RESPONSIVE LEADERBOARD AD AREA
MÜSAHİBƏ 2019.09.30 17:13

Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığı ən yüksək səviyyədə təmin edilir

60

Arzuman Abdulkərimov: “Çünki bu prinsiplərin təmin edilməsində, onların inkişaf etdirilməsində dövlət, onun müvafiq strukturları, ən əsası isə dövlət başçısı maraqlıdır”

Bütün parametrlər üzrə özünün inkişaf dövrünü yaşayan Azərbaycanda demokratik prinsiplər, dəyərlər, insan hüquq və azadlıqları da ən yüksək səviyyədə qorunur, bu prinsiplərin daha da inkişaf etdirilməsi məqsədilə davamlı və sistemli addımlar atılır. Demokratik cəmiyyətlərin əsas göstəricilərindən sayılan fikir, söz, məlumat və ifadə azadlığı da ölkəmizdə ən yüksək səviyyədə qorunur, təmin edilir. Bunu sübuta yetirmək üçün təkcə bir fakt, Ədliyyə Nazirliyindən dövlət qeydiyyatıədan keçmiş kütləvi informasiya vasitələrinin sayını göstərmək kifayətdir. Elə Yeni kanal internet televiziyasının rəhbəri, “Hilal” təşkilatının sədri Arzuman Abdulkərimov da bu qənaətdədir. Onunla söhbətimizdə ölkədə fikir, söz, məlumat və ifadə azadlığının vəziyyətindən, dövlətin bu sahəyə diqqət və qayğısından danışdıq.

-Arzuman bəy, demokratik cəmiyyətin əsas prinsiplərindən, göstəricilərindən biri olan fikir, söz və məlumat azadlığı Azərbaycanda necə təmin olunur? Siz Yeni Kanal internet televiziyasının rəhbəri, eyni zamanda vətəndaş cəmiyyətinin nümayəndəsi olaraq Azərbaycanda bu istiqamətdə mövcud olan vəziyyəti necə dəyərləndirərdiniz?

-Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığı ən yüksək səviyyədə təmin edilir. Çünki bu prinsiplərin təmin edilməsində, onların inkişaf etdirilməsində dövlət, onun müvafiq strukturları, ən əsası isə dövlət başçısı maraqlıdır. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin dövlət başçısı kimi fəaliyyət göstərdiyi 16 il ərzində qeyd etdiyimiz istiqamətdə atdığı addımlar, bu məqsədlə imzaladığı fərman və sərəncamlar belə deməyə əsas verir.

Məlum olduğu kimi Cənab İlham Əliyevin dövlət başçısı kimi fikir, söz, məlumat və ifadə azadlığının təmin edilməsi istiqamətində atdığı ilk addımlardan biri ölkədə nəşr olunan, işıq üzü görən kütləvi informasiya vasitələrinin, qəzetlərin Azərbaycan Nəşriyyatına olan borclarının tamamilə ləğv edilməsi oldu. Məlumat üçün qeyd edək ki, hələ ümummilli lider Heydər Əliyevin zamanında ölkədə işıq üzü görən kütləvi informasiya vasitələrinin Azərbaycan Nəşriyyatına olan borclarının müəyyən müddətə dondurulması barədə qərar qəbul edilmişdi. Həmin dövrdə ümid edilirdi ki, qəzetlər onlara yaradılan bu fürsədən yararlanaraq maddi vəziyyətlərini bir qədər düzəldər və müəyyən müddətdən sonra Azərbaycan Nəşriyyatına olan borclarını ödəmək qabiliyyətində olarlar. Lakin ölkədə iqtisadi vəziyyətin o illərdə o qədər də yaxşı olmaması, Rusiyadan gətirilən qəzet kağızının qiymətinin tez-tez qalxması, eyni zamanda mövcud olan digər bu kimi problemlər qəzetlərə Azərbaycan Nəşriyyatına olan borclarını ödəmək üçün imkan vermirdi. Onlar yalnız öz məhdud yaradıcı heyətlərini, eyni zamanda lazımı texniki vasitələri əldə etmək gücünə malik bir büdcəyə sahib olurdular. Təbii ki, bütün bunlar Cənab İlham Əliyev tərəfindən təhlil edilir, bu istiqamətdə hansı addımların atılmalı olduğu nəzərdən keçirilirdi. Beləliklə, Cənab İlham Əliyevin dövlət başçısı kimi atdığı ilk addımlardan biri ölkədə nəşr edilən qəzetlərin Azərbaycan Nəşriyyatına olan borclarının ləğv edilməsi oldu. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2006-cı il fevralın 8-də imzaladığı Sərəncama əsasən ölkədə nəşr edilən qəzetlərin, redaksiyaların “Azərbaycan” nəşriyyatına olan 400 min manat məbləğində borcu dövlət büdcəsindən ödənildi. Bu həmin dövrdə kifayət qədər böyük məbləğ idi və sözügedən məbləğin dövlət büdcəsi tərəfindən qarşılanması qəzetlər üçün sanki bir nəfəslik açılması anlamı daşıyırdı. Eyni zamanda Cənab İlham Əliyevin imzaladığı həmin sərəncam dövlət başçısının ikir, söz, məlumat və ifadə azadlığının təmin olunmasında nə qədər maraqlı olduğunu ortaya qoyurdu.

