RESPONSIVE LEADERBOARD AD AREA
BAXIŞ BUCAĞI 2019.10.23 15:01

Azərbaycan üçün mümkün senari: bizi nə gözləyir?

119

Dağılan şəhərlər, qəfil partlayan bombalar, narkotik aludəçisi olan yeniyetmə və gənclər, çökmüş təhsil və səhiyyə sistemi, işsizlik, gecikən əməkhaqları və təqaüdlər, ərzaq qıtlığı və ən sonda nəinki Qarabağı, ətraf rayonları da könüllü şəkildə Ermənistana bağışlamaq. Bütün bunlar o senari baş tutarsa olacaq…

Azərbaycan olduqca uzun müddətdir ki, sabitlik zolağındadır. Bu sabitlik insanların rifah halının yüksəlməsinə səbəb olan dayanıqlı inkişafı da mümkün edir. Ona görə də dövlətimiz istər daxildə, istərsə də xaricdə həlli vacib məsələləri uğurla həll edir. Təbii ki, ən əsas məsələmiz olan Ermənistanın işğalı hələ həllini gözləyir. Lakin özəlliklə də Prezident İlham Əliyevin bu yöndə qətiyyətli və birmənalı mövqe sərgiləməsi, eyni zamanda tam olmasa da diplomatik komandamızın çalışmaları məsələnin məhz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini yaxınlaşdırır. Bura onu da əlavə edək ki, ölkəmiz həm iqtisadi imkanlarına, həm insan resurslarına, həm də hərbi qüdrətinə görə nəinki işğalçı Ermənistanı, ümumiyyətlə dünyanın bir çox ölkələrini ciddi fərqlə qabaqlayır. Elə il olmur ki, Azərbaycan müxtəlif nüfuzlu beynəlxalq qurumların reytinq cədvəllərində öz yerini yaxşılığa doğru yeniləmiş olmasın. Düzdür, geri getdiyimiz məqamlar da gözə dəyir. Lakin olduqca cüzi. Bu da yəqin ki, cənab Prezidentin konkret sahəni etibar etdiyi kadrların yarıtmazlığındandır ki, onun da sınanılmış həlli yolu bəllidir: işinin öhdəsindən gələ bilməyən, zamandan və ümumi islahatlar qatarından geri qalan kadrların yeniləri ilə əvəzlənməsi. Praktikada bu cür hallar olub və faydasını da verib. Yeri gəlmişkən, Azərbaycanı reytinq cədvəllərində geri aparan qurumlar sırasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi öndə gedir. İctimaiyyət davamlı şəkildə həyəcan təbili çalsa da nazir Ramin Quluzadənin, hələ ki, tükü də tərpənmir. Halbuki ondan gözlənən Prezident İlham Əliyevin islahatçı ruhuna uyğun çeviklik göstərib yanlışları aradan qaldırmaq, prosesləri əngəlləməkdən çəkinməkdir…

Azərbaycanın sabit və dayanıqlı inkişafı istənilən halda həm də işğalçı Ermənistanın əhalisi üçün də cəlbedici görünür. Çünki istər-istəməz o ölkənin siyasi proseslərdən uzaq olan sadə insanları müqayisə aparır, öz dövlətinin niyə üstün durumdaykən bu qədər acınacaqlı duruma düşməsini sorğulayır. İllər öncə ermənilər qürurlanırdı ki, Azərbaycanı məğlub, torpaqlarını işğal ediblər. Hətta o da yadımızdadır ki, Qarabağ və ətrafını işğal edən ermənilər çox yaxında Mingəçevirə qədər əraziləri ələ keçirib Azərbaycanı dizə gətirəcəklərini iddia edirdilər. Üstəlik onu da xatırlayırıq ki, işğalçı Ermənistanın səfərbər etdiyi beynəlxalq terrorçular Bakını Beyruta, Azərbaycanı Livana çevirəcəklərini iddia edirdilər. Onların bu planı həqiqətən də işləməyə başlamışdı. Lakin sonradan bilgə dövlət adamı Heydər Əliyevin hakimiyyətə qayıtması, xalqı bir anda səfərbər edib iç çatışmaları sonlandırması ermənilərin və onların havadarlarının bütün planlarını alt-üst elədi. Onlar qarşılarında ciddi dirəniş görüncə dayanmağa, atəşkəs elan etməyə məcbur oldular. 1994-cü ilin mayında Heydər Əliyev heç nəyə baxmadan bu plana razılaşdı ki, darmadağın olmuş Azərbaycan bir anlıq dayansın, nəfəs alsın və özünü toparlasın. Bunun üçünsə olduqca çox iş görmək lazım idi. Heydər Əliyev gələcəyə yönəlik strategiya müəyyən etdi, vətəndaş həmrəyliyini gerçəkləşdirdi, Azərbaycanı sabit inkişaf yoluna çıxardı. Bununla da bugünkü güclü Azərbaycanın etibarlı təməli atıldı. Təbii ki, hər keçən il daha da güclənən Azərbaycanın qarşısında getdikcə gücdən düşən Ermənistan artıq at oynada bilməzdi. Ona görə də Ermənistan artıq bu dəfə Mingəçeviri, Yevlaxı, Gəncəni unudub işğal etdiyi Qarabağı əlində saxlamaq üçün çalışmağa məcbur oldu. Lakin bu da bir yerə qədər. Çünki indi elə bir durum yaranıb ki, artıq dünyanın ən nüfuzlu və güclü qurumları Ermənistanın Azərbaycan torpaqlarından çıxmasını xalqlar və ölkələr arasında etimadın bərpası üçün yeganə yol kimi görürlər. Durum bizim üçün əlverişlidir və ortalığı qarışdırıb fikrimizı yayındıranlar olmasa Qarabağ məsələsini yaxın vaxtlarda ərazi bütövlüyümüz çərçivəsində həll edəcəyik.

