Baş nazir: Gürcüstan və Azərbaycan strateji tərəfdaşdırlar və bu, çox böyük nailiyyətdir

Gürcüstan və Azərbaycan strateji tərəfdaşdırlar və bu, çox böyük nailiyyətdir.

Bunu Gürcüstanın Baş naziri Mamuka Baxtadze Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

Azərbaycanda səfərdə olmaqdan məmnunluğunu bildirən M.Baxtadze “Gürcüstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin sədri kimi dəfələrlə Bakıda olduğunu xatırladıb, paytaxtımızda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat hissi oyatdığını deyib və bunu Azərbaycanın böyük iqtisadi tərəqqisinin göstəricisi kimi qiymətləndirib.

Baş nazir iki ölkə arasında münasibətlərin sürətlə inkişaf etdiyini vurğulayıb:

“Gürcüstan və Azərbaycan strateji tərəfdaşdırlar və bu, çox böyük nailiyyətdir. Bizim üçün xalqlar arasında münasibətlər çox önəmlidir. Bizim üçün, eyni zamanda, mehriban qonşuluq, dost və qardaşlıq əlaqələri çox vacibdir. Bizim əcdadlarımız əlaqələrimizin təməlini çox gözəl qoyublar və bu əlaqələr bunun əsasında artıq sürətlə inkişaf edir. Bizim birlikdə həyata keçirdiyimiz regional layihələr beynəlxalq əməkdaşlıq və region üçün həqiqətən çox faydalıdır. Bizim regional əməkdaşlıq çərçivəsində nəqliyyat, energetika və digər sahələrdə böyük uğurlarımız var. Əlbəttə, potensialımız böyükdür və ümid edirəm ki, ikitərəfli əlaqələr nəticəsində və ikitərəfli layihələr həyata keçirməklə bu potensialı biz daha da yaxşı inkişaf etdirə bilərik”.

O əlavə edib ki, iki ölkə arasında ticarət dövriyyəsi daha da artmaqdadır: “Bu il bu, ola bilsin milyard dollara çatsın, lakin bizim potensialımızın tam istifadəsi demək deyil, daha çox potensialımız mövcuddur. Əminəm ki, ikitərəfli əməkdaşlıq nəticəsində gələn iki il ərzində biz bunu 50-60 faizə qədər artıra bilərik. Sevindirici haldır ki, eyni zamanda, digər sahələrdə, o cümlədən mədəniyyət, incəsənət, idman sahələrində də əməkdaşlığımız səmərəlidir. Sevindirici haldır ki, Azərbaycan turistləri və investorlar Gürcüstanda özlərini çox rahat hiss edirlər. Əminəm ki, biz birgə səylərimiz nəticəsində daha çox böyük məqsədlərimizə nail ola bilərik. Səmimi qəbulunuz üçün təşəkkür edirəm”.

Trend

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here