Azərbaycan xalqı verilən fərman və sərəncamların bəhrəsini görür

Artıq bir neçə aydır ki, Azərbaycanda sosial sferada çox ciddi addımlar atılır, islahatlar həyata keçirilir. Bu müddət ərzində ölkədə maaş və pensiyaların məbləğinin, minimum əmək haqqının artırılması, problemli kreditlərlə bağlı verilən inqiılabi qərar cəmiyyət tərəfindən böyük məmnunluqla qarşılanıb. Proseslər onu deməyə əsas verir ki, bu islahatlar, sosial açılımlar davamlı xarakter daşıyacaq və vətəndaşlarımız yaxın vaxtlarda növbəti yeniliklərlə üzləşəcəklər. Elə “Hilal” İctimai Birliyinin sədri Arzuman Abdulkərimov da bu qənaətdədir. “OLAYLAR”-a verdiyi müsahibədə İctimai Birlik sədri sosial sahədə atılan addımlar, verilən qərarların vətəndaşlarımızın rifah halının yaxşılaşdırılmasına müsbət təsirlərindən danışıb. Həmçinin Arzuman Abdulkərimov dövlətin, dövlət başçısının sosial sahədə həyata keçirdiyi islahatlara, verdiyi qərarlara qara yaxmağa çalışan qüvvələrin başlıca niyyəti, onların maliyyələşdiyi xarici dairələr barədə də danışıb.

-Arzuman bəy, cari ilin əvvəllərindən ölkədə sosial sahədə bir sıra mühüm addımların atıldığını müşahidə edirik. Minimum əmək haqqı, pensiyaların məbləğinin artırılması, problemli kreditlərlə bağlı verilən qərar və s. bu kimi addımları bir ictimai birlik rəhbəri olaraq necə dəyərləndirirsiniz?

-Əslində ilin başlanğıcından sosial sahədə ciddi addımların atıldığını deməzdim. Hələ ötən ilin sonlarından biz bu məlumatların anonslarını alırdıq ki, dövlət 2019-cu ilin başlanğıcından bu məsələlərə xüsusi diqqət göstərəcək. Elə Cənab Prezident İlham Əliyev özü də bildirmişdi ki, 2019-cu il sosial problemlərin həlli ili olacaq. Ümumiyyətlə, 2019-cu ilin özü sosial bir il olacaq. Cari ilin əvvəllərindən də bizlər bunun şahidi olmağa başlamışıq. Belə ki, ilin əvvəlindən başlayaraq Azərbaycan vətəndaşlarının, Azərbaycan insanının sosial rifah halının yaxşılaşdırılmasına hesablanmış fərman və sərəncamlar imzalanıb. Bunu söyləməklə nə şüarçılıq edirəm, nə də kiməsə xoş getmək üçün fikirlər bildirmirəm. Bu bir faktdır. Əksini düşünənlər varsa gəlsinlər müzakirə edək, fikir mübadiləsi aparaq və görək ki, bunun əksini düşünənlər ortaya hansı arqumenti qoyurlar. Son bir neçə ay ərzində dövlətin, dövlət başçısının atmış olduğu mühüm addımlardan biri şəhid ailələrinə qan pulunun verilməsi ilə bağlı idi. Bildiyimiz kimi Cənab Prezident bu məsələni öz nəzarətinə götürmüşdü və keçən ilin dekabr ayından bu məsələlər müzakirə edilirdi. Gördüyünüz kimi bu məsələ necə şəffaf və net olaraq qoyuldu. Xüsusilə onu qeyd etmək lazımdır ki, bu proses hansısa bir quruma həvalə edilmədən, orada müzakirələr keçirilmədən Cənab Prezident müvafiq sənəd imzaladı və şəhid ailələrinin bir qrupu ilə görüşərək onlara 11 min manat məbləğində olan kartları şəxsən təqdim etdi. Bununla həm də dövlət başçısı cəmiyyətə göstərdi ki, proses məhz bu üsulla həyata keçiriləcək. Çox sadə və qısa formada cəmiyyətə çatdırıldı ki, hər bir şəhid ailəsi öz kartını alacaq. Və bu proses qeyd etdiyimiz kimi də oldu və şəhid ailələri həmin yardımı aldılar. Bu günlərdə həmin şəhid ailələrindən bir qisminin mətbuata verdiyi açıqlamalar da bunu təsdiqləyir. Həmin açıqlamalarda açıq şəkildə bildirilirdi ki, şəhid ailələri dövlətin nəzərdə tutduğu vəsaiti alıblar. Hətta onlar həmin vəsaiti necə istifadə edəcəklərini də artıq müəyyənləşiriblər. Biri həmin vəsaiti övladının təhsil haqqına sərf edəcəyini, digəri xeyir işlərə xərcləyəcəyini bildirirdi. Digər bir mühüm addım minimum əmək haqqı, maaş və pensiyalar, təqaüdlərin artırılması ilə bağlı imzalanan fərman və sərəncamlar idi ki, bu da təxminən 1,5 milyon insanı əhatə edirdi. Yəni imzalanan həmin sənədlər 1,5 milyon insanın bundan bəhrələnməsinə, onların sosial rifah halının yaxşılaşdırılmasına xidmət edirdi. Bu proseslərin ən kuliminasiyası və diqqət çəkən məqamı isə problemli kreditlərlə bağlı verilən qərar oldu. Cəmiyyət bu məsələ ilə bağlı o qədər sevincli, o qədər məmnun idi ki, hətta həmin qərarın verilməsindən sonra onun sevincindən ağlayan insanlara da rast gəlmək olurdu. Çünki neçə illər idi ki, bu məsələ ciddi problem olaraq qalırdı. Hətta bir sıra hallarda bu məsələ məhkəmə predmetinə qədər gedib çıxmışdı. Bu problem xüsusilə aztəminatlı ailələrə ciddi təsir göstərirdi. Qeyd etdiyimiz kimi bu problem də artıq öz həllini tapdı. Tam səmimi deyirəm ki, digər ölkələrdə problemli kredit məsələsinin bu cür net şəkildə həll edildiyini görmürəm. Gürcüstanda hələ bu məsələ həllini tapmayıb. Keçən il seçkilər ərəfəsində belə bir siyasi qərar gündəmə gəldi. Lakin məndə olan məlumata görə, hələlik həllini tapmayıb. Qazaxıstanda bu proses başlasa da, lakin yarımçıq qaldı. Ancaq bizdə bu məsələ net olaraq qoyulur və onun icrası üçün 10-20 gün, yaxud 1 ay vaxt verilir. Yaxud digər bir məsələ, çoxmənzilli binaların özəlləşdirilməsi ilə bağlı olan problem vardı. Bu problem də dövlət başçısının müdaxiləsi və atmış olduğum addım nəticəsində həllini tapdı. Bütün bunları biz öz həyatımızda, yaxınlarımız, qohum-əqrəbalarımızda hiss edirik. Dostlarımız, yaxınlarımız, qohumlarımız həmin problemlərdən əziyyət çəkən insanlar idi. Bütün bunları biz sosial problemlərin həlli ili, sosial açılım ili kimi görürük. Əgər kimsə bunu görmürsə, deməli kordur. İndi biz gedib ona eynək alaq, yoxsa göz həkiminə aparaq?. Görünən odur ki, Azərbaycan xalqı verilən fərman və sərəncamların bəhrəsini görür və bundan sonra da sosial yönümdə bir sıra sərəncamlar olacaq.

Qeyd etdiyiniz bu proseslərin sistemli və ardıcıl davam etməsi, müsbət nəticələr doğurması həm də onun göstəricisidirmi ki, bütün bunlar birbaşa dövlət başçısının nəzarəti altında həyata keçirilir?