Məhz bu qədər əlverişli bir durumda olduğumuz üçün Ermənistan və arxalandığı mərkəzlər daha fəal hərəkətə keçiblər. Onların planı Azərbaycanı içəridən qarışdırıb diqqəti Qarabağdan yayındırmaqdır. Təsadüfi deyil ki, Rusiya Prezidenti Vladimir Putinin qarşısında Prezident İlham Əliyev “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı verdikdən sonra iç müxalifət “insan haqları və siyasi fəaliyyət uğrunda” fəallaşdı. Bəlli olur ki, Ermənistanın havadarları Azərbaycanın möhkəmlənmiş mövqelərini məhz bu yolla – içəridə qarışıqlıq və vətəndaş qarşıdurması yaratmaqla qatmaq, işğalçı dövlətə əlavə imkan yaratmaq üçün hərəkətə keçiblər. Məqsəd nədir? Təbii ki, bəllidir. Yarıda qalmış işğal planı üçün əlverişli şərait yaratmaq. Onlar yaxşı anlayır ki, Azərbaycanın daxilindəki sabitlik davamlı olarsa nəinki Ermənistan, heç bir qonşu dövlət bizə güc gələ bilməz. Lakin vətəndaşlar arasında ikitirəlik yaranar və çatlar dərinləşərsə hətta ən zəif Ermənistan belə üstümüzə gələcək qədər cəsarətlənər.

Bu deyilənlərə əsaslanan düşmən qüvvələr ilk addım olaraq vətəndaşı öz dövlətindən soyutmaq, dövlət avtoritetini gözdən salmaq üçün daha da fəallaşıblar. Onlar illərdir ki, söyüş çeteləri vasitəsilə həm dövlət adamlarımızı, həm də dövlətə sədaqətli ictimai-siyasi fəalları gözdən salmaq üçün çalışırlar. Lakin bunun bir fayda vermədiyini görüncə növbəti addım kimi ayrı-ayrı dövlət qurumlarını gözdən salmağa girişiblər. Özəlliklə də dövlətin əsas qoruyucu qüvvəsi olan polis hədəfə alınıb. Hətta olmayan yerdən yalanlar uydurulur, Azərbaycan polisinin ayağına yazılır və tirajlanır ki, vətəndaşların qəzəbi aşıb-daşsın. Bunun üçün Avropa ölkələrində baş vermiş polis zorakılıqlarına aid görüntüləri paylaşaraq Azərbaycan polisinin ayağına yazan təxribatçılar qısa müddətə də olsa insanların emosiyalarını tarıma çəkə bilirlər. Lakin indiki texnologiyalar dövründə onların yalanlarını faş etmək asan olduğu üçün bu da sonadək baş tutmur.

Ümumiyyətlə isə senari çox sadədir: daxili çaxnaşmaları intensivləşdirməklə vətəndaşlar arasında, onun ardınca da vətəndaşla dövlət arasında kəskin qarşıdurmaya nail olmaq. Buna nail ola biləcəkləri təqdirdə sonrakı mərhələ üçün də planlar düşünülüb. Bu planda ölkə boyu cinayətkar qruplaşmaların şəbəkələndirilməsi, onlara silah və narkotik satışı imkanları yaratmaq, özəlliklə də gəncləri bu mərətə alışdıraraq milli vətənpərvərlik ruhunu baltalamaq var. Belə bir durum təmin edildikdən sonra daxili çəkişmələr həm polisi, həm də ordunu ciddi şəkildə məşğul edəcək. Süni şəkildə qarşı-qarşıya gətirilən tərəflərin hər ikisində silah olacağı üçün qanlar axacaq, qruplaşmalar arasında savaş olacaq. Özü də elə bir savaş ki, burada dövlət də aciz durumda qalacaq.

Təbii ki, bunlar o qüvvələrin istəyidir. Gerçəkləşəcəyi mümkün görünməsə də boş dayanmırlar. Həm də izi itirmək üçün “demokratiya” havaları çalıb uzantılarını oynadırlar. Necə ki, 2010-cu ildə ərəb ölkələrində belə havalara beyinsiz müsəlmanları oynadıb ölkələrini viran qoydular, Azərbaycanı da o sıraya qoşmaq üçün əllərindən gələni edirlər. Özü də bu senari yeni deyil. Sadəcə dövlətimiz o qədər güclənib və oturuşub ki, bədxahlarımız heç nəyə nail ola bilmirlər. Ona görə də bir zamanlar milli vətənpərvər cinaha aid olan siyasi müxalifətin ovuna çıxıblar. Artıq milliyyətçi demokrat Əbülfəz Elçibəyin mirası olan Xalq Cəbhəsi belə indiki rəhbəri Əli Kərimlinin başçılığında anti-milli cinahda möhkəmlənmiş görünməkdədir. O və başının dəstəsi Ermənistana sıcaq münasibətini gizlətməyən media və mərkəzlərlə həvəslə işbirliyinə gedir, Azərbaycan hakimiyyətini baltalamaq üçün məhz onların yaratdığı imkanlardan istifadə edir. Əli Kərimlinin bu əməllərinə ölkə içində özünü xalqın cəfakeşi kimi qələmə verən Aslan İsmayılov tipində avantüristlər də açıq dəstək verir. Onlar bunu “haqsızlıqlara qarşı mübarizə” adı altında etsə də bəlli olur ki, məqsədləri Prezident İlham Əliyevi və onun ən sadiq komanda üzvlərini gözdən salmaq, xalqla arada uçurum yaratmaqdır. Yenə də nəticə ona hesablanıb ki, daxildəki etimad mühiti ciddi şəkildə zədələnsin.

Bəs, etimad mühiti zədələnərsə nə olacaq?

Birincisi, artıq Azərbaycanın sabit və təhlükəsiz ölkə olmasından danışa bilməyəcəyik. Hər gün evindən çıxıb işə gedən və axşam geri dönəcəyinə əmin olan insanımız bu əminliyi əldən vermiş olacaq. Çünki onun Əfqanıstanda, İraqda olduğu kimi qəfil bomba qurbanı olmayacağına heç kim təminat verə bilməyəcək.

İkincisi, inkişaf prosesi dayanacaq, qurulmuşlar da dağılmağa başlayacaq. Örnək üçün, yollar təmirsiz qalacaq, şəhərlərin görkəmi öləziyəcək, əmək haqlarının gecikdirilməsi, ərzaq qıtlığının yaranması qaçılmaz olacaq.

Üçüncüsü, əsas gəlir mənbəyimiz olan neft sənayesində çöküş başlayacaq, dövlət xəzinəsi boşalacaq, ciddi büdcə kəsiri yaranacaq.

Dördüncüsü, ölkədə dilənçilik, aclıq halları kütləviləşəcək, işsizlik zirvə həddə çatacaq.

Beşincisi, altıncısı və s. Uzun bir siyahı tərtib edə bilərik. Təhsildə, səhiyyədə, kənd təsərrüfatında yaşanacaq fəlakətli durum hər bir vətəndaşı, o cümlədən ölkənin bu duruma düşməsi üçün “demokratiya” havalarına oynayanları da vuracaq.

Və ən əsası, həm də ən qorxulanı! Düşmən mərkəzlər bu durumu əldə etdikdən sonra zəifləmiş Azərbaycan yenidən Ermənistanın hərbi təcavüzünə və yeni torpaqları işğal etməsinə məruz qalacaq. Belə bir durumda dizə gətiriləcək ölkəmiz təslimiyyət aktına imza atmağa məcbur ediləcək! Artıq bu dəfə Qarabağa Azərbaycan daxilində muxtariyyətə deyil, Qarabağ və ətraf rayonların Ermənistana birləşdirilməsinə razılıq verməli olacağıq!

Bu senarini düşündükdə belə tüklərimiz biz-biz olur. Hələ biz Suriyanın yer üzündən silinmiş şəhərlərinin gününə düşəcək şəhər və kəndlərimizi demirik. Planda o da var. Bütöv şəhərləri bombalayıb yer üzündən silmək planın ən önəmli tərkib hissəsidir. Bunun baş verə bilməsi üçünsə ölkəmizin içində “demokratiya mübarizəsi” daha da genişlənməlidir…

Bunlar, Azərbaycanı birdəfəlik çökdürmək üçün düşmənin gerçəkləşdirmək istədiyi senari haqqında fikirlərimizdir. Bura onu da əlavə edək ki, siyasi müxalifətin radikal və dağıdıcı qanadının fəallaşmağa cəhd etməsi də elə məhz bu senari çərçivəsində həyata keçirilir. Məhz ona görə də dövlətin dinc nümayiş üçün şərait və yer təmin etməsi qulaq ardına vurulur, şəhərin mühafizə olunan ərazilərində kütləvi aksiya adı altında qarşıdurma yaradılır. Təbii ki, o cür aksiya-qarşıdurmalara cəlb edilən kütlənin heç də hamısı bu senaridən xəbərdar deyil. Onlar səmimi şəkildə demokratiya üçün mübarizə aparan, lakin aldadılmış kəsimə aiddir. Buna görə də elə insanların bir daha düşünməsi, kimin və nəyin ardınca getdiklərinə diqqət etməsi vacibdir. Həm də indiki məqamda çox vacibdir. Əks təqdirdə ermənilər doğrudan da Bakını Beyruta, Azərbaycanı Livana çevirməkdə başarılı olacaqlar…

Azər HƏSRƏT

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı