Azərbaycan və daha 3 ölkə Ermənistanın mükafatından imtina edib

İrəvanda keçirilən Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) Parlament Assambleyasının 52-ci iclası çərçivəsində eyni anda təşkilata üzv olan 4 ölkənin nümayəndələri QİƏT-in yaradılmasının 25 illiyi münasibətilə Ermənistanın təltif etdiyi yubiley medallarından imtina ediblər.
Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, Parlament Assambleyasının ermənistanlı sədri Ara Babloyan iclasın açılış çıxışından sonra bütün üzv dövlətlərin təşkilatdakı milli nümayəndələrinin təltif olunduqlarını bəyan edib. Lakin Babloyanın çıxışından dərhal sonra Gürcüstan, Azərbaycan, Türkiyə və Ukrayna nümayəndələri medallardan imtina ediblər.
Gürcüstan nümayəndə heyətinin üzvü (iclasda heyətin sədri iştirak etmirdi) vurğulayıb ki, nümayəndəliyin sədri bu mükafatı qəbul etməkdən imtina edir və səbəbinin müzakirə olunmamasını xahiş edir.
Azərbaycan nümayəndə heyətinin sədri Eldar Quliyev bildirib ki, bu postda qısa müddətdir olduğundan vicdanı bu cür mükafatı qəbul etməyi rəva bilmir. Quliyev onu da əlavə edib ki, məsələnin siyasətlə heç bir əlaqəsi yoxdur.
Türkiyə nümayəndə heyətinin sədri də vurğulayıb ki, medalı qəbul etmək şərəfinə malik deyil. Ukrayna nümayəndə heyətinin sədri Çubarov da gürcüstanlı həmkarı kimi İrəvandakı iclasa gəlməyib və yazılı formada medaldan imtina edib.
Bu cür münasibətdən pərt olmuş Babloyan məcburən xatırladıb ki, mükafatlar təkcə sədrlərə yox, həm də əsrin ¼-ni təşkilatda vicdanla işləyən nümayəndə heyətlərinə şamil olunur.
Lakin QİƏT Parlament Assambleyasının Azərbaycandan olan baş katibi Asəf Hacıyev vurğulayıb ki, yaranmış vəziyyəti faciəyə çevirməyə ehtiyac yoxdur. O, həmçinin qeyd edib ki, Türkiyə nümayəndə heyətinin sədri hələ heç təsdiq olunmayıb. Nəticədə, Babloyan baş katibin məsləhətinə əməl edərək bildirib ki, bu dəfəki iclasda medalı qəbul etməyənlər növbəti iclaslarda, məsələn, Bakıdakı toplantıda edə bilərlər.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here