Azərbaycanın üç boksçusu Avropa çempionatında mərhələ adlayıb

Xarkovda keçirilən kişi boksçular arasında Avropa çempionatında səkkizdəbir final mərhələsinə start verilib.

İyunun 20-də Azərbaycan millisinin beş idmançısı rinqə çıxıb. Onlardan üçü qalib gələrək mərhələ adlamaqla yanaşı, dünya çempionatına lisenziya qazanıb.

Yığmamızın heyətində 49 kiloqram çəki dərəcəsində mübarizə aparan Məsud Yusifzadə Nazar Kurotçinlə (Ukrayna) üz-üzə gəlib. Görüş rəqibin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Həmçinin 64 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan boksçusu Lorenzo Sotomayor fransalı Vahid Hamblini 4:1 hesabı ilə məğlub edib. L.Sotomayor dörddəbir finalda polşalı Mateuş Polski ilə gücünü yoxlayacaq.

İkiqat dünya çempionumuz Məhəmmədrəsul Məcidov (+91 kq) da yarışda ilk döyüşünü qələbə ilə başa vurub. O, belaruslu Aleksandr Kaleyevə 4:1 hesabı ilə qalib gəlib. M.Məcidov yarımfinala gedən yolda Fransa təmsilçisi Kamili Dini Aboudo Moindze ilə qarşılaşacaq.

Çempionatda 52 kiloqram çəki dərəcəsində rinqə çıxan Elvin Məmişzadə italiyalı Manuel Fabritsio Kappai ilə döyüşüb. Qarşılaşmadan rəqib üstün ayrılıb – 5:0.

Çempionatın dördüncü günündə 69 kiloqram çəki dərəcəsində Pərviz Bağırov da ilk sınağına çıxıb. Bolqarıstanlı Simyon Çamovla üz-üzə gələn həmyerlimiz 4:1 hesabı ilə qələbə qazanıb. O, növbəti qarşılaşmada ukraynalı Yevgeni Barabanovla mübarizə aparacaq.

Dörddəbir final döyüşləri iyunun 21-də keçiriləcək.

Bu gün daha dörd boksçumuz səkkizdəbir final görüşünə çıxacaq.

AZƏRTAC