Azərbaycanın layiqli Silahlı Qüvvələri var

Mübariz Göyüşlü
Diaqlo.info təhsil saytının baş redaktoru,
BDU-nun Jurnalistika fakültəsinin dissertantı

Ordu dövlətimizin dayağı, xalqımızın şərəfidir. Ordusuz dövlət, xalq müasir dünyada ərazi bütövlüyünü, suverenliyini çox çətin bir şəkildə qoruyub saxlaya bilər. Hazriki şəraitdə dünyada məhz güclü orduya malik olan dövlətlər beynəlxalq siyasətdə aparıcı rola malikdirlər.
Azərbaycan Respublikası müstəqillik əldə edən zamandan ordu quruculuğuna xüsusi diqqət ayırmışdır. Azərbaycan Ordusu 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) ordu sahəsindəki ənənələrini özündə yaşadaraq müasir dövrün tələblərinə uyğun bir şəkildə formalaşır, inkişaf edir.
Çar Rusiyasının və sovet imperiyasının müstəmləkəsi olduğumuz zaman Azərbaycan türklərini orudya cəlb etmirdilər. Bu, müstəmləkə siyasəti həyata keçirənlərin məkrli və düşünülümüş bir addımı idi ki, xalqımız hərb işini bilməsin, hərbi sahədə düşmənlər qarşısında aciz duruma düşək. Etiraf etmək lazımdır ki, bəzən onlar bu istəklərinə nail ola bilirdilər. Amma 23 aylıq AXC-nin mövcudluğu və o zaman ordu quruculuğunun yüksək səviyyədə həyata keçirilməsi həmin planları müəyyən qədər poza bildi. Təsadüfi deyil ki, Prezident Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Məlumat üçün bildirək ki, 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlandı. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi. İstedadlı general Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin edildilər. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Bu hərbi birləşmələr Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək səriştəlilik göstərdi, Qazaxda Azərbaycan sərhədlini pozmuş erməni nizami ordu hissələrini darmadağın etdi. Azərbaycan ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi istedadlı generalları var idi.
Hər birimiz bilməliyik ki, müasir ordumuzun belə bir şanlı tarixi var. Lakin yuxarıda da qeyd etdiyimiz kimi sovet imperiyasının məqsədyönlü siyasəti nəticəsində azərbaycanlılar orduda mühüm işlərdən kənmarlaşdırılır, lazımsız sahələrə yönəldilirdilər. Bu da öz nəticəsini ölkəmizin müstəqilliyinin ilk illərində Ermənistanla müharibə zamanı göstərdi ki, ordumuz, dövlətimiz ilk anlarda çətin duruma düşdü. Böyük dövlətlərin dəstəyi ilə dişindən dırnağına qədər silahlanmış ermənilər ilk dövrlər müyyən üstünlük əldə etsələr də ordumuz sonradan təşəbbüsü ələ aldı və bir sıra uğurlu nəticələr də göstərdi, qələbələr də qazandı. Sadəcə olaraq siyasətçilərimizin qətiyyətsizliyi, xaotik durum və hərc-mərclik bu qələbələri axıra çatdırmağa, torpaqlarımızın işğalının qarşısını ala bilmədi.
1991-ci ilin sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması baradə qərar qəbul edildi. Azərbaycan dövləti inkişaf edib gücləndikcə ordumuz da tam olaraq formalaşır, orduda isalahatlar aparılır, döyüş qabiliyyəti yüksəlir, peşəkar kadrlarla və texnika, silah-sursat baxımından tam şəkildə təmin olunur. Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Ordumuz fasiləsiz olaraq peşəkar kadrlarla təmin edilir. Prezident Heydər Əliyevin 20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdır.
Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir. Yalnız bir faktı qeyd edək ki, müasir dövrdə azərbaycan ordusu üçün büdcədən ayrılan vəsait Ermənistanın bütövlükdə büdcəsinə bərabərdir. Hesab edirik ki, bu da işğalçı ölkəyə ciddi bir siqnal olmalıdır və təcavüzkar başa düşməlidir ki, bizim səbrimiz sonsuz deyil. Bununla yanaşı, Azərbaycan Prezidentinin Fərmanı ilə yaradılan Müdafiə Sənayesi Nazirliyində 400 addan çox müdafiə təyinatlı məmulatın istehsalının həyata keçirilməsi ölkəmizin hərbi qüdrətinin artmasının mühüm göstəricilərindən biridir. Bu, Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkan yaratmışdır.
