Bakıda Moldova Ədəbiyyatı Günləri hər iki ölkənin mədəni həyatında əlamətdar hadisədir

Martın 3-də Bakıda Moldova Ədəbiyyatı Günləri çərçivəsində M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında məşhur moldovalı yazıçı İqor Vonitskinin Azərbaycan dilinə tərcümə edilmiş “Mənə ölməyi öyrət” kitabının təqdimatı olub. Tədbirdə Moldova Respublikasının ölkəmizdəki səfiri George Leuka və Moldova Yazıçılar İttifaqının nümayəndə heyəti iştirak ediblər.

Kitabxananın direktoru professor Kərim Tahirov tədbiri açaraq, Bakıda Moldova Ədəbiyyatı Günlərinin keçirilməsinin hər iki ölkənin mədəni həyatında əlamətdar hadisə olduğunu, belə tədbirlərin dost xalqlarımızı daha da yaxınlaşdırdığını qeyd edib. O, Moldova Ədəbiyyatı Günlərinin belə yüksək səviyyədə keçirilməsinə görə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə, Moldova Azərbaycanlıları Konqresinə və Azərbaycan Yazıçılar Birliyinə (AYB) təşəkkürünü bildirib.

AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair Səlim Babullaoğlu vurğulayıb ki, “Mənə ölməyi öyrət” kitabında postsovet məkanı ölkələrinin xalqlarının həyatı əks olunub. O deyib: “Mən bu kitabı oxuduqdan sonra əsərin Azərbaycan dilinə tərcüməsi təşəbbüsü ilə çıxış etməyi qərara aldım. Əminəm ki, bu əsər oxucuların xoşuna gələcək”.

Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov qeyd edib ki, Moldovada Azərbaycan mədəniyyətinə, xüsusən Azərbaycan ədəbiyyatına böyük maraq göstərirlər. Bununla əlaqədar, yaxın gələcəkdə Moldovada Azərbaycan Ədəbiyyatı Günlərinin keçirilməsi planlaşdırılır.

Tədbir müzakirələrlə davam edib.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here