Azərbaycan və Polşa arasında elmi sahədə əməkdaşlıq inkişaf edir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, institutun elmi katibi İradə Əliyeva, şöbə müdiri Şahin Fərzəliyev, tərcümə və nəşriyyat işləri şöbəsinin aparıcı elmi işçisi Gülnur Mahmudova və elmi müəssisənin əməkdaşı Nərmin Qafarlıdan ibarət nümayəndə heyəti Polşada səfərdə olub.

Azərbaycanın Polşadakı səfirliyindən bildiriblər ki, səfər çərçivəsində Polşanın bir çox təhsil və elm ocaqlarında görüşlər keçirilib, gələcək əməkdaşlıq məsələləri müzakirə olunub. Nümayəndə heyəti Torun şəhərində yerləşən Kajimir Yaqellonçık adına 9 saylı liseydə Azərbaycan Ağqoyunlu hökmdarı Uzun Həsənin və Polşa Kralı Kazimir IV Yaqellonçıka həsr edilmiş xatirə lövhəsinin açılışında iştirak ediblər.

Nümayəndə heyəti Varşava Universitetinin Siyasi Elmlər və Beynəlxalq Münasibətlər fakültəsi nəzdində fəaliyyət göstərən Avropaşünaslıq İnstitutunun direktoru Konstanti Adam Voytaşçık ilə də görüşüb. Görüşdə xarici əlaqələr üzrə direktor müavini Yadviqa Nadolska, subregional təhsil bölməsinin rəhbəri Yozef Tımanovski, Avropaşünaslıq İnstitutunun əməkdaşı Pavel Stavaj və səfir Həsən Həsənov da iştirak ediblər. Görüş zamanı Tarix İnstitutu ilə Avropaşünaslıq İnstitutu arasında elmi əməkdaşlığın perspektivləri, elmi işçilərin mübadiləsi, birgə nəşrlər kimi məsələlər müzakirə edilib.

Nümayəndə heyətinin Polşa Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Voyçex Kriegseisenlə görüşündə institutun ümumi məsələlər üzrə direktor müavini Marek Slon, nəşriyyat məsələləri üzrə direktor müavini Andjey Korın, Varşava Universitetinin Tarix İnstitutunun direktoru Dariuş Koloceyçık və səfir Həsən Həsənov iştirak ediblər. Azərbaycan nümayəndə heyətini Tarix İnstitutunun kitabxanası ilə tanış edən V.Kriegseisen daha sonra institutun strukturunu və fəaliyyət sahələrini əks edən təqdimatla çıxış edib. Görüşün nəticəsi olaraq, Azərbaycan və Polşa Tarix institutları arasında əməkdaşlıq haqqında sazişin imzalanması və birgə elmi konfransın keçirilməsi ilə bağlı razılığa gəlinib.

Səfər çərçivəsində Yaqub Mahmudov Varşava Universitetinin şərqşünaslıq fakültəsinin tələbələri qarşısında “Azərbaycan tarixşünaslığı bu gün” mövzusu ilə çıxış edib. Azərbaycanın qədim tarixi haqqında məlumat verən Y.Mahmudov dünya sivilizasiyalarının formalaşmasında türk xalqlarının oynadığı mühüm roldan danışıb. O, tələbələri Azərbaycanın tarixinə və faciəvi səhifələrinə həsr edilmiş nəşrləri ilə tanış etməklə yanaşı, fakültənin kitabxanasına onlarla kitab hədiyyə edib. Sonra nümayəndə heyətinin üzvləri şərqşünaslıq fakültəsinin dekanı Pyotr Taraxa ilə görüşüb. Görüşdə, həmçinin türkologiya və Orta Asiya xalqları bölməsinin rəhbəri Aqata Bareya, Varşava Universitetində Azərbaycan dili və mədəniyyəti üzrə fənləri tədris edən Şəhla Kazımova və səfir Həsən Həsənov iştirak ediblər. P.Taraxa əməkdaşlığa açıq olduqlarını və Azərbaycan Tarix İnstitutu ilə birgə layihələrə qoşulmaq istəyində olduqlarını bildirib. Görüşün nəticəsi olaraq, birgə işçi qrupların yaradılması, Azərbaycanın və Polşanın 100 illik yubileyinə həsr ediləcək elmi konfransın təşkili və Azərbaycan-Polşa tarixi əlaqələrinə həsr ediləcək birgə elmi monoqrafiyanın hazırlanması ilə bağlı məsələlərdə razılığa gəlinib.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here