Son illər ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində böyük işlər görülmüşdür. Müasir silahlar, sursatlar, hərbi texnika alınır və bu proses davam etdirilir. Son illər ərzində hərbi potensialımız yüksək dərəcədə artmışdır. Biz müasir tipli döyüş təyyarələri, döyüş və hərbi nəqliyyat helikopterləri alırıq. Artilleriya qurğuları, zirehli texnika, rabitə vasitələri, pilotsuz təyyarələr alınır və ordumuzun hərbi gücü artır. Eyni zamanda, Azərbaycanda səkkiz il bundan əvvəl yaradılmış Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik. Bu gün Azərbaycan Ordusunun təchizatı, o cümlədən daxildə istehsal olunan məhsullar hesabına formalaşır. Azərbaycanda müxtəlif növ silahlar, sursatlar, hərbi texnika istehsal olunur. Patronlar, silahlar, mərmilər, tapançalar, avtomatlar, pulemyotlar, minaatanlar, snayper tüfəngləri, zirehli texnika, pilotsuz təyyarələr – bütün bunlar Azərbaycanda istehsal olunur və onlar yüksək səviyyədədir. Belə ki, beynəlxalq sərgilərdə nümayiş etdirilən Azərbaycan hərbi texnikası dünya miqyasında da böyük qiymətə malikdir.
Ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi və modernləşdirilməsi üçün biz bütün imkanlardan istifadə edirik və bundan sonra da edəcəyik. Biz ölkəmiz üçün ən ağrılı problem – Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli üçün çalışırıq. Azərbaycan torpaqları uzun illərdir ki, işğal altındadır. Halbuki, Azərbaycanın ərazi bütövlüyü dünya birliyi tərəfindən tanınır və son zamanlar verilən yeni bəyanatlar, mötəbər beynəlxalq təşkilatlar tərəfindən verilən qərarlar, qəbul edilmiş qətnamələr bir daha Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Buna baxmayaraq, məsələ öz həllini hələ də tapmır. O cümlədən, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının – dünyanın ən mötəbər qurumunun 4 qətnaməsi, digər beynəlxalq təşkilatların oxşar qərar və qətnamələri icra edilmir.
Lakin təcvüskar Ermənistan, separatçı qurumun rəhbərliyi və onların havadarları bilməlidirlər ki, Azərbaycan ordusu torpaqları işğaldan azad etməyə qadirdir. 2016-cı ilin aprel ayında baş vermiş döyüşlər də bunun əyani sübutudur. Həmin tarixə qədər qalib ədasıyla öyünən ermənilər ondan sonra Azərbaycan ordusunun döyüş qabiliyyətinin şahidi oldular. Şübhəsizdir ki, əgər böyük dövlətlərin dəstəyi olmasaydı ordumuz torpaqlarımızı işğaldan azad edəcəkdi. Lakin buna baxmayaraq uğurlu hərbi əməliyyatlar xalqımızın orduya olan etibarını və inamını artırdı, gənclərimizdə orduya qarşı böyük bir sevgi, istək formalaşdırdı.
Bu gün biz qətiyyətlə deyə bilərik ki, Ali Baş Komandan İlham Əliyevin verdiyi əmrlə ordumuz işğal olunmuş Qarabağ torpaqlarını qısa bir müddətdə düşmən işğalından azad edə biləcək. Ümummilli lider Heydər Əliyevin sözləri ilə məqaləmizi yekunlaşdırmaq istəyirik: “Biz bu gün böyük iftixar hissi ilə deyirik ki, Azərbaycan Respublikasının milli ordusu – respublikamızın milli təhlükəsizliyini, əhalimizin əmin-amanlığını və mühafizəsini təmin etmək üçün, ölkəmizin sərhədlərinin qorunması, ərazi bütövlüyünün, torpaqlarının müdafiə edilməsi üçün Azərbaycanın layiqli Silahlı Qüvvələri vardır”. Doğurdan da bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Bu ordu işğal olunmuş ərazilərimizi düşməndən azad etməli, ölkəmizin ərazi bütövlüyünü qorumalıdır.

Məqalə “Universitet Təhsilli Qadınlar Cəmiyyətinın” Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyil ilə həyata keçirdiyi “Hərbi-vətənpərvərlik tərbiyəsində Multimediyanın rolunun artırılması” layihəsi çərçivəsində “Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi” mövzusunda müsabiqəyə təqdim olunur.
23 noyabr 2016-cı il