BDU-nun tələbələri dövlət qulluğuna qəbul qaydaları barədə məlumatlandırılıblar

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin 2017-ci il 11 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının peşə bayramı gününün qeyd edilməsi ilə bağlı tədbirlər planı”na əsasən Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Bakı Dövlət Universitetində (BDU) “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib.

Tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov rəhbərlik etdiyi ali məktəbin fəaliyyətindən danışıb.

Mövzunun əhəmiyyətini vurğulayan rektor tələbələrə tövsiyələrini verib.

DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dövlət qulluğu sahəsində dövlət siyasətinin artıq mərkəz tərəfindən həyata keçirildiyini diqqətə çatdırıb. Qeyd edilib ki, DİM-in üzərinə düşən əsas fəaliyyətlərdən biri də dövlət idarəçiliyi sistemini inkişaf etdirmək, dövlət qulluğuna qəbulu mərkəzləşdirilmiş qaydada, müsabiqə və şəffaflıq əsasında aparmaqdır. Dövlət qulluqçularının sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məsələsinin daim ölkə rəhbərliyinin diqqətində olduğunu vurğulayan sədr bildirib ki, dövlət orqanlarında çalışanların əməkhaqqı sistemi rəqabətqabiliyyətlidir və bununla yanaşı, dövlət qulluqçularının mənzil şəraitinin yaxşılaşdırılması üçün onlara güzəştli ipoteka əldə etmək hüququ verilir.

Tədbirdə “Dövlət qulluğuna qəbulun Azərbaycan modeli” mövzusunda təqdimatla çıxış edən, mərkəzin hüquqi təminat və insan resursları şöbəsinin müdiri Vüqar Əsgərov Azərbaycanda dövlət qulluğuna qəbulun karyeraya əsaslanan sistemə uyğun qurulduğu, dövlət qulluğuna qəbul mexanizmləri, yeni qaydalar, sertifikasiya sistemi və DİM-in dövlət qulluğu siyasəti ilə bağlı funksiyaları barədə məlumat verib.

Mərkəzin ictimaiyyətlə əlaqələr və kargüzarlıq şöbəsinin məsləhətçisi Pərviz Kazımov “Xəyalqurma, həyatın planlaşdırılması və duyğusal inkişaf” mövzusunda təqdimatla çıxış edib. O, gənclərin duyğusal inkişafı, həyatın planlaşdırılması, motivasiya haqqında praktik xarakterli məsləhətlər verib, həmçinin peşə seçimində fərdin arzuları, dəyərləri və motivasiyasının rolunun önəmi diqqətə çatdırılıb.

Sonra suallar cavablandırılıb və iştirakçılara “Dövlət qulluğuna qəbul qaydaları ilə bağlı nələri bilməliyik?” mövzusunda buklet paylanılıb.