Mən Necə Millətçi Oldum? ( 90-ların uşaqlarıyıq biz)

Mən Necə Millətçi Oldum? ( 90-ların uşaqlarıyıq biz)

Həyata gələrkən çox şeyi özümüz seçmirik . Dilimiz,dinimiz,irqimiz,millətimiz kimi. Özün seçmədiyin, zəhmətinlə qazanmadığın sadəcə tanrının sənə uyğun gördüyü nəsnələrə görə necə qürur duya,fəxr edə, onları başqalarınınkından ayıra,üstün tuta və ya əksinə başqalarına kin bəsləyə bilərsən deyirlər bəzən . Baxırsan ki,yanlış da demirlər amma hər şeyin bir səbəbi var əlbəttə. Bizim də səbəblərimiz və olduğumuz yerə bizi addım-addım gətirən yolumuz var. Biz bir gündə sevmədik özümüzü,millətimizi bu qədər,bir gündə nifrət etmədik düşmənlərimizə. Ata yurdunun,baba məzarının həsrətini,bu həsrətin hərarətini qəlbimizdə duyduqca baş qaldırdı bu alov köksümüzdə.

Belə gördük,belə tərbiyə aldıq,belə böyüdük. Həyat bizə çox şey öyrətdi . İllər,aylar,günlər bizə çox şey öyrətdi. Hər il 31 martı,26 fevralı,20 yanvarı,8 mayı öncə bilmədən,dərk eləmədən,anlamadan sonralar isə böyüklərimizdən dinlədiyimiz əhvalatlar,xatirələr,məktəbdə müəllimlərimizin belə günlərdə sadaladığı statistikalar və kitablarda yazılan, o dövrün ağrılı-acılı müharibə günlərindən bəhs edən, fəryad,nalə,işgəncə,qisas,nifrət,kin dolu xatirələr, belə günlərdə göstərilən təsirli filmlər ,o fəryadların,o işgəncələrin canlı şahidləri və iştirakçılarından dinlədiyimiz acı və kədər dolu faktlarla dərk etdik,bildik,anladıq.Hər il təkrar-təkrar yaşadıq o tarixləri.( maraqlıdır görəsən indi bizə beynəlmiləlçilik nağılları danışıb,barış və dostluq nəğmələri oxuyanlar görməyib mi,eşitməyib mi bunları?!) Bu nisgili,bu fəryadı,bu nifrəti,kini ürəyimizə silinməz boyalarla yazmağı borc bildik özümüzə. Onlara nifrət etdikcə özümüzü sevdik, özümüzü sevdikcə “biz”i tapmağa çalışdıq.Bunun üçün birliyə can atdıq,can atdıqca həqiqətləri öyrəndik. Əslimizi,kökümüzü bildik.

Bəli, illər çox şeyi dəyşdi..Bu illər ərzində əlbəttə biz də dəyişdik.Müxtəlif elmlər,fikirlər,ideologiyalarla tanış olduq. Xoşumuza gələnlər,maraqlarımıza uyğun olanlar da oldu amma heç birinə yaxın getmədik. Çünki,hələ qan axırdı torpağımızdan . Çünki hələ qurumamışdı şəhidlərin qanı,anaların gözyaşları. Nəinki qurumamışdı hətta durmadan qan,gözyaşı axır bu torpaqlarda hələ də . Tez-tez xəyallar qurur,yuxular görürəm. Yuxularımda doğma yurdumuza gedir,babamın məzarını ziyarət edib,gəlirəm. Həqiqətdə mən heç vaxt bu məzarı görməmişəm amma yuxu və xəyallar həmişə məni onun yanına çəkir. Fikirdən dəli olmaq həddinə gəlirəm bəzən . Bu sadə,cismani bir düşmənçilik və həsrət deyil axı. Ruhum.Ruhum həsrətdir mənim həqiqətə.. Bu həqiqət axtarışı yollarında qanımızda vətən və millət sevgisi tüğyan etdi illərcə. Bu sevgi bizi bir addım da yaxınlaşdırır həqiqətə. Biz bəziləri kimi,siyasət yollarında deyil,həqiqət və hürriyyət yollarında millətçi olduq,millətimizi,milliyyətimizi sevdik və sevirik. Və bu sevginin səbəbindəndir ki,yorulmuruq,bezmirik.Yolumuzdan bir zərrə qədər belə dönmürük mübarizə meydanında. Bu meydan,bəzi zamanlar qələmimizin mürəkkəbinin axdığı kağızlar,bəzi zamanlar yoldaşlarımızın müqəddəs şəhid qanlarının axdığı torpaqlar olur. Bəli,nə qanın sonu gəlir,nə gözyaşının,nə işgəncənin,nə fəryadın,kinin,nifrətin, heç birinin sonu gəlmir. Buna görədir ki, nə ayrılıq bitdi , nə həsrət , nə silahlardan atılan mərmilər . Buna görə sevgilər,mübarizələr də bitmədi. Kağızlara həqiqətləri nəqş edən mürəkkəblər də.

90-ların uşaqlarıyıq biz. Belə keçib bizim uşaqlığımız. Hər nəyin yoxluğunu desəniz görmüşük. Hər nəsiz desəniz qalarıq amma təkcə nifrətsiz,düşmənsiz,ümidsiz,sevgisiz və dostsuz qala bilmərik. Bəzilərinin hələ də səbəbini anlamadığı amma bizim üzərimizə müqəddəs vəzifə olan nifrətlər və sevgilərdən gedir söhbət.

Bəhrəm Bəhrəmli … (torpağa,vətənə,millətə sevgi,düşmənə amansız,barışmaz və inadkar nifrətlə )