“Azərsu”da BDU-nun filialı açılıb

“Azərsu”da BDU-nun filialı açılıb

Bakı Dövlət Universitetinin Hidrometeorologiya kafedrasının “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Sukanal Elmi Tədqiqat və Layihə İnstitutu”nun nəzdindəki filialının açılışı olub.
BDU-nun Mətbuat və informasiya şöbəsindən verilən məlumata görə, rektor, akademik Abel Məhərrəmov Bakı Dövlət Universiteti ilə “Azərsu” ASC arasında “Təhsil, elm və təlim-tədris sahəsində əməkdaşlığa dair” imzalanmış memorandum əsasında universitetin Elmi Şurasının qərarı ilə yaradılan filialın fəaliyyətə başlamasını yüksək qiymətləndirib.
O bildirib ki, filialın yaradılmasında əsas məqsəd BDU-da tədris prosesinin elmi tədqiqatla əlaqələndirilməsi, elm və təhsilin istehsalatla inteqrasiyasının gücləndirilməsi, tələbə, magistr və doktorantlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki bilik, bacarıq və vərdişlərin formalaşdırılması, müxtəlif elm sahələrində elmi yeniliklərin və innovasiyaların tədris prosesinə tətbiqi, müvafiq ixtisas sahələri üzrə aparıcı mütəxəssislərin tədris prosesinə cəlb edilməsi və birgə elmi tədqiqatların aparılmasından ibarətdir.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov da filialın yaradılmasının əhəmiyyətindən danışıb. O qeyd edib ki, “Sukanal Elmi Tədqiqat və Layihə İnstitutu” yaşayış məntəqələrinin mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya sistemlərinin tikintisi, yenidən qurulması üçün müvafiq layihələrin, texniki-iqtisadi əsaslandırmaların hazırlanmasında, tikinti üçün kompleks mühəndis axtarışlarının, sahə üzrə elmi-tədqiqat və tədqiqat işlərinin aparılmasında aparıcı elmi-tədqiqat və layihə təşkilatıdır.
Belə bir institutda Hidrometeorologiya kafedrasının filialının fəaliyyətə başlaması, həm tələbələrin təcrübi biliklərinin genişləndirilməsi, həm də institutda çalışan gənc mütəxəssislərin bilik və bacarıqlarının artırılması məqsədi ilə BDU alimləri tərəfindən təşkil olunmuş kurslarda və treninqlərdə iştirakı baxımından faydalıdır.