Bakıda gürcü rəssamlarının sərgisi açıldı

Noyabrın 13-də Azərbaycan milli incəsənət Muzeyində gürcü rəssamları – Gürcüstan Rəssamlıq Akademiyasının rektoru akademik Qiya Ququşvili və professor Ketevan Matabellinin fərdi sərgisi açılıb.

Sərgi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Milli İncəsənət Muzeyi tərəfindən təşkil edilib.

Açılış mərasimində mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, muzeyin direktoru, Əməkdar İncəsənət Xadimi, professor Çingiz Fərzəliyev, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov, Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq Yazıçısı Çingiz Abdullayev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və başqaları iştirak ediblər.

Qeyd edilib ki, son illər Azərbaycanla Gürcüstan arasında mədəni əlaqələr xeyli genişlənib. Sərgilərin və digər mədəniyyət tədbirlərinin keçirilməsi artıq ənənəyə çevrilib.

Qiya Ququşvili 1952-ci ildə anadan olub. O, Tbilisi Rəssamlıq Akademiyasında professor Koki Maxaradzenin sinfində təhsil alıb. Gənc rəssamın əsərləri tezliklə respublika və beynəlxalq səviyyəli sərgilərdə uğur qazanıb. Onun Gürcüstanda, ABŞ-da, İsveçrədə, Rusiyada fərdi sərgiləri keçirilib. Q.Ququşvilinin əsərləri şəxsi kolleksiyalarda və dünyanın bir çox muzeylərində saxlanılır. Bakıda təşkil edilən sərgidə rəssamın 26 əsəri təqdim edilib.

Q.Ququşvili Yaponiyanın Osaka şəhərində keçirilmiş beynəlxalq sərgidə qızıl medala layiq görülüb. Gənc istedadların yetişməsində rəssamın böyük əməyi var. O, rektor kimi müxtəlif art-proqramlar tərtib edir, ekspozisiyalar hazırlayır.

Q.Ququşvili incəsənətdə böyük xidmətlərinə görə Gürcüstanın Dövlət mükafatına layiq görülüb.

Ketevan Matabelli də Tbilisi Rəssamlıq Akademiyasında Koki Maxaradzenin sinfində təhsil alıb. O, yaradıcılığının ilk illərindən rəngkarlıqla yanaşı, kitab qrafikası və teatr tərtibatı ilə məşğul olub. Gürcüstan və Şərq miniatür ənənələri rəssamın yaradıcılığında xüsusi yer tutur. K.Matabelli Şota Rustavelli adına Dövlət mükafatına və “Gürcü ruhu” mükafatına layiq görülüb.

Bakıda təşkil edilən sərgidə rəssamın 45 əsəri yer alıb.

Tədbirdə Gürcüstan Rəssamlıq Akademiyanın rektoru, habelə Gürcüstan Milli Muzeyinin direktoru David Lordkipanidze, Gürcüstan Milli Elmlər Akademiyasının müxbir üzvü Valeri Asatiani Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Fəxri doktoru” adı verilməsi haqqında diplomlar, habelə Mədəniyyət və Turizm Nazirliyinin təşəkkürnamələri təqdim olunub.