-Əlbəttə ki, bütün bu proseslər birbaşa dövlət başçısının nəzarəti altındadır. Burada həm də Cənab Prezidentin şəxsi xarakteri da əsas rol oynayır. Yəni burada insan faktoru var və Cənab Prezident hər şeyi insan faktoruna, insan amilinə hesablayır.  İnsan faktoruna verilən önəm, azərbaycançılıq amili, dövlət başçısının insani keyfiyyətləri və digər amillər qeyd etdiyimiz qərarların qəbul edilməsində böyük rol oynayıb.

-Bu ərəfədə maraqlı bir situasiya ilə rastlaşdıq. Belə ki, dövlət başçısının atdığı addımları radikal siyasi düşərgə fəaliyyətlərinin nəticəsi kimi təqdim etdi. Əli Kərimli Milli Şuranın mitinqlərinin, İlqar Məmmədov isə keçirdikləri konfrasın bu və ya digər sosialyönümlü qərarların qəbul edilməsində əsas rol oynadığını iddia etdi. Nə dərəcədə məntiqi yanaşmadır?

-Bunların heç bir məntiqi yanaşması yoxdur. Onların “ən möhtəşəm”, “dönüş nöqtəsi” elan etdikləri mitinqləri yanvarın 19-da olub. Ancaq müsahibəmin əvvəllində də qeyd etdiyim kimi ötən ilin sonlarından bilirdik ki, bu məsələlər müzakirə edilir. Bunun anonsu verilirdi. Bu dövlətdir və dövlət hər bir proqramı haqqında həmən cəmiyyətə açıqlama verib onun icrası ilə bağlı vətəndaşa demir ki, mən bunu etdim. Azərbaycan iqtidarı, xüsusilə də Cənab Prezident bu pafosdan uzaqdır. Dövlət başçısının çıxışlarında da bunu hiss etmirik ki, bu proqramı yerinə yetirdik, yaxud hansısa islahatı həyata keçirdik deyə fikirlər səsləndirə. Ancaq qonşu ölkələrdə bu münasibət var və sosial məsələləri həll etdikdə həmin ölkələrin liderləri bir qayda olaraq bundan öz siyasi məqsədləri üçün istifadə edirlər. Ancaq biz bunu görmürük ki, Cənab Prezident bu və ya digər məsələlərdən öz siyasi məqsədləri üçün istifadə etsin.  Hər şey Azərbaycan insanı üçün hesablanır.  Əli Kərimli deyir ki, 19 yanvar mitinqindən sonra bu qərarlar verildi. İlqar Məmmədov iddia edir ki, mətbuat konfransı keçirdim və həmin mətbuat konfransından bir saat sonra problemli kreditlərlə bağlı qərar verildi. Görün nə qədər dayaz düşüncəyə malikdirlər. Bununla da dövləti idarə etməyə iddialıdırlar. Dövləti bu başlamı idarə edərlər?. Bu bir danılmaz faktdır ki, bir proqramın hazırlanması üçün ona kifayət qədər zaman lazımdır. Müvafiq strukturlar araşdırma aparmalı, ekspertıərin rəyi öyrənilməlidir. Bütün bunlar olmadan belə bir qərar vermək olarmı? Bu ya bir saata, ya da 5 günə veriləcək qərar deyil. Burada bir məqama diqqət çəkmək istərdim. Bir neçə gün əvvəl “REAL” televiziyasında Milli Bankın rəhbəri Elman Rüstəmovun Mirşahinə verdiyi müsahibəyə baxırdım. Həmin müsahibə zamanı bir daha dəqiqləşdirdim ki, problemli kreditlərlə bağlı ötən ilin dekabr ayında Cənab Prezident Mərkəzi Bank, Maliyyə Nazirliyi və digər müvafiq qurumlara  şəxsən tapşırıq verib. Bu məsələ həm Cənab Prezident, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yanında çox ciddi müzakirə edilib. Elman Rüstəmov həmin müsahibədə onu da qeyd etdi ki, Mehriban xanım bu prosesdən həm banklar, həm də vətəndaşın əziyyət çəkməməsini tapşırıb. Yəni bu məsələnin ağırlığını dövlət özü qarşılayacaq. Ümumiyyətlə, liderin şəxsi keyfiyyətlərindən, xarakterindən çox şey asılıdır. Həm Cənab Prezident, həm də Mehriban xanımın bu məsələyə Azərbaycan insanının mövqeyindən yanaşması və belə bir sərəncam verilməsi neçə min insana sevinc gətirdi. Bütün bunlardan dolayı bir daha qeyd etmək istəyirəm ki, qaragürühçular, xaosçuların dediklərinin heç bir məntiqi əsası yoxdur.

