Azərbaycan Xalq Cümhuriyyətinin100 illik yubileyi Uruqvayda qeyd olunub

Azərbaycanın Uruqvaydakı diplomatik missiyası tərəfindən Montevideo şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin100 illik yubileyi münasibətilə qəbul keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Uruqvay hökumətinin yüksək səviyyəli nümayəndələri, parlamentin spikeri, senator və deputatlar, eləcə də diplomatik korpusun, akademik və biznes dairələrinin çoxsaylı nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Uruqvaydakı səfiri Rəşad Aslanov Azərbaycanda müsəlman dünyasında ilk demokratik respublikanın qurulmasının tarixi əhəmiyyətindən və qısa müddət ərzində əldə etdiyi nailiyyətlərdən bəhs edib. Eyni zamanda, səfir Aslanov ölkəmizin müasir müstəqillik dövründə keçdiyi inkişaf yolu barədə məlumat verib. Xüsusilə, son illərdə Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın əldə etdiyi nailiyyətləri, həyata keçirdiyi regional və beynəlxalq əhəmiyyətli enerji və nəqliyyat layihələrini qeyd edib. Eyni zamanda, ölkəmizin son illərdə bir sıra önəmli beynəlxalq tədbirlərə evsahibliyi etdiyini bildirən R. Aslanov Bakı şəhərinin “Ekspo 2025” üçün namizəd olduğunu xüsusi vurğulayıb.

Habelə səfir Rəşad Aslanov Azərbaycan ərazilərinin 25 faizinin Ermənistan tərəfindən işğal olunduğunu və işğal altındakı ərazilərdə azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasətindən danışıb.

Azərbaycan-Uruqvay əlaqələrinin son illərdə yüksək dinamika ilə inkişaf etdiyini vurğulayan diplomat gələcəkdə də ikitərəfli əməkdaşlığın daha da genişləndiriləcəyinə inamını ifadə edib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here