Azərbaycan İlahiyyat İnstitutunda abituriyentlərin qeydiyyatı prosesi sentyabrın 3–dək aparılacaq

Azərbaycan İlahiyyat İnstitutuna (Aİİ) qəbul olunmuş gənclərin avqustun 16-dan başlanan qeydiyyat prosesi davam edir. Bu ali məktəbin tələbəsi adını qazananlar tələb olunan sənədləri instituta təqdim etməklə qeydiyyatdan keçirlər.

İnstitutdan  bildiriblər ki, avqustun 28-də Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov qəbul prosesini izləyib.

Rektor qəbula gələn valideynlərlə də görüşüb, övladlarının Aİİ-nin tələbəsi adını qazanması münasibətilə onları təbrik edib, yeni tədris ilində uğurlar arzulayıb.

C.Məmmədov vurğulayıb ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan din siyasətini hazırda Prezident İlham Əliyev uğurla davam etdirir. Bu gün Azərbaycanda bütün sahələrdə olduğu kimi din sahəsinə də böyük qayğı var. Azərbaycan İlahiyyat İnstitutunun yaradılması bu qayğının təzahürüdür.

Bildirilib ki, Aİİ Azərbaycan xalqının tarixi ənənələrə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması, inkişafı və dini fəaliyyət sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasının təmin edilməsi məqsədilə müasir təhsil standartları və müvafiq sahədə dünya təcrübəsi əsasında qurulmuş yeni institutdur.

İnstitutda müasir sosial elmlərin metodları əsasında İslamla yanaşı, digər dünya dinlərinin inanc, ibadət, əxlaq sistemi və ictimai strukturları, həmçinin dini elmlərlə yanaşı fəlsəfə, sosiologiya, psixologiya, multikulturalizm və s. sosial və humanitar elmlər də tədris olunacaq. Eyni zamanda, Aİİ-də tələbələr ingilis, ərəb, klassik ibrani, sanskrit, klassik yunan, latın, rus və fars dillərini yüksək səviyyədə öyrənmək imkanına malikdirlər.

Qeyd edək ki, həftəsonu və qeyri-iş günü olmasına baxmayaraq Aİİ avqustun 25-26-da da qeydiyyat prosesini təşkil edib.

Bu günə olan məlumata görə, Aİİ-də dinşünaslıq ixtisası üzrə 22 nəfər, islamşünaslıq ixtisası üzrə isə 30 nəfər qeydiyyatdan keçib. Beləliklə, dinşünaslıq ixtisası üzrə qəbul olunan bütün tələbələr artıq qeydiyyatdan keçmiş sayılırlar. İslamşünaslıq ixtisası üzrə isə prosesin yekunlaşması üçün son beş nəfər qeydiyyatdan keçməlidir. Ümumilikdə, Aİİ-də qeydiyyat prosesi sentyabrın 3–dək aparılacaq.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here