Azərbaycanlı alimlər Türkiyədə fındıqçılığa dair simpoziumda məruzə ilə çıxış ediblər

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şəki Regional Elmi Mərkəzinin direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Fərhad Əzizov və şöbə müdiri Coşqun Məmmədov Türkiyədə fındıqçılığa həsr olunmuş beynəlxalq simpoziumda iştirak ediblər.

AMEA-dan  bildiriblər ki, tədbirdə azərbaycanlı alimlər fındıq bitkisinin xalq seleksiyasına aid növlərinin aşkarlanması, təsərrüfat əhəmiyyətli nümunələrinin biomorfoloji göstəricilərinin təyin olunması, pasportlaşdırılması və genetik banka daxil edilməsi istiqamətləri üzrə nəticələrə dair məruzələrlə çıxış ediblər.

Məruzələrdə Azərbaycanın şimal-qərb bölgəsində yetişdirilən fındıq bitkisinin yabanı və mədəni növlərinin biomüxtəlifliyi və onlardan davamlı istifadə barədə iştirakçılara məlumat verilib.

İki gün davam edən simpoziumda fındıq bitkisinin becərilməsi və yığımının təşkili, məhsulun təmizlənməsi və emalı, ixracın stimullaşdırılması, sağlam rəqabət mühitinin formalaşdırılması, bazarda payın qorunub saxlanması və artırılmasına dair müzakirələr aparılıb.

AZƏRTAC