyyətə malikdir. Bir neçə tikilidən ibarət olan bu kompleksdə arxeoloji qazıntılar 2006-cı ildən başlanıb. Builki qazıntılar zamanı əldə edilən nəticələr olduqca maraqlıdır. Yeni qazıntılar nəticəsində bir neçə daşdan hazırlanmış sütun altlıqları və çiy kərpicdən hörülmüş divarlar araşdırılıb. Sütun altlıqlarının bir neçəsi yerində tamamlanmamış formada aşkarlanıb.

Ümumiyyətlə, arxeoloji materialların az tapılması və eyni zamanda, tamamlanmamış sütun altlıqlarının aşkarlanması bu sarayın tikilişinin sona çatmaması haqqında fikiri irəli sürməyə imkan yaradır.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here