Bakıda “Sabahın alimləri” altıncı respublika müsabiqəsi keçirilir

Fevralın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında “Sabahın alimləri” altıncı respublika müsabiqəsinin açılış mərasimi olub.

Müsabiqədə ümumtəhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlər iştirak edirlər.

Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi-tədqiqat işinə marağı olan istedadlı şagirdlərin aşkara çıxarılması və onların arasından ABŞ-da hər il keçirilən Intel ISEF-Intel Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir.

Açılış mərasimi Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini vurğulayıb.

Müasir dünyada elmin, təhsilin mühüm rolunu xatırladan nazir ölkəmizdə bu sahənin inkişafı istiqamətində reallaşdırılan tədbirlərdən, qazanılan nailiyyətlərdən danışıb.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə Prezident İlham Əliyevin elm, təhsil sahələrinə göstərdiyi diqqət və qayğıdan bəhs edib.

Tədbirdə məlumat verilib ki, “Sabahın alimləri” müsabiqəsində ölkəmizin 13 şəhər və rayonunun ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri 125 elmi layihə ilə iştirak edirlər.

Müsabiqə qalibləri mükafatlandırılacaqlar. Münsiflər heyəti tərəfindən seçilən üç layihənin müəllifi cari ilin mayında ABŞ-da keçiriləcək Intel ISEF müsabiqəsində iştirak imkanı qazanacaq.

AZƏRTAC