Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən tədbir keçirib

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dövlətçilik tariximizin parlaq səhifələrindəndir AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional Filialı Kürdəmir rayon Mərkəzi Kitabxanası ilə birgə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən tədbir keçirib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə muzeyin Aran Regional Filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı 1918-ci il mayın 28-də müsəlman Şərqində yaradılan və xalqımızın dövlətçilik tarixində misilsiz rolu olan ilk demokratik, parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyəti barədə məlumat verib. Bildirib ki, cəmi 23 ay yaşamış Cümhuriyyət zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə ölkəmizin gələcək müstəqilliyi üçün etibarlı zəmin yaradıb.

2018-ci ilin Prezident İlham Əliyev tərəfindən ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildiyini xatırladan Y.Bahadurqızı vurğulayıb ki, AXC-nin 100 illiyinin ölkəmizdə qeyd olunması azərbaycançılıq təfəkkürünün möhkəmlənməsinə və zənginləşməsinə, həmçinin gələcək nəsillərin müstəqil dövlətçilik ideyaları əsasında tərbiyə olunmasına xidmət edir.

Sonra çıxış edən Kürdəmir rayon 6 saylı məktəbin dil-ədəbiyyat müəllimi Flora Yaqubova Azərbaycan Xalq Cümhuriyyətinin Paris sülh konfransının qərarına əsasən müstəqil dövlət kimi tanınmasından, dünyanın bir çox ölkələri ilə səfirlik və nümayəndəliklər səviyyəsində diplomatik münasibətlər yaratmasından, 1920-ci il

Aprelin 28-də bolşevik Rusiyasının işğalı nəticəsində süquta uğramasından bəhs edib.

Daqha sonar Kürdəmir rayon Mərkəzi Kitabxananın əməkdaşı Məhinə Şirəliyeva və tarixçi-tədqiqatçı Ağa Zeynalov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair sənədlərin araşdırılaraq yenidən tədqiq edilməsinin və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıblar.

Tədbir bədii hissə ilə davam etdirilib. Bədii hissədə Cümhuriyyət dövrü ilə bağlı tarixi kadrları özündə əks etdirən videosüjet nümayiş etdirilib, məktəblilər Vətən, bayraq, azadlıq, müstəqillik haqqında şeirlər söyləyiblər.

SİA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here