Azərbaycan Xalq Cümhuriyyəti – 100 yaşın mübarək!

Ziyad ƏMRAHOV

AMEA Qafqazşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru

1828-ci il 10 fevral Türkmənçay sülh müqaviləsini imzalayan tərəflər təkcə tarixi Azərbaycan ərazilərini ikiyə parçalamaqla kifəyətlənmədi, həm də Azərbaycanın qədim dövlətçilik ənənələrini də xalqımızın yaddaşından silib atmağa çalışdılar. Arazdan cənubdakı torpaqlarımız İranın, şimaldakı torpaqlarımız çar Rusiyasının müstəmləkə boyunduruğu altında əsarət rejimində yaşamağa məcbur edildi. Cənubdan fərqli olaraq Arazdan şimladakı müstəmləkə rejimi 90 il yaşadı. Bu, elə bir əsarət rejimi idi ki, Arazdan cənubdakı soyadşlarımız fars şovinistlərinin, şimaldakı soydaşlarımız isə çar üsul-idarəsinin müstəmləkə qanunlarına tabe edilmişdi. İşğal edilən Azərbaycan torpaqlarında özgə dil, özgə din, özgə hakimiyyət fəaliyyətə başladı. Bu işğal dünyada mövcud olan digər işğallara – potuqal, ispan, ingilis işğalına heç bənzəmirdi. Bu işğalın mahiyyətində təkcə əsarət zənciri yox, həm də bu torpaqlara köçürülüb gətirilmiş ermənilərə dayaq durmaq, yerli türk-müsəlman əhalisinin torpaqlarının əlindən alınıb yadlara verilməsi və min illər boyu bu ərazidə məskunlaşan insanlara qarşı soyqırım siyasəti var idi. Hələ bu azmış kimi çar I Nikolay Azərbaycanın tarixi torpaqları olan Naxçıvan və İrəvan xanlıqlarının ərazisində erməni vilayətinin yaradılması haqqında fərman verdi.
Çar Rusiyası azərbaycan xalqını öz mənəvi dəyərlərindən məhrum etmək üçün Şimali Azərbaycanı müsəlman qonşularından təcrid etməyə nail oldu. Albaniyanın keçmişi ilə bağlı tarixi abidələri məhv etdi və ya erməni idarəçiliyinə verdi. Hətta 1836-cı ildə Alban kilsəsini ləğv edərək, onun bütün səlahiyyətlərini erməni kilsəsinə verdi.
Hətta bu müstəmləkə əsarəti çar məmurlarının öz dili ilə də etiraf edilirdi. 1829-cu ildə Cənubi Qafqazı təftiş etmək üçün göndərilən senator Meçnikov və Kutaysov yoxlamanın nəticəsini raportlarında belə bildirirdilər: “Yüz minlərlər xalqın hüququ, namusu və mülkü komendantların kefinə tabedir. Xanlıqlar dövründə əsasən, vergi toplananda və ya başqa mükəlləfiyyətlər istəniləndə mahaldakı adət və ənənə, ictimai vəziyyət və mülahizələrə əməl olunduğu halda, komendantlar bu məsələlərdə kar və kordurlar”. Həmin senatorlar Tiflisdən o dövrdə Rusiya imperiyasının ədliyyə naziri D.B.Daşkova göndərdikləri raportda yazırdılar: “Bu vaxta qədər topladığımız məlumatdan aydın olur ki, bilavasitə Gürcüstan ərazisində hər cür pislik, rəzalət həddini aşaraq son dərəcəyə gəlib çatmışdır. Müsəlman vilayətlərindəki idarəyə gəlincə, burada idarə edənlərin zülmü ilə idarə olunanların məzlumluğu təsəvvür olunmaz dərəcədə faciəli şəkil almışdır. İnsan ləyaqəti tapdalanmış, ədalət tamamilə unudulmuş, qanunsuzluq, cinayət, qərəzçilik, rəislərin özbaşınalığı hökm sürür.”
İşğal edilən Azərbaycanda rus idarəsinin istinad edə biləcəyi, ona sədaqətlə xidmət edəcək bir sinif yaratmaq lazım idi. Bu sinif isə XIX əsrin 40-cı illərində çar Rusiyası tərəfindən həyata keçirilən inzibati islahat adı altında irsi torpaqları əllərindən alınmış və əvəzində maaşla təmin olunmuş bəylər və ağalar ola bilərdi.
