RESPONSIVE LEADERBOARD AD AREA
CƏMİYYƏT 2019.10.08 18:20

Azərbaycanda yeni Baş nazir təyinatı müsbət qarşılanıb

267

Bu gün Azərbaycanda Baş nazir vəzifəsinə yeni təyinat olub və bu postu Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Əsədov tutub. Təyinat Milli Məclis tərəfindən təsdiq olunub. Bununla bağlı ictimai-siyasi xadimlərin fikirlərini öyrəndik.

Hikmət Babaoğlu

Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu parlamentin bu gün keçirilən iclasında deyib: “Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunması çox yerində olan bir qərardır. Çünki bu günə qədər Azərbaycan iqtisadiyyatı çox böyük inkişaf yolu keçib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dərin islahatlar aparılır”. Hikmət Babaoğlu bildirib ki, iqtisadiyyatımızın hazırkı mərhələdə inkişafı yeni perspektivlər yaradır. Onun sözlərinə görə, bundan sonra bu perspektivləri realizə etmək üçün qlobal çağırışlar kontekstində və milli iqtisadiyyatımızın çağırışları kontekstində daha dərin islahatların aparılması üçün baş nazirlik institununun fəaliyyətində belə bir aktivliyə ehtiyac vardı ki, Əli Əsədov öz bilik və bacarığı ilə bu işin öhdəsindən layiqincə gələ biləcək. “Çünki Əli Əsədov iqtisadiyyatın nəzəri əsaslarını dərindən bilir”.

Arzuman Abdulkərimov

Hilal təşkilatının sədri Arzuman Abdulkərimov Dialoq.info-ya açıqlamasında bildirib ki, baş nazir təyinatı prezident İlham Əliyevin səlahiyyətində olan məsələdir. “Biz prezidentin seçiminə hörmətlə yanaşırıq və Əli müəllimə yeni vəzifəsində uğurlar arzulayırıq”. O, qeyd edib ki, Əli Əsədov bacarıqlı bir iqtisadçı kimi, təsərrüfatı yaxşı bilən bir kadr kimi tanınır: “Əli Əsədov uzun illər prezidentin iqtisadi məsələlər üzrə köməkçisi olub. Ümummilli lider Heydər Əliyevin vaxtından işləyir və dövlət işlərini, protokolu çox yaxşı bilir. Bundan başqa baş nazir daha çox təsərrüfatı bilən bir şəxs olmalıdır ki, Əli müəllim bu sahədə də öz bacarığı ilə tanınır. Görünür bütün bu amillər də onun təyinatında mühüm rol oynayıb”.

Azər Həsənsoy

Milli Dəyərlərin Təbliği təşkilatının sədri Azər Həsənsoy obrazlı şəkildə ifadə edərək “hər bir ölkənin  lokomotivi iqtisadiyyatdır” deyib. Onun sözlərinə görə müxtəlif sahələrdə inkişaf ilk növbədə iqtisadiyyatın inkişafından asılıdır: “Buna görə düşünürəm ki, baş nazir də iqtisadi sahədə biliyə, ən başlıcası isə təcrübəyə sahib olan şəxs olmalıdır. Əli Əsədov uzun müddət iqtisadi sahədə paraktiki olaraq çalışan və böyük təcrübəsi olan şəxsdir. O baxımdan hesab edirəm ki, Əli müəllimin baş nazır postuna  təyinatı ölkəmiz üçün  faydalı olacaqdır”.

Çingiz Bayramov

Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov bildirib ki, bu təyinat çox müsbət haldır və yeni baş nazir seçimi çox uğurludur. Ç.Bayramov yeni baş nazirin iqtisadçı olmasına diqqət çəkərək ölkəmizin də iqtisadi inkişafa ciddi ehtiyac duyduğunu vurğulayıb: “Əli Əsədov ümummilli lider Heydər Əliyevin, prezident İlham Əliyevin yanında yetişmiş və onlara sadiq olan bir kadrdır. O bir çox sahələri çox gözəl bilir. İnanıram ki, ölkəmizin iqtisadi inkişafının yüksəlməsinə öz töhfəsini verəcək. Mn yeni baş nazirimizə uğurlar arzu edirəm. Bu Azərbaycandakı uğurlu kadr siyasətinin, islahatının göstəricisidir. İslahatların davam edəcəyinə, gənc və yeni kadrlara etimad göstəriləcəyinə də inanıram”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı