Bizim Milliyyətçiliyimiz……

Bəlkə də, bir ifadəni tez-tez işlətmək oxucuları yorur. Amma əsas məsələ ideyanın düzgün təlqin olunması, izah edilməsi olduğundan ifadələrin tez-tez təkrar olunması da hesab edirəm ki, yerinə düşür. Ona görə də, diqqət etdinizsə ötən yazıda da ideyanı məhz “milliyyətçiliyimiz” adlandırmışdım. Yaxşı bəs niyə bizim milliyyətçiliyimiz? Nədir onu belə adlandırmağa səbəb və nədir onun fərqi? Öncə onu qeyd etmək istəyirəm ki, milliyyətçiliyimiz deyərkən, bizim, milliyyətçi ideologiyaya yanaşmamız, onu qəbul və ifadə etmə prinsiplərimiz nəzərdə tutulur. Qeyd edim ki, onsuz da təməl praktiki mexanizması ölkəmizdə və dünyada çox da sağlam olmayan milliyyətçiliyin ( söhbət türk milliyyətçiliyindən gedir) bu qədər fərqli baxışlar tərəfindən müxtəlif qollara, şaxələrə ayrılaraq, başqa-başqa cəbhələr halında fəaliyyəti, mübarizəsi, ideologiyanın düzgün ifadə olunması, düzgün dəyərləndirilməsi və gələcəyi baxımından heç də yaxşı hal deyil. Çünki, mövcud durumda milliyyətçilərin (bütün dünyada) coğrafi, siyasi, kültür və mədəni mənsubiyyətləri, inancları bir sözlə sahib olduqları fərqlilikləri, uğrunda mübarizə apardıqları türkçülük, milliyyətçilik ideologiyasını müxtəlif istiqamətlərə bölməklə yanaşı, bu işin əsl qayəsinə kölgə salır və milliyyətçiliyə qarşı münasibətlər çox zaman birmənalı olmur. Bütün bunlar əsas verir ki, bu mövzunu yenidən təhlil edib, ideologiyaya daha dərindən, daha fəlsəfi yanaşaq.

Əgər tarixdə “türklərin böyük köçü” adlanan hadisələr olmasaydı, qədim türklər də digər oturaq tayfalar kimi daimi ərazidə məskunlaşıb öz oturaq mədəniyyətlərini formalaşdırdaydılar bəlkə də bugün biz türkçülərin milli-ideoloji konsepsiyamız, fəaliyyətimiz tamamilə başqa məcrada təşəkkül tapacaq və inkşaf edəcəkdi. Ancaq, nə var ki, tarixin gərdişi belə olmadı. İstər təbii, istər tarixi, istərsə də siyasi amillər əcdadlarımızın bir qisminin qədim ötükən yurdlarından, bozqır səhralarından daha əlverişli coğrafi regionlara köç etməsinə və zaman keçdikcə yuxarıda qeyd etdiyim fərqlilikləri mənimsəməsinə səbəb olmuşdur. İndi belə bir sual meydana çıxır: doğurdan mı, Mərkəzi Asiyadakı türklərin milliyyətçiliyi, Qafqazdakı türklərin milliyyətçiliyindən, Qafqaz türkününkü, Anadolu türklərininkindən, o da Avropada yaşayan soydaşlarımızın milliyyətçiliyindən fərqlənirsə və yaxud da tengriçi, müsəlman və xristian türklər hər üçü türkçülük davasın aparır ancaq bir-birini nəinki qəbul etmir hətta bir-birinə düşmən münasibət bəsləyirsə burada sizcə də bir ziddiyyət, bir uyğunsuzluq, bir məntiq xətası yoxdur mu? Deyəcəksiniz ki, əlbəttə yoxdur. Fərqli mənsubiyyətlərin bir ideologiyaya yanaşması təbii ki, eyni ola bilməz. Razılaşardım sizinlə əgər burada müzakirə mövzusu olan faktor türkçülük (milliyyətçilik) olmasaydı. Çünki, mən bir türkəm. Mənsub olduğum milləti, irqi bəzi digər faşist əsaslı, xəstə millətçi ideologiyalarda olduğu kimi dünyanın ən “ali”, “seçilmiş”, bütün digər millətlərdən “üstün yaradılmış” irqi hesab etməsəm də, fəqət təbii olaraq öz milli mənsubiyyətimə qarşı həssasam və türk millətinin bugün dünyada bütün sahələrdə gəldiyi nöqtə məni qane etmir. Bu məqamda yazının əvvəlində qeyd etdiyim “bizim milliyyətçiliyimiz” anlayışına diqqət çəkmək istəyirəm. Əslində burada yeni bir şey yoxdur. Biz günümüzdə aktiv olan milliyyətçi hərəkatlardakı boşluqları görür, səbəblərini təhlil edir və müəyyən nəticələrə gəlirik. Təkcə yaşadığımız coğrafiyada ideologiyanın tarixinə nəzər salsaq burada milliyyətçilik dalğasının zaman-zaman qırılan xətlərini görə bilərik. Çar əsarətinin son zamanlarında meydana çıxan milli şüur, milli ideologiya, milli oyanış prosesi, şərqdə ilk demokratik cumhuriyyətimizin yaranmasıyla zirvəsinə çatdısa da, rus imperializminin bir sonrakı həmləsində məharətlə boğuldu və o dövrün repressiya prosesi ilə də birdəfəlik susduruldu. Ara-sıra qalxan kiçik qığılcımları nəzərə almasaq bu dönəm ölkədə milliyyətçilik yox dərəcəsində idi. Və daha sonra qalxan milli oyanış prosesi ilə yenidən aktivləşən milliyyətçi dalğa isə bu səfər tamam başqa abu-havada köklənmişdi. Əvvəla, qonşu dövlətlə gedən milli-etnik həmçinin ərazi münaqişəmiz və milliyyətçilik sahəsində  təcrübəmizin olmaması bizə məsələnin məğzini tam olaraq mənimsəməyə mane olurdu. Yalnız çox az bir ziyalı qisim idelogiyanın mahiyyətinə varacaq qədər dərindən araşdırır, öyrənir və nəticə çıxarırdı. Yerdə qalan böyük əksəriyyət isə sadəcə milliyyətçiliyin havasında idi. Və bunun da acı nəticələrinin izləri bugün belə görsənməkdədir.

