Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlanıb

Azərbaycan İİV-infeksiyasına yoluxma səviyyəsi üzrə aşağı olan ölkələr sırasına daxildir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən dialoq.info-ya verilən xəbərə görə,  epidemiya əsasən yüksək riskli qruplara aid olan əhali təbəqələri, o cümlədən inyeksion narkotik istifadəçiləri arasında yayılmışdır. Belə ki, 2016-cı ilin III rübünün sonuna kimi aşkar olunan İİV-ə yoluxma hallarının 19%-i, 1987-01.04.2016-cı illər ərzində isə aşkar olunan halların 49%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Respublika Səhiyyə Nazirliyinin daim nəzarət və hərtərəfli təminatı sayəsində İİV-infeksiyasının yayılmasını illər boyu məhdud təmərküzləşmiş mərhələdə saxlamaq mümkün olmuşdur.

2016-cı ilin 9 ayı ərzində İİV-ə yeni yoluxma halları 374 təşkil etmişdir. Onlardan 365-ı (98%) Azərbaycan vətəndaşlarında, 9-u (2%) isə əcnəbilərdə aşkarlanmışdır. Qeydiyyata alınmış 365 yerli sakinlərdən 232-i (63,6%) kişi, 133-sı (36,4%) qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə 118 nəfər Azərbaycan vətəndaşlarından olan İİV-li xəstələr keçmiş və İİV-infeksiyasından 43 nəfər Azərbaycan vətəndaşının dünyasını dəyişməsi barədə məlumat daxil olmuşdur.

2016-cı ilin 9 ayı ərzində İİV-ə yoluxması təsdiq olunmuş Azərbaycan vətəndaşları arasında yoluxma yolları aşağıdakı kimi olmuşdur: 72 nəfər (19,7%) parenteral, 228 nəfər (62,5%) heteroseksual, 8 nəfər (2,2%) homoseksual kontakt nəticəsində, 5 nəfər (1,4%) şaquli yolla, 52 nəfərin (14,2%) yoluxma yolu müəyyənləşdirilməkdədir.

Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2016-cı ilin 9 ayının sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-infeksiyası təsdiq olunmuş 5025 İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onlardan 3642-si (73,2%) kişi, 1383-i (26,8%) qadındır. QİÇS mərhələsində olan İİV-lə yaşayan insanların sayı 1360 nəfər, İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı isə 788 nəfər olmuşdur.
Respublika QİÇS-lə Mübarizə Mərkəzində qeydiyyata götürülmüş vətəndaşların 48,8%-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 40,1%-də heteroseksual, 1,8%-də isə homoseksual kontakt nəticəsində, 1,8%-də anadan uşağa keçməklə, 7,5% -də yoluxma yolu müəyyən edilməmişdir.

Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi, əvvəlki illərdə olduğu kimi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən davam etdirilmişdir. Belə ki, 08.11.2006-cı il tarixdən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 3346 İİV-lə yaşayan insan cəlb olunmuş, onlardan 386 nəfərə müalicə 2016-cı ilin ilk 9 ayı ərzində başlanılmışdır.

01.06.2015-ci il tarixdən etibarən, Ailə Məcəlləsinə dəyişikliklərlə əlaqədar, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi cərçivəsində, bu ilin 9 ayı ərzində 114660 şəxs İİV-ə görə müayinəyə cəlb olunmuş və 79 nəfərdə İİV-ə yoluxma faktı təsdiqlənmişdir ki, onlardan da 49 nəfəri yeni aşkar olunan şəxslərdir.

Əvvəlki illərdə olduğu kimi, 2016-ci ilin 9 ayı ərzində Mərkəzin əməkdaşlarının səyi ilə İİV/QİÇS-lə bağlı maarifləndirmə işləri gücləndirilmiş, orta və ali məktəblərdə şagirdlər və tələbələr üçün İİV-infeksiyasının profilaktikasına həsr olunmuş məruzə, seminar və təlimlər genişləndirilmişdir. Bakı şəhərinin Xətai rayon polis şöbəsilə birgə, rayon orta ümumtəhsil məktəblərində silsilə mübarizə və təlimlər təşkil edilmiş, informasiya materialları paylanması mütəmadi şəkildə davam etmişdir. Bu təlimatlandırma narkomaniya İİV-infeksiyası ilə mübarizə təbliğatını məktəblərdə tədris səviyyəsinə qaldırmağa imkan vermişdir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here