Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik tariximizdə silinməz izlər qoyub

Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” müvafiq Sərəncamına əsasən Suraxanı təhsil, səhiyyə, sənaye, mədəniyyət müəssisələrində rayon icra hakimiyyətinin təşkilatçılığı ilə silsilə tədbirlər keçirilir. Bu barədə Suraxanı Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Rayon icra hakimiyyətinin, Prezident Yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə 270 nömrəli tam orta məktəbdə “Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan dövlətçilik tarixinin parlaq səhifəsidir” mövzusunda maarifləndirici tədbir keçirilib.

Suraxanı Rayonu İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Rəşid Məmmədov 2018-ci ilin Prezident İlham Əliyev tərəfindən ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildiyini xatırladıb. Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin ölkəmizdə qeyd olunması azərbaycançılıq təfəkkürünün möhkəmlənməsinə və zənginləşməsinə, həmçinin gələcək nəsillərin müstəqil dövlətçilik ideyaları əsasında tərbiyə olunmasına xidmət edir.

Məruzə ilə çıxış edən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin əməkdaşı Samir Mirzəyev 100 il bundan əvvəl cəmi 23 ay ömür yaşamış Şərqin ilk demokratik respublikasının tarixi, onun fəaliyyəti haqqında ətraflı məlumat verib. O qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə ölkəmizin gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb.

Sonra məruzəçi Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları, onların diplomatik fəaliyyəti, bu dövrdə parlamentin formalaşması və qısa müddət ərzində qəbul etdiyi qanunlar, elm və təhsil, siyasi partiyalar və dövlət quruculuğunda onların rolu, dövlət-din münasibətləri və digər sahələrdə fəaliyyəti barədə ətraflı məlumat verib.

Tədbirdə 270 saylı tam orta məktəbin direktoru Əli İsgəndərov da mövzu ilə bağlı çıxış edib.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here