RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Azərbaycanlı gənclərin Roma forumu keçirilib

11

Mayın 18-də Avropada təhsil alan azərbaycanlı gənclərin Roma forumu keçirilib.

Azvision.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, sədr müavini Faiq Quliyev, Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə, Təhsil Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdir müavini Rəna Abdullayeva, 200 nəfərə yaxın tələbə iştirak ediblər.

Forumu Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının (AİGA) sədri Fərid Abbasov açıb.

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə dövlətlərimiz arasındakı ikitərəfli münasibətlər, təhsil sahəsində qarşılıqlı əməkdaşlıq, İtaliyada təhsil alan azərbaycanlıların dövlətlərarası münasibətlərdə rolundan danışıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Avropada təhsil alan azərbaycanlı tələbələrin diaspora fəaliyyəti barədə ətraflı məlumat verərək, bu qitədə diasporun formalaşmasında gənclərin roluna, təhsil səhəsində həyata keçirilən mübadilələrə, İtaliyanın müxtəlif universitetlərində azərbaycanlı tələbələrin sayının artmasına diqqəti cəlb edib.

O, bildirib ki, Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsində və qorunmasında gənclərimizin rolu böyükdür. Odur ki, gənclərimizin keyfiyyətli təhsil alması olduqca vacibdir.

Azərbaycan dövlətinin gənclərə qayğı və diqqətlə yanaşdığını vurğulayan F.Muradov xatırladıb ki, məhz xaricdə təhsil alan soydaşlarımız Vətənimizlə bağlı Qərb ölkələrində keçirilən tədbirlərdə fəallıq nümayiş etdirirlər. Bunun nümunəsi “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində keçirilən tədbirlər zamanı hiss edilir, bu yaxınlarda isə Brüsseldə keçirilən aksiyada da bir daha sübut olundu.

Azərbaycanın Təhsil Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli Avropada təhsil almış tələbələrin diplomlarının tanınması və nazirlik tabeliyində olan qurumlarla iş imkanlarından danışıb. O, qeyd edib ki, dövlət proqramı əsasında xaricdə 3500-dən çox azərbaycanlı gənc təhsil alıb və Avropada təhsil alan hər bir azərbaycanlı gənc ölkəmiz üçün qiymətlidir. N.Məmmədli deyib ki, Vətənimizin gələcəyi üçün daha yaxşı kadrların hazırlanması prioritet məsələlərdən biridir. Buna görə də xaricdə təhsil almaq üçün hər cür şərait yaradılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdir müavini Rəna Abdullayeva Avropada təhsil almış və ixtisaslaşmış kadrlar üçün Azərbaycanda potensial iş imkanları barədə məlumat verib. O, ölkəmizdə tətbiq olunan sosial-intisadi innovasiyalardan və gənclər arasında sahibkarlığın inkişafından danışıb.

Tədbir fikir mübadiləsi ilə davam etdirilib. Dövlət qurumlarının rəsmiləri gənclərin Avropada qarşılaşdıqları problemləri diqqətlə dinləyiblər və onların bütün suallarına ətraflı cavab veriblər.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı