Azərbaycanın gələcək inkişaf strategiyası yolunda atılmış mühüm addım

Sentyabrın 14-də Bakıda ölkəmizin neft sənayesi və Azərbaycan iqtisadiyyatı üçün önəmli hadisə baş verdi. Belə ki,  “Əsrin müqaviləsi”nin, “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan imzalanma mərasimi keçirildi. 2050-ci ilə qədər uzadılan bu sazişin strateji və iqtisadi əhəmiyyətini  tanınmış ekspertlər şərh edərək yüksək qiymətləndirdilər. Bu barədə “Hilal” Sosial Araşdırmalar Birliyinin  sədri Arzuman Abdulkərimovun fikirlərini öyrəndik. O dedi:

– Bugünlərdə baş tutan bu möhtəşəm mərasim, əslində, bir daha Azərbaycanın streteji hədəflərinin, güclü perspektivlərinin olmasını dəqiqləşdirdi. Bu gün Azərbaycana iqtisadi imkanlarını dəyərləndirərək  qarşıya qoyduğu gələcək inkişaf strategiyasını həyata keçirmək üçün bu  saziş çox vacib idi. Sazişin müddəaları genişdir. Amma reallıq odur ki, bu addım Azərbaycanın gələcək maliyyə imkanlarının genişləndirilməsi üçün atılmışdır.

QHT sədri bildirdi ki,  əsası 23 il əvvəl qoyulan “Əsrin müqaviləsi” adlanan bu kontrakt, əslində, Azərbaycana uğurlar gətirdi. Kontraktın icrası  uğurla davam edib. Prezident İlham Əliyev sazişin imzalanması mərasimindəki çıxışında qeyd etdi ki,  bu illər ərzində “Azəri-Çıraq-Günəşli”dən 436 milyon ton neft hasil edilmişdir. 1994-cü ildə kontrakt imzalananda təxmin edilən neft ehtiyatları 511 milyon ton müəyyən olunmuşdu.  Dövlət başçısı əminliklə dedi ki,  ehtiyatlar daha da artacaq və bu, onu göstərir ki, hələ də “Azəri-Çıraq-Günəşli”də hasil edilməmiş təxminən 500 milyon ton neft ehtiyatı vardır. Ölkə rəhbəri bunun hələ ilkin hesablamalar olduğunu 1 milyard ton neft ehtiyatının qaldığını əlavə etdi.

A.Abdulkərimov bildirdi ki, “Əsrin müqaviləsi” sayəsində biz neftdən gələn gəlirləri qeyri-neft sektorunun inkişafına yönəltdik. Regionlarımızı xeyli inkişaf etdirə bildik. Yollar çəkildi, infrastruktur bərpa olundu. Rayonlarımız, şəhərlərimiz abadlaşdırıldı.

Ümumiyyətlə,  Azərbaycanın neft strategiyasında ən uğurlu sayıla biləcək addımlardan biri də ölkədə etibarlı  sabitliyin bərqərar olmasıdır. Sabitlik hazırda ölkəmizin ən böyük milli sərvətidir.  Bu gün dünyanın neft ölkələrinin çoxuna nəzər salsaq, kəskin münaqişələr, kütləvi qırğınlar, infrastrukturun dağılması, böyük dövlətlərin maraqlarının toqquşması nəticəsində gərginlik, miqrasiya, terror onların əsas probleminə, sözün həqiqi mənasında, başağrısına çevrilib.

Şükürlər olsun ki, ölkəmiz bu kimi neqativ faktorlardan xeyli uzaqdır. Biz balanslaşdırılmış siyasət nəticəsində, tərəfdaşlarımıza eyni nəzərlərlə baxaraq, qarşılıqlı əməkdaşlığa söykənən siyasət yürütməklə, 23 ildir ki, bölgədə sülhü qoruyub saxlaya bilmiş və Azərbaycanı sabitlik adasına çevirmişik. Halbuki, bizim Qarabağ boyda problemimiz var və Ermənistan torpaqlarımızın 20 faizini işğal etmişdir. Biz həm Qarabağ siyasətimizi xarici siyasətimizin bir hissəsinə çevirmişik, dünyada ermənilərin haqqımızda informasiya manipulyasiyalarına yol verməsinin qarşısını kifayət qədər almışıq, diaspor siyasətimizi gücləndirmişik. Həm də Milli Ordumuzu regionun ən güclüsü səviyyəsinə qaldırmışıq.

Bütün bunların mərkəzində dayanan faktorlardan biri də, heç şübhəsiz ki, “Əsrin müqaviləsi”nin imzalanması ilə düzgün neft strategiyasının qurulması idi. Bu baxımdan, sazişin müddətinin 2050-ci ilə qədər uzadılması Azərbaycanın gələcək iqtisadi yüksəlişində müstəsna əhəmiyyətə malikdir.

“Xalq qəzeti”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here