Bakıda “Formula 1 həftəsi” başladı

Bakıda “Formula-1″ Azərbaycan Qran Prisininin keçirilməsinə 1 həftədən də az vaxt qaldı. Formal olaraq bu həftəni artıq “Formula 1 həftəsi” də adlandırırlar. “Yeni Müsavat” xəbər verir ki, “Formula -1″ yarışları Bakıda 26-28 aprel tarixlərində keçiriləcək. Artıq yarışları işıqlandırmaq üçün müraciət edən jurnalistlərə təsdiq və ya inkar cavabı gəlib. Bakı Şəhər Halqasından verilən məlumata görə, Formula 1 Azərbaycan Qran Prisini işıqlandırmaq üçün Azərbaycandan 90 nəfər KİV nümayəndəsi akkreditasiyadan keçib. Bildirilib ki, ümumilikdə 150 KİV nümayəndəsi müraciət edib, onlardan 90 nəfəri qeydiyyatdan keçib.

Qeydiyyatdan keçən KİV orqanları arasında 6 televiziya, 2 radio, 8 informasiya agentliyi, 25 xəbər saytı, 11 qəzet və jurnal da var.
Artıq yarışla bağlı trek boyu yollarda beton sədlər quraşdırılıb. Eyni zamanda təhlükəsizlik torları da çəkilib. Bundan əlavə bir yol darlaşdırılsa da, hələ ki hərəkət tamamilə məhdudlaşdırılmayıb. İnsanları ən çox maraqlandıran məsələlərdən biri də, dəyişdirilən marşrut xətləri ilə bağlıdır. Belə ki, Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, yarışla əlaqədar yollarda hərəkətin məhdudlaşdırıldığı günlərdə müntəzəm marşrut xətti üzrə avtobusların fasiləsiz fəaliyyəti təmin olunacaq.

Agentlikdən bildirilib ki, sərnişinlərin rahat və maneəsiz daşınması üçün Bakı şəhər halqası və ona yaxın küçələrdən keçən 17 marşrut xətti üzrə (1, 2, 4, 5, 6, 18, 31, 37, 46, 53, 61, 65, 77, 88, 125, 205, H1) avtobusların hərəkət sxemində dəyişiklik olunacaq. Qeyd olunan marşrut xətləri üzrə avtobuslar alternativ küçələrdən keçməklə hərəkət edəcək.

Müvafiq marşrut xətləri üzrə nəzərdə tutulan dəyişikliklər aprelin 22-dən tətbiq ediləcək və tədbir tam başa çatanadək qüvvədə olacaq.

Azərbaycanda hər il treklə bağlı müxtəlif fikirlər səsləndirilir. Bəzi pilotlar bildirirlər ki, Bakı trekləri yarış üçün çətinlik yaradır. Əsas gətirirlər ki, trekdə düz yollar üstünlük təşkil edir. Bu isə ötmə əməliyyatını həyata keçirməkdə çətinlik yaradır. Eyni zamanda bunun tam əksini düşünənlər də var. Yarışda hər zaman fərqlənən pilotlar isə keçiriləcək yarışlarla bağlı aşağıdakıları bildiriblər.

“Mercedes”in pilotu Lyuis Hemilton Formula 1 Çin Qran-Prisindən sonra deyib ki, ötən iki mövsümdə problemlərinin yaranmasına baxmayaraq, Azərbaycandakı trek əladır:

“Mən orada əvvəlkindən daha yüksək nəticələrə nail olmaq istəyirəm”.

Britaniyalı pilot qeyd edib ki, bolidin sürətinin az olmasına baxmayaraq, ötən il yürüşü qazanmaqda bəxti gətirib: “Mən Valtteri Bottasın və xüsusilə ”Ferrari”nin Bakıda daha sürətli olacağını gözləyirəm”, – deyə o əlavə edib.

Məlumat üçün qeyd edək ki, dünya çempionatının 1000-ci yürüşü olan Çin Qran-Prisində Lyuis Hemilton qalib olub, “Mercedes” komandası isə üçüncü ardıcıl qələbə dublunu əldə edib.

“Mercedes” komandasının pilotu Valtteri Bottas isə söyləyib ki, mövsümün başlanğıcı komandaka üçün ideal olub:

“Şanxay treki bir çox cəhətdən unikaldır, Bakıda isə bizi fərqli yürüş gözləyir. Yarış ərəfəsində bizi nələrin gözlədiyi məlum olacaq”.

“Alfa Romeo”nun pilotu Antonio Covinatsi də Çin Qran-prisindən sonra Bakı haqqında fikirlərini bölüşüb. Pilot deyib: “Planımız baş tutmadı, indi mən artıq Azərbaycanda hər şeyi yenidən başlamaq fürsətini gözləyirəm. Bakı treki ilə məni xoş xatirələr bağlayır. ”Formula-1″ sükanı arxasında Bakı trekində çıxış etmək çox gözəl olardı. Görək, necə alınacaq”.

Məşhur “McLaren”in idman direktoru Jil de Ferran Formula 1 çempionatının Çin Qran-Prisindən sonra bu sözləri deyib:

“Özünəməxsus unikal Çin treki bolidin davranışı barədə daha çox məlumat toplamağa şərait yaratdı. Buna görə də iki həftədən sonra Bakıda daha uğurla çıxış edəcəyimizə ümid bəsləyirik”.

“Ferrari” komandasının rəhbəri Mattia Binotto bildirib ki, zəif cəhətlərimizi aşkar etmək və Bakıya daha güclü qayıtmaq üçün maşını da modernləşdirməyə davam edəcəyik:

“Orada bizi tamamilə fərqli trek gözləyir, biz uik-endə müsbət əhval-ruhiyyə ilə yanaşmalı və mümkün olan hər şeyi etməliyik”.

Sonda onu da qeyd edək ki, ikiqat dünya çempionu Mika Hakkinen ənənəvi şərh sütununda Formula 1 Çin Qran-Prisinin yekunlarını dəyərləndirib və komandasının Bakıda perspektivlərindən bəhs edib. Onun sözlərinə görə, ötənilki yürüşün qalibləri olmuş Fettel və Hemilton yenidən qələbə uğrunda mübarizə aparacaqlar, onların tərəf müqabilləri Lekler və Bottas isə üçün maraqlı yürüş göstərəcəklər”.

“Uzun düz yolda ötmə əməliyyatlarını həyata keçirmək üçün çoxlu yaxşı imkanlar olacaq”.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here