Bəs nədir milliyyətçiliyin mahiyyətinə varmaq, məğzini anlamaq? Milliyyətçiliyi hər hansı ayrı-ayrı şəxslər və ya topluluqlar şablon əsaslarla öz düşüncəsi, dünyagörüşü və maraqlarına uyğun olaraq dəyərləndirə, təbliğ edə bilməz! Milliyyətçilik bu torpağın insanının hava və su kimi ehtiyacı olduğu bir ideologiyadır. Biz, milliyyətçilik deyərkən təkcə etnik milliyyətçiliyi deyil həm də vətəndaş və demokratik milliyyətçiliyi nəzərdə tuturuq. Burada söhbət geniş, əsaslı bir proseslə yanaşı həm də öyrənilməsi zaman və əhatəli araşdırmalar tələb edən dərin bir ideologiyadan gedir. Bizim insanımıza kommunizm lazım deyildi amma bunu bizə zorla qəbul etdirmək istəyirdilər. Bu proses öz ağır nəticələrini dünən olduğu kimi bugün də göstərir əlbəttə. Lakin, tarix də göstərir ki, əhalinin milli hissiyyatına yaxın olmayan heç bir ideologiya sona qədər davam gətirə bilməz. Hətta bu təzyiq on illərlə davam etsə belə. Nə qədər uzun müddət keçsə də insanımız yenidən öz soykökünə, milli inancına, milli dəyərlərinə yönəlir və yalnız bu yolda öz tərəqqisini mümkün hesab edir. Amma bu yönəlmə başı pozuq və kortəbii halda, şüarlar, təlqinlərlə deyil, sistemli, həssas qaydada olmalıdır. Onu mənimsəmək üçün M.K.Atatürk, Əli bəy Hüseynzadə, Ziya Göyalp, Əhməd bəy Ağaoğlu, H.N.Atsız, M.Ə.Rəsulzadə, Ə.Elçibəy kimi mütəfəkkirlərlə ən azı tanış olmalı, onların əsərləri, fikirlərini araşdırmalı, öyrənməli, mənimsəməli və bu prosesdən çıxardığımız nəticələrlə milliyyətçi düşüncə və təfəkkürümüzü inkşaf etdirməli və ideologiyamızı peşəkar formada təbliğ etməliyik. Bu iş,təkcə fərdi təşəbbüs və cəhdlərlə deyil, eyni zamanda toplu, qrup və təşkilati qaydada aparılmalıdır. Ölkəmizdə və digər ölkələrdə fəaliyyət göstərən milliyyətçi təşkilat, cəmiyyət, qruplar və qurumlar bu prosesdə səy göstərməlidirlər. Yuxarıda adlarını qeyd etdiyim mütəfəkkirlərin ideologiyaya yanaşma və prinsipləri artıq milliyyətçiliyimizin təməl, fəlsəfi əsasıdır. Bunlarsız milliyyətçiliyi təşkil və təsəvvür etmək mümkün deyil. Bunlardan kənarda müasir türkçülük yoxdur. Milliyyətçilik şüarlarla, şablon düşüncə və nəzəriyyələrlə deyil, məhz qeyd etdiyim milliyyətçiliyə dərin, fəlsəfi yanaşma ilə yaşayacaq və insanlarımızı aydınladacaq. Çünki, fəlsəfi yanaşmadan kənar qalan bir ideologiya çürük olduğu kimi, arxasınca gələn toplumu da nəinki irəliyə aparacaq, aydınlığa çıxaracaq əksinə əbədi bir qaranlığa məhkum edəcək…

Bəhrəm Allahverdiyev

filoloq

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here