Azərbaycanda 33 min nəfər elmi tədqiqatlarla məşğul olur

Hazırda ölkənin müxtəlif universitetləri və elmi təşkilatlarında 33 min nəfər elmi tədqiqatlarla məşğul olur ki, onlardan 11 874 nəfəri fəlsəfə doktoru, 2.495 nəfəri isə elmlər doktorudur.

Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov II Azərbaycan Elm Festivalının açılış mərasimində deyib.

Nazir qeyd edib ki, müstəqillik illərində ölkəmizdə təhsil sistemi sürətlə inkişaf edib. Bunu rəqəmlər daha yaxşı təsdiq edir: “Əgər 1990-cı ildə respublikada 105,1 min tələbə kontingenti ilə cəmi 17 ali təhsil müəssisəsi fəaliyyət göstərirdisə, 2016-cı ildə ali təhsil müəssisələrinin sayı 51-ə, tələbələrin sayı isə 160 minə çatıb. Ali təhsil müəssisələrinə qəbul olunanların sayı 2016-cı ildə 1990-ci ilə nisbətdə 2 dəfədən çox artıb”.

M.Cabbarov qeyd edib ki, 2016-cı ildə qəbul olunmuş “Elm haqqında” qanunda ali təhsil müəssisələri üçün yeni “tədqiqat universiteti” statusu müəyyənləşdirilib: “Bu, ali məktəblərimizin elmi fəaliyyətinin stimullaşdırılması və onların qarşısında qoyulan yeni tələblərlə bağlıdır. Elmi potensialın qorunub saxlanılması və gənc elmi kadrların hazırlanması da dövlətimizin diqqət mərkəzindədir. Bu məqsədlə ölkəmizdə doktorantura təhsilinin keyfiyyətinin artırılması, gənc kadrların xaricdə təhsil alması istiqamətində iş aparılır. Ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunmuş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın son 2 ildə üstünlük ali təhsilin magistratura və doktorantura səviyyələrinə verilib, yalnız 2015-ci ildə seçilmiş 373 təqaüdçüdən 176 nəfər magistratura, 25 nəfər doktorantura, 70 nəfər rezidenturada təhsil almaq hüququ qazanıb. Dünyanın hətta ən inkişaf etmiş ölkələri üçün nadir hadisə sayılan dövlət hesabına gənclərimizin xaricdə təhsili Prezident İlham Əliyevin Azərbaycanın gələcəyi olan gənclərə göstərdiyi qayğının təzahürü kimi yüksək qiymətləndirilməlidir. Bu Proqram ölkəmizdə gənc milli elmi elitanın formalaşdırılmasına güclü təkan verəcək”.

trend.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here