Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib

Pakistanın paytaxtı İslamabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv dövlətlərin baş prokurorlarının 3-cü görüşü keçirilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 30-dan 31-dək davam edən tədbirdə Azərbaycanı Baş prokurorun müavini Namiq Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Baş prokurorun müavini çıxışında Azərbaycan və Pakistan arasında formalaşmış zəngin tarixə malik və ildən-ilə daha da genişlənməklə dərinləşən ikitərəfli münasibətlərin inkişafı, hər iki dövlət başçılarının siyasi iradələri nəticəsində ölkələrimiz arasındakı münasibətlərin daha da genişləndiyini, ölkəmizin ECO çərçivəsində əməkdaşlığa böyük önəm verdiyini, təşkilatın möhkəmlənməsi istiqamətində müvafiq işlər gördüyünü, bir çox səmərəli təşəbbüslərin müəllifi olduğunu iclas iştirakçılarının diqqətinə çatdıraraq, 2017-ci ilin 6-7 iyun tarixlərində ECO-ya üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumları rəhbərlərinin və ombudsmanlarının Bakıda keçirilmiş üçüncü iclasının əhəmiyyətini xüsusi vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il 10 fevral tarixli sərəncamından sonra ölkəmizdə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verən N.Əsgərov Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası Məcəllələrinə edilən dəyişikliklərin humanist mahiyyəti barədə danışıb.

Daha sonra Azərbaycan nümayəndə heyəti Pakistanın Baş prokuroru AştarAusaf Ali, həmçinin Türkiyə, Qazaxıstan, Özbəkistanın, Tacikistan nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirərək geniş fikir mübadiləsi aparıblar.

Yanvarın 31-də nümayəndə heyətlərinin rəhbərlərini qəbul edən Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn ECO-ya üzv dövlətlərinin prokurorluq orqanları arasında səmərəli əməkdaşlığın transmilli cinayətkarlıqla mübarizə sahəsində zəruriliyini vurğulayıb.

Azərbaycanın Pakistandakı səfirliyinin əməkdaşları tədbirdə yaxından iştirak ediblər.

Tədbirin yekununda İslamabad bəyannaməsi qəbul edilib.

“Report”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here