Bakıda milli geyim dəfiləsi

Bu gün “Sara Xatun” jurnalı və Bakı Milli Geyim Evinin birgə təşkilatçılığı ilə “Ənənədən gələcəyə” adlı milli geyim dəfiləsi keçirilib.

Tədbirə Mədəniyyət və Turizm Nazirliyi dəstək verib.

Bakı Milli Geyim Evinin qurucusu və “Sara Xatun” jurnalının baş redaktoru Könül Vəliyeva dəfilə haqqında danışarkən deyib:

“Bu günkü dəfilimizdə bir müddət fəaliyyətini dayandırmış “Sara Xatun” jurnalının 15 illik xüsusi buraxılışını və saraxatun.com saytının açılışını diqqətə çatdıracağıq. Bu gün Bakı Milli Geyim Evi ilə “Sara Xatun” jurnalı birlikdə Azərbaycanın tanınmış qadınlarını, sənətkarlarını, səfirlərini, millət vəkillərini milli geyimdə təqdim edəcək. Nümayiş olunacaq geyimlər xüsusi olaraq bu dəfilə üçün hazırlanıb.

Biz hər il bu dəfilələri Novruz bayramı ərəfəsində keçirdirdik. Lakin bu dəfə daha geniş konseptdə hazırlandığı üçün bizə 1 il vaxt lazım oldu və işləri ilin sonuna tamamlaya bildik”.

Tədbirdə ölkənin tanınmış simalarından modelyer Fəxriyyə Xələfova, Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev, “Azərbaycanfilm”in rəhbəri Müşfiq Hətəmov, eləcə də “Gündəlik Teleqraf” holdinqin rəhbəri Aynur Camalqızı iştirak edib.

Milli geyimlər jurnalda deputat Jalə Əliyeva, modelyer Fəxriyyə Xələfova, “British Council” təşkilatının Azərbaycan üzrə direktoru, xanım Elizabet Vayt, müğənni Azərin, Alim Qasımovun qızı Fərqanə Qasımova, əməkdar artist Gülzar Qurbanova və digər tanınmış simaların təqdimatında yer alıb.

axar.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here