RESPONSIVE LEADERBOARD AD AREA
BAXIŞ BUCAĞI 2019.09.02 14:02

Bakıda təhsil alan güneyli tələbələrə dəstək vermək lazımdır

49

Universitetlərə qeydiyyat vaxtı yaxınlaşır. Bakıda təhsil alan Güneyli dostlarla yazışıram, gileylidirlər. Özəlliklə məni musiqi, dilçilik və mədəniyyətin digər sahələri ilə bağlı təhsil alanlar maraqlandırır. Azərbaycan universitetləri Güneyliləri xarici tələbə kateqoriyasına salıb minlərlə manat pul tələb edir. Misal üçün Səfiyyəddin Urməvini Azərbaycan musiqiçisi kimi tədris edən Üzeyir Hacıbəyov adına Musiqi Akademiyası Səfiyyəddinin şəhəri Urmudan gələn tələbələrə xarici tələbə deyib ilinə 3000 manat pul istəyir.

İrana qarşı sanksiyalardan sonra İran valyutası dəyərini kəskin şəkildə itirib. Buna görə də artıq tələbələrin bir çoxu təhsil haqqını ödəyə bilməyib təhsili yarı buraxır.

Azərbaycan universitetləri, özəlliklə mədəniyyət, dil və ədəbiyyat sahələrində siyasi sərhədlər yerinə mədəni sərhədlərimizi nəzərə almaları uyğun olar. Bakıdakı universitetlər Güneylilərin musiqi, dil və ədəbiyyatlarını öyrənə biləcəkləri təkcə ocaqdır. Onlar üçün bu yolu daha da rahatlatmaq yerinə, şəraiti çətinləşdirmək yanlış bir yoldur, həmrəylik ruhuna da ziddir. Güneyli tələbələr Bakıda Azərbaycan musiqisi öyrənib qayıdıb təbliğ etsələr bu mədəniyyəti təbliği etmiş olacaqlar. Həm də Güneydəki maraqlı insanlara daha keyfiyyətli şəkildə musiqi, dil vs. öyrətmiş olarlar.

Çətinliklər yaratmaq yerinə, məncə, belə maraqlı tələbələrə dəstək verməkdən çəkinməmək lazım. Bu dəstəyin heç bir siyasi tərəfi də yoxdur. Bu Güneyin varlığı üçün olduqca vacib olan mədəni dəstəkdir. Proqramlı şəkildə Güneydən və başqa ölkələrdən Quzeyə üz tutan istedadlı Azərbaycanlıların mədəniyyətlə bağlı sahələrdə təhsil işlərini rahatlatmaqdan yaxşı diaspora fəaliyyəti olmaz bəlkə də.

Ramin Cabbarlı

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı