BANM-in tələbəsi: “Ən böyük arzum nanotexnologiya sahəsində kəşfə imza atmaqdır”

Bakı Ali Neft Məktəbinin (BANM) ictimaiyyətlə əlaqələr şöbəsinin “BANM-in prezident təqaüdçülərinə 10 sual” layihəsində sualları BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının I kurs tələbəsi Aysu Həmidli cavablandırır.

– Zəhmət olmasa, özünüz haqqında ətraflı məlumat verin.

– Həmidli Aysu Natiq qızı 3 iyul 1999-cu ildə Şəki şəhərində anadan olmuşam. 2005-ci ildə Şəki şəhər liseyində təhsil almağa başlamışam. İkinci sinifdən dördüncü sinfə qədər ibtidai təhsilimi Bakı şəhəri 132 saylı orta məktəbdə almışam. 8-ci sinfə qədər təhsilimi 225 saylı orta məktəbdə davam etdirmişəm. 9-cu sinifdən  etibarən təhsilimi Türkiyə Diyanət Vəqfi Bakı Türk liseyində davam etdirərək 2016-cı ildə liseyi əla qiymətlərlə bitirmişəm. 2007-2012-ci illərdə Bakı şəhəri K.Səfərəliyeva adına 16 saylı musiqi məktəbində skripka ixtisası üzrə təhsil almışam və məktəbi qırmızı diplomla bitirmişəm. 2012-ci ildə Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş musiqi yarışmasında birinci yerə layiq görülmüşəm. Bu il BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına daxil olmuşam. Prezident təqaüdçüsüyəm.

– İmtahan geridə qaldı, indi həmin dövrlə bağlı hansı təəssüratlarınızı bizimlə bölüşə bilərsiniz?

– Ailə üzvlərim və müəllimlərim imtahandan öncə mənə çox böyük mənəvi dəstək oldular. Onların sayəsində  mən imtahana psixoloji olaraq tam hazır idim və heç bir tərəddüd etmədən imtahanı uğurla başa vurdum.

– Nə qədər bal topladınız?

– İmtahandan 685 bal toplamışam.

– Niyə məhz BANM-i seçdiniz?

– Azərbaycanda güclü təhsil verən universitetlərdən biri olduğu üçün və gələcəkdə işlə təmin olunma şansına görə BANM-i seçdim.

– Ailənizin oxumağınızdakı rolu haqqında nə demək istərdiniz?

– Orta məktəbə getdiyim ilk illərdən bəri ailə üzvlərim hər zaman mənə dəstək olublar. Ailəmlə mənim fikir və arzularımın üst-üstə düşməsi mənim nailiyyətlərimə səbəb olub.

– Ən böyük arzunuz nədir?

– Ən böyük arzum nanotexnologiya sahəsində böyük bir kəşfə imza atmaq və Azərbaycanı bu sahə üzrə inkişaf etdirməkdir.

– İxtisasınız haqqında nə demək istərdiniz?

– Proseslərin avtomatlaşdırılması bir çox  sahələrdə tətbiq olunur  və hal-hazırda Azərbaycanda bu sahə üzrə təhsil alan mühəndislərə çox böyük ehtiyac duyulur.

– Hobbiniz nədir?

– Kitab oxumaq , çünki mənim fikrimcə, kitab oxuyaraq insan sadəcə yeni məlumatlar əldə etmir, həmçinin özünü kəşf edir. Skripka çalmaq, çünki musiqidən zövq almağın ən yaxşı yolu mənim üçün budur.

– Başqa hansı maraqlarınız var?

– Ən böyük marağım yapon dilini tam öyrənməkdir və bunu öyrənməkdə məqsədim texnologiya sahəsində en qabaqcıl ölkələrdən biri olan Yaponiyada təhsilimi davam etdirməkdir.

– Hansı janrda kitabları oxuyursunuz?

– Bir çox janrda kitablar oxuyuram, ancaq ən çox üstünlük verdiyim elmi fantastika janrına aid olan kitablardır.