Bakıda “Qadınlar Dayanıqlı İnkişafa Doğru” adlı tədbir keçirilir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 8 mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Qadınlar Dayanıqlı İnkişafa Doğru” adlı tədbir təşkil edib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, “2018-ci ilin yekunları: Dövlət qadın siyasəti” adlı film nümayiş olunub.

Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva dövlətimizin başçısı İlham Əliyevin Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrikini oxuyub.

Sonra Azərbaycan elminin və mədəniyyətinin inkişafında öz sözlərini demiş, eləcə də ictimai-siyasi sahədə mühüm xidmətləri olan bir qrup qadına Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə verilmiş dövlət təltifləri təqdim olunub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib ki, müasir demokratik Azərbaycan dövlətinin yaradıcısı ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş inkişaf strategiyasına uyğun olaraq bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada nəhəng quruculuq işləri aparılır. Artıq ölkəmiz nəinki regionun, dünyanın lider dövlətləri sırasındadır. Azərbaycan son 15 il ərzində sürətlə inkişaf edib. Həyata keçirilən sosial layihələr, bir sıra sosial obyektlərin, texnoparkların açılışı buna əyani sübutdur.

Qeyd olunub ki, qadının ailədə, cəmiyyətdə layiqli yer tutması dövlətimizin əsas məqsədlərindən biridir. Qadın və qızlarımız dövlətin yaratdığı bütün imkanlardan yararlanır, təhsil alır, ictimai-siyasi proseslərdə fəal iştirak edir, yüksək vəzifələr tutur, sahibkarlıq sahəsində geniş təmsil olunurlar.

Tədbirdə, həmçinin əlil qadınların əl işlərindən ibarət satış sərgisi nümayiş etdirilib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here