Maraqlıdır ki, qeyd etdiyiniz xaosçuların qarşısına əks arqument qoyanda sosial şəbəkədə təhqirlər, qeyri-etik ifadələrə üstünlük verirlər

-Birmənalı olaraq qeyd edərdim ki, bu qarayaxma kampaniyası xaricdən idarə olunur. Biz zaman-zaman bunun şahidi olmuşuq. Həm də bu qarayaxma kampaniyasında bizim düşmənlərimizin, Ermənistan xüsusi xidmət orqanlarının da maddi dəstəyi var. Məsələn, Fəxrəddin Abbaszadə Azərbaycan vətəndaşı olduğu halda neçə illərdir ki, Ermənistana gedib gəlir. Hətta onun Ermənistanda bir çıxışı var və orada erməniləri ittiham edir ki, separatizmi Azərbaycanda yaymaq üçün ermənilər ona istənilən dəstəyi vermirlər. Artıq həbs edilərək Azərbaycana gətirilib və qanun qarşısında cavab verməli olacaq. Bu insan bütün günü Azərbaycan bayrağına, ərazi bütövlüyümüzə həqarət edir.  Özünü talış xalqının liderlərindən biri sayır.  Talışlar bizim qardaşlarımızdır və bizimlə çiyin-çiyinə səngərlərdə vuruşublar. Aprel zəfərinin ən parlaq döyüşçülərindən biri Pəncəli Teymurovdur. Məhz o da talış xalqının nümayəndəsidir.  Axı biz heç vaxt ayrıseçkilik salmamışıq. Türkü, kürdü, talışı, ləzgisi, yəhudisi, rusu, hamısı Azərbaycan xalqının övladlarıdır. Bu torpaq onların çiynində durur.  Bütün bunları istəməyən, Azərbaycanda etnik separatizmi yaymaq istəyənlər yalnız düşmənlərimiz ola bilər. Bir qayda olaraq Azərbaycan hökuməti yeni islahatlar keçirəndə, sosial açılımlar edəndə ölkəmizə qarşı həm xaricdən, həm də daxildən təzyiqlər güclənir.

Digər bir məqama diqqət çəkim. Belə ki, bu günlərdə Parisdə Azərbaycan diasporu Xocalı soyqırımı ilə bağlı tədbir keçirir və həmin tədbirə ermənilər hücum edirlər. Həmin tədbirdə iştirak edən dostlarımızın verdiyi məlumata görə, tədbirə hücum edən ermənilərin əsas hədəfi Cənab Prezident və onun ailə üzvləri olub, təhqiredici şüarlar səsləndiriblər. Ermənilərin həmin tədbirdə səsləndirdikləri şüarlar, nümayiş etdirdikləri plakatlar Avropadakı söyüşcül vətənsizlərin nümayiş etdirdikləri plakatların eynisidir. Ermənilərin prezident və ailəsi haqqında səsləndirdikləri təhqirlər də həmin vətənsizlərin təhqirlərlə eynidir. Deməli bunların ssenarisi bir mərkəzdən yazılıb və həmin ssenari əsasında fəaliyyət göstərmək tapşırılıb. Bundan artıq nəyisi sübut etməyə ehtiyac varmı?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here