Bəhruz Quliyev: ““Səs” qəzeti Azərbaycan mətbuatına bir çox önəmli ənənələr gətirib”

“Səs” qəzetinin Baş redaktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyevin SİA-ya müsahibəsi

– Bəhruz müəllim, bu gün “Səs” qəzeti 28 yaşını qeyd edir. Sizcə, “Səs”in yaranması dövrün hansı zərurətlərindən doğub?

– Əlbəttə ki, “Səs” qəzeti müstəqil Azərbaycan mətbuatının qaranquşlarından hesab olunur və bu qəzet ictimai-siyasi mətbu orqanı kimi 1990-cı ilin noyabrında “Əlincə” Xeyriyyə Cəmiyyətinin orqanı olaraq qeydiyyatdan keçib, 1991-ci il yanvarın 11-dən isə dərcinə başlanılıb. Yəni, qəzetin tarixi Azərbaycanın müstəqillik tarixindən bir neçə ay əvvələ təsadüf edir. Qəzetin əsas məramı Ulu Öndər Heydər Əliyevin ideyalarının cəmiyyətə çatdırılması idi və bu amil müqəddəs missiya kimi yerinə yetirilib. Ümumiyyətlə, istər yarandığı vaxtlarda, istərsə də hazırkı dövrdə “Səs” qəzetinin ətrafında Ulu öndəri sevənlər cəmləşib. Həmçinin, bütün zamanlardakı fəaliyyətinə nəzər salarkən, deyərdim ki, qəzetimiz sağlam ideyanın cəmiyyətə çatdırılması missiyasını şərəflə, vicdanla və mərdliklə yerinə yetirib. Qəzetimiz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə gəlməsi, onun ideyalarının cəmiyyətə çatdırılması istiqamətində böyük, hətta deyərdim ki, əvəzolunmaz işlər görüb. Bu, danılmaz faktdır. Həmin dövrlərdə ziyalıların Heydər Əliyevə müraciəti, Ulu Öndərin isə ziyalılara cavabı məhz “Səs” qəzetində dərc olundu və bu addım sonradan ölkənin ictimai- siyasi həyatına köklü dəyişiklərə səbəb oldu. Məhz bu xidmətin nəticəsidir ki, Ulu öndər Heydər Əliyev öz çıxışlarında hər zaman vurğulayardı ki, “Səs” qəzeti onun üçün ən əziz qəzetdir. O, qəzetin xidmətlərini xüsusi qiymətləndirir, əmin olduğunu bildirirdi ki, qəzet daim inkişaf edəcək, modernləşəcək. Onun bu uzaqgörənliyi hazırda reallaşıb və təsdiqini tapıb.

– Bir çox tanınmış jurnalistlər də etiraf edirlər ki, “Səs” qəzeti bir əqidə, mübarizlik məktəbdir, bu fikri necə şərh edərdiniz?

– Tamamilə doğrudur. Bilirsiniz, “Səs” qəzeti həmin qəzetlərdəndir ki, müxalif qəzet kimi fəaliyyətə başlayıb. Yəni müxalifət qəzeti kimi işıq üzü görərək, çətin dövrlərin enişli-yoxuşlu yollarını keçib. Əbəs yerə deyil ki, yarandığı dövrlərdə “Səs” qəzeti dəfələrlə hücumlara, təzyiqlərə məruz qalıb. Hətta redaksiyaya o zamankı iqtidarın silahlı hücumları da olub. Amma qəzet öz yolundan, öz mövqeyindən dönməyib, əksinə olaraq yoluna daha qətiyyətlə, mübarizəylə davam edib. Bu baxımdan, “Səs” qəzeti iqtidara müxalif olub və indiki bəzi müxalifət qəzetlərindən fərqli olaraq, dövlətə, xalqa müxalif mövqedə dayanmayıb. Ona görə də istər müxalifət mətbuatı olduğu zamanlarda, istərsə də iqtidar mətbuatı olduqdan sonra “Səs” Azərbaycan mediasına bir mayak olaraq, hətta müxalif mövqedə olmaqla da xalqa xidmət etməyin ənənəsini yaratdı.

– “Səs” qəzetinin 28 illik ömür yoluna bir nəzər salmanızı xahiş edərdik…

– “Səs” qəzeti yarandığı gündən yenilənməyə meylli olub, daim inkişafda və bu sahədə hər bir dəyişiklikdən, yenilikdən bəhrələnməyə çalışıb. Qəzetimiz hər zaman informasiya məkanının genişlənməsi, informasiya texnologiyalarının tərəqqisi istiqamətində əldə edilən yeniliklərdən maksimum şəkildə faydalanmağa çalışmışdır. Qəzet modernləşərək öz bazasında “Səs” İnformasiya Agentliyini (SİA) və SƏS TV internet televiziyasını yaradıb. Bu bazalar ətrafında bir neçə portal da fəaliyyət göstərir. Bu gün “Səs” İnformasiya Agentliyi dünyanın bir çox tanınmış informasiya agentlikləri ilə əməkdaşlıq edir, informasiya mübadilələri aparır. Lakin biz bununla da kifayətlənmirik və yaxın gələcəkdə əhatə dairəmizin daha da genişlənməsi üçün fəaliyyət planlarımız üzərində işlər aparırıq. Ölkənin regionlarında da müxtəlif layihələr həyata keçirilir. Ümumiyyətlə, “Səs” qəzeti mütəmadi olaraq regionların sosial-iqtisadi inkişafı, problemlər, əldə olunan uğurlarla bağlı dəyirmi masalar təşkil edib. “Səs” qəzetinin redaksiyası hər zaman ictimai fikri maraqlandıran ən aktual məsələlərlə bağlı görkəmli ictimai-siyasi xadimlər, deputatlar və hökumət təmsilçilərinin iştirakı ilə keçirilən müzakirələrin ünvanına çevrilib. Ölkə mətbuatında ilk dəyirmi masaların keçirilməsi təşəbbüsünü də məhz “Səs” qəzeti irəli sürərək, reallaşdırıb.

Beləliklə, “Səs” ictimai-siyasi qəzet kimi üzərinə düşən missiyanı layiqincə yerinə yetirməyə çalışıb. Əminəm ki, bundan sonra da “Səs” qəzeti öz ənənəsinə sadiq qalacaq, özünəməxsusluğunu qoruyub-saxlamaqla, müasir zamanın yeniliklərində öz sözünü deməyi, dövlətçilik uğrunda mübarizəsini, fəaliyyətini davam etdirəcək .

-Qəzetin bazasında inkişaf edən yeniliklərdən danışdınız. Necə fikirləşirsiniz, SİA və SƏS TV internet televiziyası özünü oxucuları və tamaşaçıları qarşısında hansı fəaliyyətləri ilə doğruldub?
İfadə azadlığı şəraitində ölkədə çoxsaylı internet portalının olması sağlam rəqabətə imkan yaradır. Sağlam rəqabətdə SİA-nın da öz dəsti-xətti, öz yeri var. Mən deyə bilmərəm ki, SİA ölkənin aparıcı agentliklərindən biridir. Bu, təkəbbür, yersiz, subyektiv fikir olar. Hesab edirəm ki, SİA və SƏS TV kifayət qədər auditoriyaya sahiblənə bilib, onun öz oxucu və tamaşaçı auditoriyası var. SİA və SƏS TV bu gün müasir tələblərə və mətbuatın qarşısında duran vəzifələrə cavab verir. Bir məqama toxunaraq demək istərdim ki, SİA-da, yaxud da SƏS TV-də günün tələbinə aid hər hansı bir problemə elə həssaslıqla toxunulur ki, sonradan bu amil həm auditoriyamızda, həm də ictimaiyyətdə uzun illər unudulmayacaq hisslər doğurur. Məhz bu nüansın özü də, “Səs” qəzeti məktəbinin bir parçasıdır.

– Bəhruz müəllim, hazırda müasir Azərbaycan mətbuatının ümumi vəziyyətini necə şərh edərdiniz?

– Bu gün Azərbaycanda söz azadlığının təmin olunması, plüralizmin inkişafı istiqamətində dövlət öz üzərinə düşən vəzifəni yerinə yetirir. Bu sahədə qanun qəbul olunub, müasir dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilib. Prezident İlham Əliyev mediaya xüsusi diqqətlə yanaşır. Bunun nəticəsidir ki, Azərbaycan mətbuatının inkişafına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb, Fond ötən dövr ərzində mediaya dəstək verilməsi sahəsində mühüm işlər görüb. Bundan əvvəl 2003-cü ildə Azərbaycan Mətbuat Şurasının yaradılmasını da xüsusi qeyd etmək lazımdır. Söz və mətbuat azadlığının təmin edilməsi dövlət siyasətində prioritet istiqamətlərdən biridir. Sadəcə, bu gün Azərbaycan mətbuatının özündən qaynaqlanan bir sıra problemləri var. Bu problemləri mətbuat özü tədricən aradan qaldırmalıdır və qaldırır da…

Məsələn, reketçilik yazılı mətbuatdan artıq internet portallara keçib, təəssüf ki, bəzi internet media orqanlarında bunu açıq müşahidə edirik. Belə problemlərlə mübarizə aparmağa ehtiyac var idi və ötən ilin son aylarında biz həmin mübarizənin nəticələrini gördük. Reketçiliklə mübarizədə görülən işlər hesab edirəm ki, öz müsbət nəticələrini verməyə başlayıb. Digər tərəfdən, mətbuatımızın dünyaya tam inteqrasiya etdiyini, dünya mətbuatı ilə tam ayaqlaşdığını da söyləmək olmaz, bu sahədə də çatışmazlıqlar var. Əlbəttə ki, zaman-zaman bu çatışmazlıqların da aradan qalxacağı şübhəsizdir. Çünki dövlət də daim mətbuatın inkişafına, jurnalistlərin sosial problemlərinin həllinə çalışır. 2013 və 2017-ci illərdə jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün jurnalistlər mənzillə təmin olundu, növbəti bina da tikilmək üzrədir. Demək istədiyim odur ki, əgər dövlətimiz bu kimi mütərəqqi addımları atırsa, bu addımlar jurnalistlər cameəsində dinamika yaradır, stimul verir. Ancaq biz, əldə edilən uğurlarla kifayətlənməməli, daim öyrənməli, problemlərin aradan qaldırılması istiqamətində mətbuat olaraq daha çox çalışmalıyıq. Məhz bu halda mediamızın daha sürətli inkişafına, tərəqqisinə nail ola bilərik. Düşünürəm ki, biz bu amili öz məsləyimizə kredo olaraq aid etməliyik.

– “Səs” qəzetinin gələcək planları, reallaşdırmağa hesabladığı arzuları nədən ibarətdir?

Əlbəttə ki, gələcəyə inamla addımlamaq üçün, bu istiqamətdə yeniliklərin də zəruriliyinə hər zaman ehtiyac var. Bu baxımdan, bizim də bir sıra layihələrimiz, planlarımız hər zaman olub və olacaqdır. İlk növbədə çalışacağıq ki, ümumi xarakterli problemlərin işıqlandırılması, görülən işlərin zamanında ictimaiyyətə çatdırılması istiqamətində öz yolumuzu davam etdirək. Belə bir deyim var – mətbuat cəmiyyətin güzgüsüdür. Ona görə də hesab edirəm ki, rəhbərlik etdiyim mətbu orqanı ictimai nəzarət funksiyasını yerinə yetirməlidir. Bu barədə cənab Prezident İlham Əliyev də çıxışlarında dəfələrlə vurğulayıb. Hesab edirəm ki, “Səs” qəzeti bu gün ictimai nəzarət funksiyasını da yerinə yetirməyi bacarmalıdır və buna maksimum qaydada çalışır. Bu istiqamətdə yolumuzu davam etdirərək qəzetlə yanaşı, SİA və SƏS TV-nin inkişafını, yeniliklərimizi də oxucu auditoriyamıza təqdim etməyə davam edəcəyik. Fürsətdən istifadə edərək, bütün kollektivimizi qəzetimizin 28-ci ildönümü münasibəti ilə təbrik edirəm, fəaliyyətlərində davamlı uğurlar, səslərinin daim ucadan gəlməsini arzu edirəm.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here