Qafqaza göndərilmiş rus məmurları çar idarəsinin əsasını bu yolla möhkəmləndirməyi izah etdikdən sonra, Azərbaycanda bəy və ağalara mülkiyyət hüquqlarına görə torpaq ayrımaqla bir əsilzadə sinfi yaratmaq və onları rus müstəmləkəçiliyi ilə qırılmaz mənfəət telləri ilə bağlamaq lazım gəldiyini uzun bir raportla irəli sürdükdən sonra yazırdı: “Xəyanət edən əsilzadə ailəsinin, təbii olaraq bütün hüquq və qulluqları əllərindən alınır, ancaq ailə üzvlərindən biri xəyanət hadisəsi gözləndiyini əvvəlcədən xəbər verərsə, xəyanətkar əsilzadəyə mənsub olan əmlak və ərazinin yarısına sahib olur.”
Bu cür mürəkkəb və ziddiyyətli şərait yetişməkdə olan yeni nəsillərin müsəlman dünyasından ayrılması və özlərindən asılı olmayaraq üzünü Rusiyaya çevirməyə məcbur edirdi. Rusiya ədəbi, mədəni, ictimai və siyasi mühiti ilə yaxından tanış olan, bu mühitdə artıq formalaşan gənc nəslin nümayəndələri içərisində A.A.Bakıxanov, M.Kazımbəy, M.F.Axundov, H.B.Zərdabi, N.Nərimanov və başqaları xüsusilə fərqlənirdi.
XIX əsrdən başlanan mürəkkəb ictimai-siyasi proseslərin gedişi Azərbaycan cəmiyyətində əsaslı dəyişikliklərə gətirib çıxardı, yeni mühitdə formalaşan görkəmli ictimai və siyasi xadimlərimiz müstəmləkə əsarətindən çıxmaq üçün əsrin çağırış və tələblərinə layiqincə cavab verməyə qadir oldular.
Yeni mühitdə formalaşan görkəmli ictimai və siyasi xadimlərimiz ilk növbədə qarşılarına xalqın gözünü açmaq, onda milli mənlik şüurunu formalaşdırmaq məqsədini qoymuşdular. Onlar çarizmin güzəştlərindən istifadə edərək qəzetlər və jurnallar çap etməyə, zəhmətkeş kütlələrin savadını artırmağa, dünyagörüşünü genişləndirməyə çalışırdılar. Mətbuatın bu işdə müstəsna əhəmiyyəti vardı və xalqın ictimai həyatında böyük rol oynayırdı. A.A.Bakıxanovdan başlanan başlanan milli dirçəliş Mirzə Kazımbəy, M.F.Axundov, Həsən bəy Zərdabinin timsalında uğurla davam etdirilirdi.
Mətbuat hər şeydən əvvəl o dövrdə ictimai rəyi formalaşdıran yeganə kütləvi informasiya vasitəsi idi və H.B.Zərdabi bu işin öhdəsindən layiqincə gəldi. Azərbaycan milli mətbuatının əsası qoyuldu, “Əkinçi” qəzeti fəaliyyətə başladı. Lakin çarizm “Əkinçi” sözünün altında böyük rəmzi məna, geniş və əhatəli fəaliyyət proqramı gizləndiyini dərk edərək azərbaycanlıların, daha dəqiq ifadə ilə desək, Qafqaz türklərinin oyanmasından, maariflənməsindən qorxuya düşmüş və müxtəlif yollara əl ataraq Həsən bəy Zərdabinin 1875-ci ildə Azərbaycan mətbuatının əsasını qoyduğu “Əkinçi” qəzetini 1877-ci ildə qapatmışdı.
XIX əsrin sonlarında milli ruhda bir çox mədəni və siyasi cəmiyyətlər yaradıldı. Bu cəmiyyətlərə Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Murtuza Muxtarov və bir çoxları maddi yardım göstərirdi.
XIX əsrin axırlarında türk pedaqoqları xalqın və varlıların yardımı sayəsində öz milli məktəblərini açmağa başladılar. Bu məktəblərə “üsuli-cədid” məktəbləri deyirdilər. Şamaxıda şair və pedaqoq Hacı Seyid Əzim Şirvaninin vaxti ilə açmış olduğu “üsuli-cədid” məktəbini Mirzə Rza davam etdirirdi. Qubada Molla İbrahim Xəlil, Salyanda Molla Əbülhəsən, Bakıda Mirzə İsmayıl Qüdsi yeni üsullu məktəblərin qurucuları idi.
Xalqın maariflənməsi, milli mənlik şüurunun formalaşması istiqamətində ilk kitabxana və qiraətxanalar böyük rol oynadı. Azərbaycanda ilk qiraətxananı Bakıda əməkdar müəllimlər Həbib bəy Mahmudbəyli və Sultan Məcid Qənizadə açmışdılar. Qiraətxanalar açmaq üçün Bakının qubernatorundan 1894-cü ildə Nəriman Nərimanov icazə almışdı. Bu hadisə o dövrün ziyalıları və oxucuları arasında sevinclə qarşılandı. Bakıdakı qiraətxanalara Kəlküttə, Qahirə, Bombey, İstanbul və başqa xarici ölkələrdən çar hökuməti tərəfindən qadağan edilən kitablar dolayı yollarla gətirilirdi. Yeni açılan qiraətxanalar xalq tərəfindən çox rəğbətlə qarşılanırdı. Çar rejiminin maneələrinə baxmayaraq bütün bu işlər fədakarlıqla həyata keçirilirdi.
1905-ci ilin əvvəllərində milli hərəkatın tərəfdarlarından olan vətənpərvər M.E.Bağırzadə adlı bir tacirin köməkliyi ilə Tiflisdə Cəlil Məmmədquluzadə və Ömər Faiq “Qeyrət” adlı nəşriyyat yaratdılar. Rus polisi tərəfindən tez-tez axtarış aparılan bu nəşriyyatda C.Məmmədquluzadənin “Usta Zeynal”, “Qurbanəli bəy” və başqa əsərləri nəşr edilmişdi. Bundan başqa bu mətbəədə bir çox kitab və jurnallar gizli olaraq nəşr edilirdi. Burada azərbaycanlılara xitabən yazılan milli-inqilabi anlamda broşüra və çağırışlar hazırlanırdı.
Azərbaycan xalqı üçün qurtuluş və azadlıq yolunu hazırlayan bir dövr olan XIX əsrin əsrin II yarısı Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Cəlil Məmmədquluzadə Nəcəf bəy Vəzirov, Üzeyir Hacıbəyov, Nəriman Nərimanov, Əlimərdan bəy Topçubaşov, Həbib bəy Mahmudbəyli, Məmmədağa Şahtaxtlı, Ünsizadə qardaşlarının Azərbaycan mədəniyyətinin və maarifinin inkişaf etməsində yaxından iştirak etməsinə, siyasətlə məşğul olmasına çox güclü təkan vermişdi.
Adını çəkdiyimiz ziyalılar XX əsrin əvvəllərindən başlayaraq hümmətçilik düşüncələrindən millətçiliyə aparan ağır bir yükün altına girdilər. Bu işdə milli burjuaziya milli ziyalılara dəstək oldu. Milli burjuaziya var-dövləti ilə, milli ziyalılarımız isə milli düşüncələri ilə itirilmiş dövlətçilik ənənəsinin bərpa edilməsi uğrunda mübarizəyə başladılar.
Azərbaycan XX əsrə yetişmiş bir xalq olaraq, özünün qüvvətli və savadlı ziyalı dəstəsi ilə qədəm qoydu. Siyasət meydanında özünü göstərə biləcək, Qərbin və Rusiyanın müxtəlif universitetlərində təhsil almış ictimai və siyasi xadimlər Azərbaycan qarşısında milli, demokratik istiqamətdə borcunu yerinə yetirmək üçün əlverişli şərait gözləyirdilər. Belə bir əlverişli şəraitin artıq işartıları görünürdü.
Yaponlarla müharibədə çar Rusiyasının məğlub olması bütün imperiyada olduğu kimi Azərbaycanda da sevinclə qarşılandı. Dövrün ictimai və siyasi xadimləri vaxtı qabaqlamaqla bir şey əldə edə bilməyəcəklərini çox yaxşı başa düşür və yaşadıqları dövrü çox dəqiqi qiymətləndirirdilər.
1905-ci ilin yaz və yay aylarında Bakıda başlanan milli hərəkat, Azərbaycanın digər şəhərlərinə də yayıldı. Çar idarəsinin qoyduğu məhdudiyyətlərə baxmayaraq bölgələrdə Əlimərdan bəy Topçubaşov, Məmməd Əmir Rəsulzadə, Əhməd bəy Ağayev, Fətəli xan Xoyski və digərlərinin başçılığı ilə Azərbaycan türklərinin siyasi, sosial, iqtisadi ehtiyacları ilə bağlı toplantılar keçirilir, gələcək planlar irəli sürülürdü.
Dünənə kimi uşaqları üçün ana dilində məktəb açmaq imkanı olmayan, qəzet nəşr etdirə bilməyən, seçki hüququ məhdudlaşdırılan və bir çox başqa haqları əllərindən alınan bir xalqın birdən-birə nailiyyətlər əldə etməsi çar hökuməti üçün gözlənilməz bir sürpriz oldu.
Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev, Adil xan Ziyadxanlı, Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Ələkbər bəy Xasməmmədov 1905-ci il inqilabının gətirdiyi azadlıq nemətlərindən Azərbaycan xalqı üçün əlindən gələn qədər daha çox pay qoparmaq istəyirdi. Bu məqsədlə Rusiya Dövlət Dumalarında təmsil olunan Azərbaycanlı deputatlar imperiya məngənəsindən xilas olmaq üçün açıq çağırışlar edirdilər.
Rusiya Dövlət Dumalarında Azərbaycanı uğurla təmsil edən Ə.Topçubaşov, İsmayıl xan Ziyadxanov, Məmmədtağı Əliyev, Əsədulla bəy Muradxanov çalışırdı ki, Azərbaycan xalqının istəklərini həyata keçirə bilsin. Ə.Topçubaşov Azərbaycan xalqının siyasi azadlıq əldə etməsi üçün çalışdığı kimi, Rusiyada yaşayan başqa müsəlmanlarla da yaxından əlaqə saxlayırdı. O, Kazan, Krım, Türküstan, Dağıstan və Şimali Qafqaz vilayətlərində yaşayan müsəlmanların azadlığını, az da olsa siyasi hüquqlara nail olmasını, müsəlmanların birləşərək öz azadlıqları uğrunda mübarizə aparmalarını istəyirdi və bunun üçün də yorulmadan çalışırdı.
Azərbaycan və başqa türk xalqlarının Dumada irəli sürdükləri, üzərində durduqları, uğrunda mübarizə apardıqları türkdilli məktəblər, ana dilində təhsil, muxtariyyət və siyasi azadlıq məsələləri aktual bir məsələ olmuşdu.
XX əsrin əvvəlləri ilə 1905-ci il birinci rus inqilabı və 1917-ci il ikinci rus inqilabı arasındakı illər Azərbaycan türklərini istiqlal mübarizəsinə həvəsləndirən və Azərbaycan xalqını azadlığa aparan və ən nəhayət, böyük səylər, ölümlər, qırğınlar və fədakarlıqlarla istiqlaliyyətə qovuşduran illərdir. Bu dövrdə Əli bəy Hüseynzadə belə yazırdı: “Qafqaz türkləri türklərin ən hürriyyətpərvərləridir. Bu məmləkətdə heç bir qüvvə hürriyyət arzusunu məhv edə bilməz, heç bir cəbr və təzyiq, heç bir cəfa və əziyyət, heç bir zülm və sitəm hürriyyət odunu söndürə bilməz. Qafqaz hürriyyət aləminin tarixində mühüm rol oynayacaqdır, bu rollardan ən böyüyü Qafqaz və Azərbaycan türklərinə aiddir…”
Əli bəy Hüseynzadənin 1906-cı il 2 iyul tarixli “Həyat” qəzetində söylədiyi bu fikirlər özünü çox gözlətmədi. 1914-cü ildə başlanan I dünya müharibəsi 1917-ci ilin əvvəllərində Rusiyanı çökdürdü və 1917-ci ilin fevralında Rusiyada 300 ildən artıq hakimiyyətdə olan Romanovlar sülaləsi devrildi. Müstəqiliyyə qovuşmaq üçün yollar arayan Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli və başqaları Azərbaycanın gələcək siyasi xəritəsini cızdılar. Hələ 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi münasibətilə çar tərəfindən verilən amnistiyadan sonra Bakıya dönən M.Ə.Rəsulzadə 1911-ci ildə təsis edilmiş “Musavat” partiyasına daxil olaraq liderliyi tezliklə əlinə almışdı. 1915-ci ildə isə “Açıq söz” adlı qəzet çıxarmağa başlayan M.Ə.Rəsulzadə bu qəzet vasitəsilə İstanbuldan gətirdiyi Ziya Göyalpın türkçülük fikirlərini yaymağa başlamışdı.
1917-ci il fevral inqilabından sonra isə Gəncədə Nəsib bəy Yusifbəyli tərəfindən Türk Adəmi mərkəziyyət partiyası yaradılmışdı. Gəncədə yaratdığı Türk Adəmi mərkəziyyət partiyası proqram yönündən, millət məsələsində Müsavat partiyasına yaxın idi. Eyni zamanda Nəsib bəy Yusifbəyli “Açıq söz” qəzetində M.Ə.Rəsulzadə ilə həmfikir olduğunu bildirir və millətçiliyi təbliğ edirdi. Bu yolda kifayət qədər çətinliklər vardı. “Gah tatar, gah dağıstanlı, gah müsəlman, gar türk, gah da müxtəlif adlat altında milli-dini zülmə məruz qalan Azərbaycan xalqı istiqlala qovuşmaq üçün fürsəti əldən vermək istəmirdi. Azərbaycan xalqını öz tarixi torpaqlarından didərgin salmaq üçün S.Şaumyanın başçılığı ilə Bakı Soveti qurumu yaradılmışdı. Azərbaycan xalqı ilə heç bir əlaqəsi olmayan bu qurum daşnak qüvvələri ilə birləşərək 1918-ci ilin martında təkcə Bakı şəhərində 11 mindən artıq türk-müsəlmanın həyatına son qoydu… Bu qırğınlar işıqlı səhərə gedən yolun zülmət gecəsi idi…”
Beləliklə, 1918-ci ilin mayın 28-də Tiflisdə keçmiş Qafqaz canişinin iqamətgahında Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının iclası keçirildi. Uzun və hərtərəfli müzakirələrdən sonra Milli Şura Azərbaycanın istiqlaliyyəti haqqında bəyannaməni qəbul etdi. Bununla da Azərbaycan Milli Şurası Azərbaycan xalqı qarşısında çox böyük bir tarixi missiyanı yerinə yetirdi. Türk mənşəli bütün dövlətlər əsasən dini təməl üzərində qurulduğu halda, Azərbaycan Cümhuriyyəti dünyəvi təməl üzərində qurulan ilk türk dövləti idi. Azərbaycan milli dövlətinin yaradılması bir sıra mühüm səbəblərə görə millətin taleyində tarixi hadisə idi. M.Ə.Rəsulzadə bu barədə yazırdı: “28 Mayis 1918 Bəyannaməsini elan etməklə Azərbaycan Şurayi-Millisi, sözün siyasi mənası ilə bir Azərbaycan millətinin varlığını təsbit etmişdir. Beyləki, Azərbaycan kəlməsi sadə, coğrafi, etnoqrafik və linqivistik bir kəlmə olmaqdan çıxaraq siyasi bir aləm olmuşdur…”
Çoxminillik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil, demokratik dövlətimizin yaradılması işinə başçılıq etmiş M.Ə.Rəsulzadə “Azərbaycan” qəzetində dərc olunmuş “Azərbaycan Cümhuriyyəti” başlıqlı geniş həcmli, dərin mənalı, elmi səciyyəli məqaləsini bizlərə, gələcək nəsillərə müraciətlə bu sözlərlə yekunlaşdırmışdı: “Müasir bir azərbaycanlı üçün Azərbaycan Cümhuriyyətinin istiqlalı, onun hürriyyəti bir takım maddiyyatla ölçülür şeylərdən deyildir. Bayrağındakı rənglərin mədlulu vəchlə bu yeni təşəkkül edən Türk Cümhuriyyəti Aləmi-İslamda təşəkkül edən ilk cümhuriyyətdir ki, Milliyyət, Beynəlmiləliyyət və Müasirlik əsası üzərində müstənəd yeni bir tərzi-idarə qurmaq cəhdi-alisindədir… Vətəndaşlar, bir dəfə yüksəlmiş o üç boyalı ləvayi-istiqlal və Cümhuriyyəti başlarımız üstündə dik tutalım…”
Milli hökumət 1918-ci il iyunun 17-də Gəncəyə, sentyabrın 15-də Qafqaz İslam Ordusunun köməyi ilə Bakı şəhəri daşnak-bolşevik və sentrokaspi qüvvələrindən azad edildikdən sonra sentyabrın 17-də Bakıya köçdü. Şəhərə daxil olan kimi hökumət məlumatı elan edildi. Orada göstərilirdi ki, respublikanın paytaxtı Bakı şəhərinə daxil olan Azərbaycan hökuməti şəhərin və ətrafının bütün əhalisinə bildirir ki, Azərbaycanda yaşayan bütün vətəndaşlar milliyyətindən və etiqadından asılı olmayaraq eyni hüquqlara malikdirlər. Hökumət bərabər qaydada bütün vətəndaşların həyatını, əmlakını və hüququnu qoruyacaqdır…
Hələ Gəncədə ikən milli hökumət bir sıra mühüm addımlar atdı. 1918-ci ilin birinci yarısında Azərbaycanda bolşevizm adı altında törədilmiş cinayətləri təhqiq edən Fövqəladə İstintaq Komissiyasının yaradıldı. İyul ayının 15-də hökumət qərarı ilə Fövqəladə İstintaq Komissiyası təsis edildi. Komissiya Birinci dünya müharibəsi dövründə bütün Cənubi Qafqaz ərazisində türk-müsəlman əhaliyə qarşı törədilən soyqırım vəhşiliklərini və onların əmlaknın talan olunması məsələlərini araşdırıb, cinayətkarları məhkəmə məsuliyyətinə cəlb etməli idi. Hökumətin bu qərarı ilə, əslində, azərbaycanlılara qarşı soyqırım cinayətlərinə ilk dəfə hüququ qiymət verildi.
Bundan əlavə, Hökumətin nəzarəti altında olan ərazidə vəziyyəti sabitləşdirmək, nəqliyyat, poçt-teleqraf rabitəsi yaratmaq üçün də bir sıra mühüm tədbirlər görüldü. Avqustun 11-də hərbi mükəlləfiyyət haqqında qanun qəbul olundu. Avqustun 23-də Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşlığı haqqında qanun qəbul olundu.
Ümumiyyətlə, paytaxt Bakıya köçürülənə qədər Azərbaycan hökuməti Gəncədə ölkənin siyasi və iqtisadi həyatı, dəmir yolunun bərpası, ölkənin ayrı-ayrı bölgələri arasında poçt-teleqraf əlaqələrinin yaradılması işində və sair sahələrdə də bir sıra digər mühüm tədbirlər həyata keçirmişdi.
Bakıya köçdükdən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökuməti istər ictimai-siyasi, istərsə təsərrüfat və mədəni quruculuq sahəsində daha mühüm tədbirlər həyata keçirməyə başladı. Müəssislər Məclisinin çağrılması işinin təşkili üçün Nazirlər şurasının sədri, daxili işlər və xalq maarif nazirlərindən ibarət komissiya yaradıldı.
Bir sıra daxili və xarici təzyiqlərə baxmayaraq Azərbaycan Cümhuriyyəti 1918-ci ilin dekabrın 7-də H.Tağıyevin Nikolayev küçəsində (indiki İstiqlaliyyət) yerləşən keçmiş qız məktəbinin binasında müsəlman şərqində ilk parlamentin təntənəli açılışına nail oldu.
Azərbaycan Parlamenti yarandığı ilk gündən öz işlərini demokratik Cümhuriyyətlərə xas təşkilati prinsiplər əsasında qurdu. Parlament qanunlarının hazırlanması, müzakirəsi və təsdiq olunmasında 11 fraksiya və qrupa mənsub olan millət vəkilləri iştirak edirdilər. Hətta azsaylı xalqların nümayəndələri, parlamentə seçilərkən, onun işində də aktiv fəaliyyət göstərmişdilər.
Azərbaycan Xalq Cümhuriyyətinin Hökuməti öz iş prinsiplərini demokratik təməllər üzərində qurdu. Parlamentin 14 aprel tarixli 29-cu iclasında çıxış edən Nəsib bəy Yusifbəyli elan etdi ki, xarici siyasət sahəsində onun kabinetinin başlıca məqsədi Azərbaycanın istiqlaliyyətinin böyük dövlətlər tərəfindən tanınması və dövlətin ərazi bütövlüyünü qoruyub saxlamaq uğrunda mübarizə, daxili siyasət sahəsində isə hər bir mədəni və demokratik ölkə üçün zəruri olan söz, mətbuat, yığıncaq və başqa azadlıqların təminatı, fəhlələrin əməklə, kəndlilərin torpaqla təminatı olacaqdır. Milli məsələlərdən bəhs edən Nəsib bəy Yusifbəyli qeyd edirdi ki, Hökumət bütün qüvvəsini Azərbaycanın onun ərazisində yaşayan bütün millətlərin sevimli vətəni olmasına sərf edəcəkdir.
Cümhuriyyət hökuməti milli kadrların yetişdirilməsinə, bu sahədə təhsilin tamamilə yenidən qurulmasına xüsusi əhəmiyyət verirdi. Təhsil sahəsində həyata keçirilən ilk mühüm tədbir məktəblərin milliləşdirilməsi oldu. Azərbaycan Hökumətinin 1918-ci il 28 avqust tarixli qərarında göstərilirdi ki, bütün ibtidai tədris müəssisələrində təhsil şagirdlərin öz ana dilində aparılmalı və dövlət dili olan Azərbaycan dilinin tədrisi icbari surətdə həyata keçirilməlidir. Azərbaycan dilini bilməyən şagirdlər üçün üçüncü və dördüncü siniflərdə rus şöbələri açılır və burada Azərbaycan dili intensiv surətdə tədris olunurdu ki, 2 ildən sonra həmin şagirdlər artıq Azərbaycan dilində təhsillərini davam etdirə bilsinlər. 5-ci sinifdən sonra şagirdlər məktəbi qurtarana qədər tədris prosesi rus dilində aparılır, Azərbaycan dili isə həmin siniflərdə məcburi fənn kimi tədris olunurdu.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə qeyri-millətlərin nümayəndələri hökumət kabinetlərində də təmsil olunurdular. Belə ki, AXC-nin 3-cü və 4-cü hökumət kabinetlərində qeyri-müsəlmanlar nazir postuna yiyələnmişdilər. 24.12.1918-ci ildən 14.03.1919-cu ilədək fəaliyyət göstərmiş 3-cü hökumət kabinetində Rus-Slavyan Cəmiyyətindən Burutalov Maliyyə Naziri, Y.Gindes Xalq Səhiyyəsi Naziri, K.Lizqar Ərzaq naziri, 14 mart 1919-cu ildən 26 dekabr 1919-cu ilədək fəaliyyət göstərmiş 4-cü hökumət kabinetində Rus-Slavyan Cəmiyyətindən V.Klenevski Sosial-təminat naziri, Daşnaksütyun fraksiyasından Abram Dastakov Səhiyyə naziri, Daşnaksütyun fraksiyasının digər üzvü X.Amaspür portfelsiz nazir postunu tutmuşdular.
Bakıda universitet açılmasına böyük dövlət əhəmiyyəti verən Cümhuriyyət hökuməti bu məsələni 1919-cu il 8 aprel tarixli iclasında müzakirə etdi. Qəbul olunan qərarda, bütün imkanlardan istifadə edərək, 1919-1920-ci tədris ilinin əvvəlində Bakıda universitet açılması məqsədilə Xalq Maarifi Nazirliyinə tapşırıldı ki, ümumi həcmi 10 milyon manatdan çox olmamaq şərti ilə, smeta hazırlayıb Hökumətə təqdim etsin. Hökumətin qərarına əsasən, Bakı Universiteti kommersiya məktəbinin binasında yerləşdirilməli idi. 29 aprel tarixli qərarda isə Bakı Dövlət Universitetinin nizamnaməsi təsdiq olundu.
Azərbaycan Cümhuriyyətinin Parlamentində isə Bakı Dövlət Universitetinin yaradılması ilə bağlı müzakirələr 1919-cu il avqustun 21-dən sentyabrn 29-na qədər davam etdirildi. Sentyabrın 29-da Parlament 72 maddədən ibarət Universitet nizamnaməsini qəbul etdi.
1918-ci ilin mayın 28-də Azərbaycan xalqının öz ruhundan doğan Azərbaycan Cümhuriyyəti 1920-ci ilin yanvarın 11-də Parisdə Versal Ali Şurası tərəfindən de-fakto tanındı.
İstiqlaliyyətinin tanınması münasibətilə Azərbaycan mətbuatında xeyli yazılar getdi. Azərbaycan Cümhuriyyəti xalqların beynəlxalq ailəsinə daxil oldu. Azərbaycanın müstəqilliyinin tanınması ona olan marağı da artırdı. Bir çox ölklərin Bakıda konsulluqları açıldı.
1920-ci ilin aprel işğalı ilə başlayan 70 illik sovet imperiyası ərzində ona çoxlu böhtanlar atıldı, tarixi saxtalaşdırıldı, minlərlə əsərlər yazıldı, bəzən ingilis, bəzən də Osmanlının əlində oyuncaq bir hökumət kimi qələmə verildi. Lakin sovet imperiyasının cəza-repressiya maşını Azərbaycan xalqının qan yaddaşından 23 aylıq Cümhuriyyət sevdasını silib ata bilmədi.
1991-ci ilin 18 oktyabrında Azərbaycan növbəti dəfə öz müstəqilliyinə qovuşdu və qəbul edilmiş “Konstitusiya Akt”ına görə özünü Azərbaycan Xalq Cümhuriyyətinin hüququ varisi elan etdi. XX əsrin 90-cı illərinin Respublikamız üçün olduqca ağır sınaqlarına baxmayaraq, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 30 yanvar 1998-ci ildə “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında” sərəncam verdi. Sərəncamda bu tarixi günün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olduğu qeyd olunur, Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin respublikada geniş qeyd edilməsi, yubiley tədbirlərinin hazırlanıb həyata keçirilməsi məqsədilə Dövlət Komissiyasının yaradılması, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələlərin həll edilməsi qərara alınırdı.
Ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində xüsusi iz qoyan Azərbaycan Xalq Cümhuriyyətinə dövlət başçısı səviyyəsində ən yüksək qayğısı bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən də uğurla davam etdirilir. 100 illik yubileyi yaxınşalan Cümhuriyyətimiz cənab Prezident İlham Əliyev tərəfindən də öz layiqli qiymətini aldı. 16 may 2017-ci ildə tarixli prezident sərəncamı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin təntənəli şəkildə keçirilməsinə yaşıl işıq yandırdı.
Cümhuriyyətimizin yaradılmasının 100 illik yubileyi yaxınlaşır. Bu illər ərzində Cümhuriyyətlə bağlı çox tarixlər yazılıb. Cümhuriyyətin yaradılmasında haqqı olanları nahaq çıxarmaq üçün onlara müxtəlif damğalar vurulub, əksinqilabçı kimi qələmə verənlər də olub. Lakin ümidini itirmədin. Bilirdin ki, sənə həyat verənlər bu xalqın gözünün işığı olublar!
Sənin bir ilin tamam oldu. 1919-cu ilin mayın 28-də Məmməd Əmin Rəsulzadə Azərbaycan Parlamentinin tarixi iclasında kürsüyə çıxaraq “Yaşasın Azərbaycan”, “Yaşasın istiqlaliyyət” kəlmələri ilə başlayan geniş nitq söylədi…
23 ay dalğalanan səkkiz güşəli üç rəngli bayrağını sovetlər əydilər, ancaq endirə bilmədilər. 70 il ərzində sənə çox damğalar vuruldu!
Sənin 73-cü ildönümündə Azərbaycan yenidən müstəqil oldu, imperiya zəncirini qıraraq Özünü Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi kimi tanıdı.
Sənin 80-ci ildönümündən etibarən artıq müstəqil Azərbaycan Respublikası bu şanlı tarixi ən yüksək səviyyədə qeyd edir.
Qədim yunan əsatirinə görə ilk dəfə yer üzünə alovu göydən gətirən “Prometey” olmuşdur. Onu bu cəsarətinə görə yunanların baş allahı Zevs edam etmiş və Qafqaz dağlarında çarmıxa çəkdirmiş, qartallar isə onun ciyərini parça-parça edib qoparmışlar. Prometey edam edilsə də, onun dünya üzünə gətirdiyi alov sönməyib əsirlərcə qalmış, bəşəriyyətə, bəlkə də bütün həyata əvəzsiz bir xidmət etmişdir… Bəli, bax bu gün Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan xalqının tarixində, qəlbində yeri və rolu Prometeyin gətirdiyi o alova bənzəyir. O alov ki, müstəqillik ideyalarıdır, hürriyyətdir, azadlıqdır.
Qarşıdan gələn 100 illik yubileyin mübarək, doğma Cümhuriyyətim!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here