-Dövlət başçısının bu istiqamətdə atdığı addımlar, imzaladığı fərman və sərəncamlar ölkədə azad medianın formalaşmasına nə dərəcədə təkan  verdi?

-Əslində yuxarıda qeyd etdiyimiz hadisədən, qəzet redaksiyalarının Azərbaycan Nəşriyyatına olan borclarının dövlət büdcəsindən ödənilməsi barədə tarixi sərəncamdan əvvəl. daha dəqiq desək 2005-ci ildə qəbul edilmiş “İnformasiya əldə etmək haqqında” Qanun söz və məlumat azadlığına, mətbuatın və jurnalistlərin müstəqil fəaliyyətinə tam təminat verirdi. Bununla həm də dünyaya sübut edilirdi ki, Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığı yalnız sözdə təmin edilir. Eyni zamanda əməldə də biu tətbiq olunur, ona ən yüksək səviyyədə əməl olunur.

-Sonrakı illərdə bu istiqamətdə bir-birinin ardınca atılan addımlar bunu bir daha təsdiqlədi

-Tamamilə doğru buyursunuz. Cənab İlham Əliyev kütləvi informasiya vasitələrinə, qəzetlərə təkcə maddi dəstək verməklə kifayətlənmir, eyni zamanda onların daha məhsuldar, səmərəli çalışması, işləməsi üçün stimul verir, atdığı addımlar, imzaladığı fərman və sərəncamlarla həvəsləndirirdi. Məsələn, dövlət başçısının imzaladığı müvafiq sərəncamlar əsasında kütləvi informasiya vasitələrininn əməkdaşlarının müntəzəm olaraq mükafatlandırılması, onlara müxtəlif fəxri adlar, dövlət mükafatlarının verilməsi həm bu sahədə çalışanların daha da həvəsləndirilməsi, onlara stimul verilməsi idisə, həm də Cənab Prezident İlham Əliyev tərəfindən jurnalist əməyinə verilən yüksək dəyər, qiymət idi.

-Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması medianın, kütləvi informasiya vasitələrinin durumunu, onların maddi vəziyyətini nə dərəcədə yaxşılaşdırdı?

-Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu təsis edilmədən öncə  
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 2008-ci il 31 iyul tarixli Sərəncam ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” təsdiq edildi. İlk növbədə sözügedən konsepsiyanın təsdiq edilməsi  söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin müstəqilliyinin təmin edilməsi məqsədilə kompleks tədbirlər nəzərdə tutan mühüm sənəddir. Sözügedən Konsepsiyanın təsdiq edilməsindən qısa bir müddət sonra dövlət başçısının imzaladığı müvafiq sənəd əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Elə sözügedən fondun yaradılmasının ilk ilində, yəni 2009-cu ildə bu məqsədlə dövlət büdcəsindən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1,3 milyon manat vəsait ayrıldı. Fondun fəaliyyət göstərdiyi müddətdə qəzetlərin layihələrini maliyyələşdirməsi, onlara həmin layihələri həyata keçirmək üçün müəyyən məbləğdə maliyyə vəsaiti ayırması ölkədə kütləvi inormasiya vasitələrinin maddi-texniki bazasının gücləndirilməsinə təkan verdi. Adıçəkilən fondun yaradılmasının digər bir mühüm göstəricisi, müsbət tərəfi də ondan ibarət idi ki, artıq kütləvi informasiya vasitələri, eləcə də həmin media qurumlarında çalışan jurnalistlər siyasiləşmir, peşə fəaliyyətini siyasi fəaliyyətlə eyniləşdirmirdi. Hər kəsə bəllidir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi ondu yaradılana qədər ölkədə fəaliyyət göstərən, işıq üzü görən qəzetlərin, media orqanlarının böyük bir hissəsi bu və ya digər dərəcədə hansısa siyasi partiya və ya təşkilata bağlı idi. Bəzi mətbu orqanlar açıq-aşkar hər hansı bir siyasi patiyanın madi dəstəyi ilə işıq üzü gördüyü üçün orrtaya konkret siyasi mövqe qoyurdu. Bu da artıq medianın, mətbuatımızın siyasiləşməsi demək idi. Ancaq bu da birmənalıdır ki, jurnalist, kütləvi informasiya vasitəsinin təmsilçisi müstəqil olmalı, öz yazılarında, şərhlərində tərəf kimi çıxış etməməli, siyasi mövqe ortaya qoymamalıdır. Dövlət başçısı Cənab İlham Əliyevin imzaladığı müvafiq sənəd əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması ilə istər media qurumları, istərsə də həmin media qurumlarında çalışan jurnalistlərə müstəqillik verilmiş oldu.  Təsadüfi deyil ki, fikir, söz, məlumat və ifadə azadlığının təmin olunması sahəsində ölkədə məqsədypnlü şəkildə həyata keçirilən tədbirlər və siyasət nəticəsində bu gün Azərbaycan Respublikası kütləvi informasiya vasitələrinin sayına görə MDB və Şərqi Avropa ölkələrində birinci yerləri bölüşdürür. Bu müsbət tendensiyanın müşahidə edilməsində Cənab Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısı xüsusi qeyd edilməlidir. Görünən odur ki, Azərbaycanda fikir, söz və məlumat azadlığı ölkə Prezidenti cənab İlham Əliyevin siyasi kursunun mühüm tərkib hissəsidir.

Olaylar.Az

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı